Azərbaycanın tanınmış diktoru: "Mənim dörd dəfə toyum olub" - FOTO
24 Oktyabr 2013 19:07
Milli.Az tanınmış diktor Natəvan Hacıyevanınmodern.az-a müsahibəsini təqdim edir.
- 1959-cu ildə indiki Slavyan Universitetinin rus dili və ədəbiyyatı fakültəsində birinci kursunda oxuyurdum. İlin sonunda AzTV-də diktor müsabiqəsi keçirilirdi. Müsabiqəyə qatıldım və Azərbaycan dilində tələffüzüm o qədər yaxşı olmadığına görə keçmədim. Yayda birinci kursu bitirib yenidən özümü sınadım və bu dəfə alındı. 170 nəfərin içindən təkcə mən seçildim.
- İlk dəfə efirə nə vaxt çıxdınız?
- 1960-ci il avqustun 21-də.
- Siz həm də AzTV-nin ilk rəsmi diktorusunuz.
- Bəli. Əmək kitabçamda da bu təsdiq olunub. İki il xəbərləri və hər şeyi təkcə mən apardım. Bütün günü efirdə idim. Özüm də əyani oxuyurdum. Xəbərlər canlıydı, kişi diktor yox idi. Radiodan Ramiz Mustafayev, Aydın Qaradağlı Nizami Məmmədov, gəlirdilər xəbər oxumağa.
- Sizdən sonra televiziyaya kimlər gəldi?
- Roza Tağıyeva və Tamilla Qafarova. Rozanın ruscası yaxşı olmadığından Azərbaycan dilində, Tamilla Qafarova isə rusca xəbər oxuyurdular. Onlardan sonra Tamilla Ələkbərova, Rafiq Hüseynov, Həqiqət Əsgərzadə gəldilər. Burda üç nəsil var. Mən, Roza, Tamilla Ələkbərova. Sabir Ələsgərov və Ofeliya Sənani 1970-71-ci illərdə radiodan gəliblər. Hicran Hüseynov, Davud Əhmədov da radiodan gəlmişdilər.
- Şərqiyyə Hüseynova da sizinlə eyni illərdə gəlmişdi?
- Yox, o 1969-cu ildə Teatr İnstitutunu bitirib gəlmişdi.
- Maraqlıdır siz kimdən öyrənmisiniz?
- AzTV-nin ilk sədri Teymur Əliyev Fatma Cabbarovaya zəng vurdu ki, yanına bir qız göndərirəm, məşğul ol, bütün sirlərini ona öyrət. Sonra dedi ki, bilirəm o əsl diktor olacaq. Fatma Cabbarova bir ay ərzində mənə nə lazımdırsa, öyrətdi. İndiyə kimi nə mətn oxuyuramsa, xüsusi işarələrinə də diqqət edirəm.
- Öyrətdikləriniz kimlər olub?
- Məsələn, Sevda Ağazadəyə kömək etmişəm. Kim nə soruşubsa, rədd etməmişəm.
- AzTV-dən iki dəfə uzaqlaşmısınız deyəsən...
- Hə, 1991-ci ildə anamın səhhəti ilə bağlı işdən uzaqlaşdım. Çünki qızım anama görə gecə yatmırdı. 1991-ci ilin sonunda anam dünyasını dəyişdi. 1993-cü ilin əvvəlində "Ötənlərdən keçənlərdən" adlı xüsusi veriliş aparmağa başladım. Hətta bu yaxınlarda iştirak etdiyim bir məclisdə mənə dedilər ki, siz o verilişi daha yaxşı aparırdınız.
- İndi həmin verilişi Həqiqət Əsgərzadə aparır səhv etmirəmsə...
- Bəli. Bilirsiniz, tarixi, kimi çağırmağın lazım olduğunu mən bilirəm. O verilişi evlərdə çəkirdim, hətta öz evimdə də çəkilişlərimiz olurdu. 1993-dən 2006-cı ilin sonuna kimi 13 il yarım həmin verilişi apardım.
2006-cı ildə Arif Alışanov gəldi, məni çox yaxşı qarşıladı, haqqımda "Bizim Natəvan" adlı 45 dəqiqəlik film çəkdi. Sonra müavini Vaqif Ağayev var idi, - ona rəhmət deməyə dilim də gəlmir, bu sözləri ona yaraşdırmaq olmaz, - Arif nə dedi, nə demədisə, xalq artisti adımı da ləğv elədilər, vermədilər. Təqdimatımı Nizami Xudiyev verəcəkdi ki, Arif Alışanov gəldi. Amma istəsəydim "xalq artisti" adını 1967-68-ci illərdə alardım.
- 25 yaşınızda?
