Oğrular Adobe-u hörmətdən saldılar

9 Noyabr 2013 11:49
Hakerlər Adobe Systems şirkətinin 38 milyon istifadəçisinin məlumatlarını oğurlayıb. Oğurlanan məlumatlar əsasən Adobe Acrobat, ColdFusion, ColdFusion Builder məhsulları istifadəçilərinə aiddir. Bundan başqa, hakerlər Adobeun bəzi proqramlarının çıxış kodlarını da əldə etməyə nail olublar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkət nümayəndəsi Bred Arkin hakerlərin istifadəçi səhifələrinin login və parollarını, eləcə də onların şifrlənmiş bank kartları məlumatlarını oğurladığını bildirərək müdaxilə edənlərin bu məlumatların şifrini aça biləcəklərinə inanmadığını əlavə edib.

Şirkət bütün istifadəçilərə səhifələrinin parollarını dəyişməyi məsləhət görüb. Adobeun mətbuat katibi Hizer Edel qeyd edib ki, müdaxilənin nəticələrinin aradan qaldırılması üçün şirkət tərəfdaşlar və hüquq-mühafizə orqanları ilə birlikdə çalışır.

Haker müdaxiləsi ilə bağlı ilk məlumat oktyabrın 3-də yayılıb. O zaman 2,9 milyon faylın oğurlanması bildirilib.

Milli.Az