Vatikan nunsisinin iqamətgahının Tbilisidən Bakıya köçürülməsi təklif edildi

4 Noyabr 2013 17:40
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Müqəddəs Taxt-Tacın (Vatikan) nunsisinin iqamətgahının Tbilisidən Bakıya köçürülməsini təklif edib.

Trend-in məlumatına görə, A.Paşazadə bu təklifini Bakıda səfərdə olan Roma Papasının nümayəndəsi, Vatikanın mədəniyyət naziri kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirib: "Biz istəyirik ki, Müqəddəs Taxt-Tacın nunsisinin iqamətgahı Tbilisidən Bakıya köçürülsün. Bu iqamətgah Bakıda yerləşsə, daha yaxşı olar".

A.Paşazadə gələcəkdə də Katolik kilsəsi ilə Azərbaycanın münasibətlərinin uğurla davam edəcəyinə əminliyini bildirib.

O xüsusilə Heydər Əliyev Fondu və Vatikan arasında mədəni əlaqələrin inkişafından, oradakı əlyazmaların Azərbaycana qaytarılması və görülən digər işləri buna misal çəkib:

"Azərbaycanda bütün dinlərə münasibət yüksək səviyyədədir. Bu, belə də davam edəcək. QMİ-nin də Vatikanla birbaşa əlaqələri var və bu, yüksək formada davam edir. Biz məzhəblərarası, dinlərarası dialoqa çox yüksək qiymət veririk".

Şeyxülislam deyib ki, Vatikan Azərbaycanın ərazi bütövlüyünün tanınmasına xüsusi önəm verir. O, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə dağıdılan məscidlər, kilsələr və digər dini məbədləri də xatırladıb: "Vatikan bu məsələdə bizim yanımızdadır və buna görə Papaya minnətdarlığımızı bildiririk".

Şeyx dinlərarası bütün görüşlərdə iştirak etməyə hazır olduğunu bildirib. O, Azərbaycanın da dinlərarası, mədəniyyətlərarası dialoqda fəal olduğunu xatırladıb.

Milli.Az