Gəncənin qəribə və maraqlı evləri - FOTO

27 Oktyabr 2013 17:56

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə yalnız tarixi abidələri və füsunkar gözəlliyi ilə deyil, həm də qəribə evləri ilə də məşhurdur desək, bəlkə də yanılmarıq. "Butulkalı ev", "çaynik ev", xalq arasında "ilan-qurbağa ev" deyə adlandırılan bu tikililər barədə bu materialda tanış olmaq imkanınız var...

Ev bizim, sirr bizim deyib atalar. Ancaq elə evlər var ki, onların sirri-sorağı yerləşdiyi ərazidən uzaqlara da gedib çıxır. Qəribə və maraqlı evlər... Onlar dünyanın hər yerində mövcuddur. Gəncədə də bir sıra evlər var ki, görünüşü ilə digərlərindən fərqlənir. Məsələn, "çaynikli ev".

Adətən çaynikdən çay dəmləmək üçün istifadə edirik. Ancaq, sən demə, çaynikdən ev tikənlər də var. "Çaynikli ev" şəhər mərkəzindən kənarda yerləşdiyi üçün bir çoxları bu ev haqqında məlumatsızdır.

Çaynik, kasa, gülab qabı, boşqabdan istifadə edilərək tikilən bu ev böyük zəhmət və səbrin bəhrəsidir. Bu qabların hər biri xüsusi nizamla düzülüb və içlərinə sementlə qum qarışığı əlavə edilib. Ancaq təəssüf ki, ev hazırda baxımsız və bərbad vəziyyətdədir. Ev sahibindən bu marağın və həvəsin necə yaranmasını öyrənmək istədikdə məlum oldu ki, evin hazırki sakinləri bura sonradan köçənlərdir.

Ev sahibi Təranə Ələsgərova: "12 il əvvəl almışıq bu evi. Alanda da belə idi. Ev sahibi zavodda işləyib. Qohumlarla birgə düzəldib. Xaricilər də, şəhər əhalisi də gəlir. Gələnlər maraqlanır, hamısı bəyənir".

Adını eşidib, özünü görmədiyimiz "çaynikli ev"lə tanışlıq maraqlı idi. Ancaq onun tarixçəsini bilmək daha maraqlı gəldi. Elə bunun üçün də evin əvvəlki sahibini axtarmaq qərarına gəldik. Məlum oldu ki, evi satan şəxs ölkədə yaşamır. Bunu həmin şəxsin bacısı Zemfira Əliyevadan öyrəndik. O bildirdi ki, ev atası Əli Əliyev tərəfindən 30 il bundan öncə tikilib. 12 uşaq atası olan Əli bəy həyat yoldaşı vəfat etdikdən sonra yenidən ailə qurub və işlədiyi Çini qablar zavodundakı istifadəyə yararsız qablardan ev tikərək orada yaşamağa başlayıb.

Evi tikən şəxsin qızı Zemfira Əliyeva: "Hamısını özü düzəldib. Evimizin yanında zavod var idi - Çini qablar zavodu. Mən və balaca qardaşlarım zavoddakı qırıq, yararsız qabları daşıyıb gətirirdik. Deyirdik ki, bu lazımsızdı, niyə bu qədər əziyyət çəkirsən? Qabları çuvallarla gətirib həyətə yığırdı. Evi tikməyə başlayanda gördük ki, bir-bir bu qablardan istifadə edir".

Zemfira Əliyeva bildirir ki, atası min bir zəhmətlə ərsəyə gətirdiyi bu evə xüsusi diqqət yetirirdi. Hər zaman deyirmiş ki, vaxt gələcək, bu ev nümunəvi olacaq. Ancaq o, dünyadan köçdükdən sonra ev baxımsız qalıb. Əbəs yerə deməyiblər, "zər qədrini zərgər bilər..."

Evi tikən şəxsin qızı Zemfira Əliyeva: "Atam 1985-86-cı illərdən 1993-cü ilə qədər bu evdə yaşayıb. Yəni rəhmətə gedənə kimi. Evi həmişə qoruyurdu. Analığım su ilə yuyub, quruluyub təmizləyirdi həmin qabları. Heç kim toxunmurdu evə. Amma özü rəhmətə gedəndən sonra daş atırdılar, ona görə də qırılıb".

Gəncədə olan maraqlı evlərdən biri də "ilan-qurbağa" adlandırılan evdir. "İlan-qurbağa" ona görə adlandırıblar ki, vaxtı ilə bu evin eyvanında ilan, qurbağa, əjdaha kimi heykəllər olub.

