HP bazara yeni brend çıxardı

4 Noyabr 2013 23:12
ABŞ-ın Hewlett-Packard (HP) kompüter istehsalçısı 2002-ci ildə satın aldığı Compaq şirkətinin eyniadlı brendini bazara qaytarıb.

Bu əmtəə nişanı ilə bir vaxtlar satışdan çıxarılan noutbuklar istehsal olunub, lakin indi Çin bazarında satılan ucuz planşet kompüterlər bu brendlə təqdim edilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, təqdim olunan Compaq 7, Compaq 7+ və Compaq 8 modelləri dördnüvəli Allwinner A31S prosessoru və Android 4.2 əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Qurğular həmçinin 8 və ya 16 giqabaytlıq quraşdırılmış və 1 giqabaytlıq operativ yaddaşla təchiz olunub.

Bundan başqa, Compaq 7 və Compaq 7+ planşetləri 1024x600 piksel təsvir ölçülü 7 düymlük displeyə malikdir. Ekranlar matrisaları ilə fərqlənir, belə ki, Compaq 7-də TN texnologiyasından, digərində daha təkmil IPS-dən istifadə edilib.

Compaq 8 modelinin ekran ölçüsü 1024x768 piksel təsvir ölçüsü ilə 7,85 düym təşkil edir. Yeni qurğuların digər funksiyaları barədə məlumat verilmir.

HP Compaq markalı planşetlər Çin bazarında 990 yuana (təxminən 165 dollar) satılacaq. Qurğuların Çindən kənarda satılması məlum deyil.

Milli.Az