Azərbaycan düşmənləri Yerevanda toplaşdılar

5 Noyabr 2013 11:57
24 sentyabr 2013-cü ildə "TMR-in lideri" olmuş Ələkrəm Hümmətov oğlu Tural Hümmətov ilə birlikdə İrəvan Dövlət Universitetinin (İDU) iranşünaslıq fakültəsinin müdiri, Azərbaycan əleyhinə təbliğat aparan və respublika ərazisində yaşayan xalqlar arasında milli ədavətin qızışdırılmasına xidmət edən "Tolışistoni sədo" radiostansiyasının yaradıcısı, Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqəli olan Qarnik Asatryanın dəvətilə həmin dövlətə 4 günlük səfər edib. İDU-nun iranşünaslıq kafedrasında "talışşünaslıq" üzrə magistr proqramının açılış mərasimində iştirak etmiş Ə.Hümmətov tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı, "TMR-in prezidenti" kimi təqdim olundu və zalda sözügedən qondarma qurumun himni səsləndirildi. Orada iştirak edən BBC müxbirinin "TMR liderinə" Azərbaycan dilində sual vermə cəhdi sonuncu tərəfindən rədd edilib.

26 sentyabr 2013-cü ildə isə onun Xankəndidə "parlament sədri" Aşot Qulyanla görüşü olub.

Ermənistan və Dağlıq Qarabağda keçirilmiş görüşləri zamanı Ə.Hümmətov sədri olduğu "Talış Milli Hərəkatı"nın məqsədinin talış xalqının milli dövlətinin qurulmasından ibarət olduğu, talış mədəniyyətinin Azərbaycanda təqib edilməsi və s. kimi fikirlər səsləndirib. Eyni zamanda, o, "Tolışistoni sədo" radiostansiyasının fəaliyyətini təqdirəlayiq hesab edib və Azərbaycanın dövlət quruluşunun konfederasiya olmasını məqsədəuyğun olduğunu bildirib.

Ermənistanda olarkən regnum.ru saytına verdiyi müsahibəsində Ə.Hümmətov Azərbaycan ordusunun tərkibində ermənilərə qarşı döyüşlərdə iştirak etməsini səhv addım kimi qiymətləndirib və talışların müqəddəratlarının yalnız Azərbaycanın ərazi bütövlüyünün pozulması yolu ilə həll edilməsi mümkünlüyünü bəyan edib. Bu düşüncələri ilə Ə.Hümmətov faktiki olaraq respublikanın ərazi bütövlüyünü şübhə altına alıb. Bununla, o, talışları Azərbaycan tərəfində döyüşlərdə iştirak etməməyə çağırıb, ermənilərin Dağlıq Qarabağın müstəqilliyi uğrunda apardıqları mübarizəyə və Azərbaycanın 20% torpaqlarını işğal etmələrinə de-fakto bəraət qazandırıb.

Qondarma prezident həmçinin 2014-cü ildə oğlu və gəlininin İDU-nun iranşünaslıq fakültəsində talışşünaslıq ixtisası üzrə təhsil almaq məqsədilə Ermənistana gedəcəklərini açıqlayıb.

Xaricdə fəaliyyət göstərən talış separatçıları arasında gedən proseslərin təhlili, Ə.Hümmətovun Ermənistana səfərinin separatçı "liderlər" Fəxrəddin Abbasov və Kahin Əbilov tərəfindən təşkil olunmasına dəlalət edir. Belə ki, 90-cı illərin sonlarından başlayaraq, F.Abbasovun ermənilərlə sıx əlaqələri müşahidə olunmaqdadır və Ə.Hümmətovun Ermənistanda səsləndirdiyi fikirlər F.Abbasovun illər boyu düşməncəsinə Azərbaycana qarşı apardığı təbliğatın eynilə təkrarıdır.

RF-də fəaliyyət göstərən "Talış Diaspora Təşkilatı"nın sədri İsmayıl Şabanov, "Azəri-Talış Birliyi"nin sədri Mehdibəy Səfərov, Elman Ağayev və Zülfüqar Mikayılzadə başda olmaqla respublikanın cənub bölgəsindən olan bir çox talış mənşəli dindar onun bu addımını qəti şəkildə pisləyiblər. Facebook sosial şəbəkəsində yaradılan "Əmə toloşonimon" qrupunda müxtəlif niklər altında çıxış edən şəxslər isə bu rüsvayçılığı ört-basdır etmək üçün səfəri AR hökuməti tərəfindən talışların nüfuzdan salınması məqsədilə təşkil olunan provokasiya kimi qiymətləndiriblər.