Girəcəyi məscidlə başlayan bu evin eyvanında hələ də müxtəlif heykəllər var. Ancaq indi onların sayı əvvəlkindən azdır. 80 yaşlı ev sahibi Səmayə Babayeva bildirir ki, heykəllərdən bir çoxunun rəngi solduğundan onları eyvandan götürüb. Ancaq səhhəti imkan verən kimi onları yenidən bərpa edib yerinə qaytaracaq. Qeyd edək ki, Səmayə xanım ixtisasca heykəltaraş deyil, orta təhsillidir. O, yalnız istedadı və həvəsi sayəsində bu heykəlləri yaradıb.

Ev sahibi Səmayə Babayeva: "Heykəlləri düzəltməyə 22-23 ildir ki, başlamışam. Hələ də həvəsim var. Gümbəz, məscid - hamısı öz əl işlərimdi. Heç kimə deməmişəm ki, mənə bir daş ver, ya kömək elə. Heç öz uşaqlarıma da ağız açmamışam, özüm təkcə düzətmişəm".

Heykəlləri düzəltməyə elə də çox vəsait sərf etmədiyini deyən Səmayə xanım evdəki paltarlardan, hətta küçədə gördüyü lazımsız əşyalardan da nə isə hazırlayıb ərsəyə gətirə bilir.

Ev sahibi Səmayə Babayeva: "1.5 m uzunluğunda ilan düzəltmək üçün yoğun, nazik məftillərdən yığıram. Köhnə corablar, paltarlar, pambıq olanda atmıram, yığıram çuvallara. Onları sementli suda isladıram. Onu da dolayıram həmin məftillərə, onlar da tez quruyur. Bir ilana yarım çuval sərf olunur".

Maraqlı məqamlardan biri məscidə bənzəyən hissənin yuxarısında restoran və şeytan heykəlinin olmasıdır. Ancaq bu da səbəbsiz deyil. Səmayə xanım deyir ki, hər heykəlin öz anlamı var. Məsələn, restoranda yeyib-içmək məclisi və şeytanı ona görə düzəldib ki, insan əylənərkən də həddini bilməlidir. Çünki cüzi bir yanlışlığı onu şeytanın yolu ilə getməyə vadar edə bilər. Məscidə bənzəyən hissə isə insanlara malik olduqları dəyərlərə sahib çıxmağı xatırladır. Səmayə xanım düzəltdiyi heykəlləri xüsusi sevgiylə vəsf edərək bildirir ki, onlar vahiməli olsalar da, bir çoxları tərəfindən rəğbətlə qarşılanır.

Ev sahibi Səmayə Babayeva: "Qartalı düzəldəndə, rənglədim, üstünə də boz, qar rəngli toyuq tükü doğrayıb düzdüm. Elə bil diriydi. Qızım bir dəfə eyvana qalxdı. İlanı görüb qorxdu, dedi: ana, elə bil həqiqi ilandı. Bunu necə edirsən, adam dəhşətə gəlir?!"

"Çaynikli və ilan-qurbağa ev"dən fərqli olaraq "butulkalı ev" daha məşhurdur. Bu da onun şəhər mərkəzində olmasından və ona daha çox diqqətin ayrılmasından irəli gəlir.

Hüseyn Cavid küçəsi ilə Qəmbər Hüseynli küçəsinin kəsişməsində yerləşən bu maraqlı ev 1966-67-ci illərdə İbrahim Cəfərov tərəfindən qardaşı Yusif Cəfərovun xatirəsinə tikilib. O ümid edib ki, 26 yaşında əsgər gedən və geri qayıtmayan Yusif bir gün bu evin sorağını eşidəcək və geri dönəcək.

Gəncə şəhər Mədəniyyət və Turizm idarəsindən isə bildirilir ki, Gəncədə belə tikililərin olması şəhərə gələn qonaqlar tərəfindən maraqla qarşılanır.

Gəncə şəhər Mədəniyyət və Turizm idarəsinin məsləhətçisi Bəxtiyar Muradov: "Qəribə evlər həm şəhər əhalisinin, həm də şəhərə gələn qonaqların, turistlərin diqqətini çəkir. Bu evlərdə görülən işlər, dekorasiya, orada istifadə edilən materiallar, onların quruluşu, istər gündüz, istirsə də gecə işıqlandırması qonaqlara maraqlı gəlir. Bütün bunlar şəhərin qədim memarlıq şəhəri olmasına dəlalət edir".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.