- Bəli, alacaqdım. Hər diktorun öz dövrü, öz fanatları var. Mənə elə bir təklif gəlmişdi ki, deyirdilər, "hə" desə, biz onu SSRİ xalq artisti edərik.
- Sevgili olmaq təklifi?
- Hə, də dostluq məsələsi. Amma mən dedim ki, Fatma Cabbarova "əməkdar" ola-ola mən ad ala bilmərəm. Əməkdar artist adını 1990-cı ildə aldım .
- Yəqin ki, sizə birgəlik təklif edən şəxs böyük vəzifə sahibi idi.
- Bəli. Amma mən ailədə tək qız idim və heç kim bu sahədə işləməyimi istəmirdi. Atam dedi, qızım harda olsa, təmiz gedib, təmiz də gələcək. Bu sözlər qulağımda sırğa kimi qaldı. Dedim, yox atamın sözünü yerə vura bilmərəm.
- O rəhbər vəzifəli şəxs azərbaycanlı idi?
- Bəli. Məni ən çox utandıran müəlliməmin əməkdar olmağı idi. Heydər Əliyevi 1969-cu ilin iyul ayının 14-də təqdim olunanda şəxsən təbrik etmişəm. "Kirov" parkında "Dostluq" restoranı var idi. Mərkəzi Komitənin belə yığıncaqlar üçün binası olmadığından tədbirlər əksər hallarda orda keçirildi. Mədəniyyət Nazirliyindən də nümayəndə mən idim. Tədbirdə mənim adımı salmışdılar ki, lazım olanda məktub, yaxud təbrik oxuyum.
- Heydər Əliyevlə ünsiyyətiniz olub?
- Olmayıb. Amma Ayaz Mütəllibov prezident olmamışdan əvvəl bir dəfə xarici səfərdə olmuşuq.
- Yəqin ki, əməkdar artist adını da gec aldığınızı düşünürdünüz?
- 1990-cı ildə bu adı aldım və sonra televiziya çıxışlarımda da dedim ki, bu adı almağım gec idi. Fəxri adı Qeysər Xəlilovun təqdimatı il almışam.
- Sizdə n sonra gələnlərdən kimlər xalq artistləridir?
- Roza Tağıyeva. Ona verəndə Ofeliya Sənaniyə də verdilər ki, tək olmasın. Özü də heç bir təqdimat olmadan. Prezident təqaüdünü də 2003-cü ildə Nizami Xudiyevin təqdimatı ilə aldım.
- Amma çoxları ondan narazıdır.
- Yox, onun kimi insan dünyada olmayıb, olmayacaq da.
- Çoxları deyir ki, o bizi efirdən uzaqlaşdırdı.
- Prezideny təqaüdü alandan sonra 2003-cü ilin iyul ayının 5-də gəldi Nizami Xudiyevin yanına təşəkkürümü bildirdim. Narazılıq elədi ki, təqdimatım olmadan iki nəfərə xalq artisti adı verilib, axı mən buranın sədriyəm? O bilirdi ki, mən AzTV-nin ilk rəsmi diktoruyam və mənim xalq artisti olmağımı istəyirdi.
- Deməli, daxildə böyük çəkişmələr varmış...
- Əlbəttə. Mən heç kimin qapısını döyməyi sevməmişəm. Amma çox pis eləmişəm, gərək döyəydim. Sadəcə ilk dəfə olunan təklifi özümə sığışdıra bilmədim.
- O vaxt ailəli idiniz?
- Yox. O, mənə qeyri-rəsmi nikah təklif etmişdi.
- Neçənci ildə ailə qurmusunuz?
- 1966-ci ildə ailə qurdum 67-ci ildə qızım dünyaya gəldi və biz boşandıq. Həyat yoldaşım operator işləyirdi.
- Bəlkə, xarakter uyğunsuzluğu idi?
- Mən qabağa gedirdim, partiyaya girdim, maaşım ondan çox idi. Bunları qəbul eləmirdi. Biz ailə quranda kirayədə qalırdıq, sonra mənə ev verdilər.
- O indi sağdır?
- Yox, dünyasını dəyişib . Məndən 10 yaş böyük idi.
Bu arada Natəvan xanımın şəkillərini çəkmək istəyirəm. Yarızarafat etiraz edir ki, bəs yorğunam, yaxşı görünmürəm. Amma əslində belə deyil. Fotolardan da gördüyünüz kimi 71 yaşlı diktor yetərincə formadadır.
- Ondan sonra ailə qurdunuz?
- Yox, ailə qurmadım. İndi qızımla yaşayıram. İki qızı var, ərəbşünasdır. Gənclik arzumu həyata keçirib, sağ olsun.
