Ən etibarlı avtomobil markaları hansılardır? - REYTİNQ

3 Noyabr 2013 11:00
Lexus, Toyota və Acura markalarının modelləri yeni avtomobillərin arasında ən etibarlı hesab ediliblər. Bu məlumat bazarlarda təklif edilən malların keyfiyyətini araşdıran Amerikanın Consumer Reports dərgisinin illik hesabatında qeyd edilib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, ümumilikdə 31 avtoistehsalçının məhsulları təhlil edilib. Əvvəlki illərdə olduğu kimi reytinqdə birinci yerləri yapon markaları tutub. Bununla belə, 2013-cü ilin nəticəsinə görə ilk dəfə Avropa avtomobilləri liderlər sırasına yüksələ bilib. Söhbət dördüncü yeri tutmuş Audi markası haqqında gedir. Xüsusilə Audi A6, Audi Q7 və Allroad universal modelləri fərqlənib və "ortadan xeyli yuxarı" etibarlılıq reytinqi qazanıblar.

Audi-dən başqa, qeyri-yapon markalardan on lider sırasına həmçinin yeddinci yeri tutmuş Volvo və doqquzuncu yeri tutmuş GMC avtomobilləri də düşüb. TOP-10 siyahısında qalan yerlər gündoğar ölkə nümayəndələrinə çatıb. Bunlar Mazda (5-ci yer), Infiniti (6-cı yer), Honda (8-ci yer) və Subaru (10-cu yer) markalarıdır. 22-ci yeri tutmuş Nissan markası ümumi qaydadan tək istisna olub.

Ekspertlər qeyd edirlər ki, bu il avtomobillərin alıcılar tərəfindən qınamalara səbəb olmuş əsas problemlərindən biri elektronika olub Müştərilər ən çox sensor ekranla multimedia komplekslərinin işindən şikayət ediblər.

Milli.Az