- Necə dolanırsınız?
- Həm yaşıma görə pensiya, həm də prezident təqaüdü alıram. Bu evi də mənə 2005-ci ildə cənab prezident verib.
- Diktor və aparıcı anlayışları haqda müxtəlif fikirlər səsləndirilir. Bir peşəkar olaraq fikriniz maraqlıdır, bu ikisinin fərqi nədədir?
- Aparıcı sərbəstdir, diktor isə bir sözü düz deməsə, təzədən yazardılar. Amma "Ötənlərdən, keçənlərdən" verilişimin ssenarisini də özüm yazırdım. 2006-cı ildən bu yana AzTV-yə baxmıram və bu kanal mənimçün yoxdur.
- Bir çox diktorlar kimi siz də küskünsünüz...
- Çünki "xalq artisti" adımı başqasına verdilər.
- Kimə?
- Şərqiyyə Hüseynovaya. O, televiziyaya məndən 10 il sonra gəlib.
- Əsas incikliyiniz budur?
- Bəli. Arif Alışanovun əvəzinə Xudiyev qalsaydı, çoxdan almışdım. Nizami Xudiyev olmasaydı, yəqin ki, heç prezident təqaüdü də almazdım.
- Amma bir çoxları ondan narazıdırlar. Sizcə niyə?
- O, düzgün adam idi. Narazılıqları Arif Alışanov yaradırdı. Hətta bir dəfə Xudiyev dedi ki, kaş o vaxt hər şeyi səndən soruşaydım.
- Hansı aparıcıları bəyənirsiniz?
- Zaur Baxşəliyevi çox bəyənirəm. Çox gözəl aparıcıdır.
- Səbəb?
- Onun apardıqları çox gözəl verilişlərdir. Samirə Mustafayeva yaxşı xəbərlər oxuyur. Afaq Gəncəlini də bəyənirəm. O da çox gözəl danışır. Əkbər Əlizadəni çox bəyənirəm. Aktyor olsa da, əla aparıcıdır. Aparıcı gərək söz tapa.
- Yaş və görünüş kompleksiniz var?
- Baxır yaşımı kim soruşur. 1942-ci ildə anadan olmuşam, 71 yaşım var. Əsllində 1943 təvəllüdəm. Atam məni 6 yaşında məktəbə qoymaq üçün yaşımı bir il "artırıb". Orta məktəbi qızıl medalla bitirmişəm.
Bu arada Natəvan xanımdan köhnə şəkillərini istəyirəm. Amma məlum olur ki, hansısa həmkarımız apardığı fotoları geri qaytarmayıb. Davam edirik. Amma nədən danışırıqsa, söhbət Arif Alışanovun üzərinə gəlir
- AzTV-nin ilk sədri Teymur Əliyevlə 3-4 il işləmişəm. Onu 1963-cü ildə Mərkəzi Komitəyə göndərdilər. Onunla bağlı məndən başqa heç kim danışa bilməz, mən tarixəm. Arif Alışanov bu tarixi pozmaq istəyir, amma poza bilməyəcək.
- Sizi əməkdar artist kimi təqdim edəndə xoşuna gəlmir?
- Bəli, gəlmir. Natəvan Hacıyeva deyəndə tanıyırlar onsuz da. Biləndə ki, Aydın Qaradağlı kimi korifey əməkdar artist kimi ölüb başa düşdüm ki...
- Burdan əvvəl harda yaşayırdınız?
- Bu mənzil 2005-ci ildə prezident tərəfindən verildi. Təmir etdirib köçdüm.
- Keçmiş iş yoldaşlarınızdan kiminlə əlaqə saxlayırsınız?
- Hərdən Tamilla Əlkəbərova ilə zəngləşirik.
- Maşallah yaşınıza görə yaxşı qalmısınız.
- (gülür) Heç bir plastik əməliyyat keçirməmişəm. Amma çalışıram ki, çox kökəlməyim. Hələ indi yorğunam. Necə də olmasa əməliyyat keçirmişəm. 35 ildir belə problemim var. Elə olub ki, efirdən əvvəl təcili yardıma zəng vurmuşam, rus xəbərlərini oxumuşam, sonra təcili yardım iynə vurub sakitləşib evə gəlmişəm. Rafiq Hüseynov görüb ki, ağrıyıram, amma deməyib get evə. Ona görə Rafiq Hüseynovdan zəhləm gedir. Yessentukiyə müalicəyə getdim. Bu il hiss etdim ki, nəsə ağır bir şey sallanır. İçimdən ördək yumurtası boyda bir daş çıxdı.
Söhbətin bu yerində təəccübümü heç cür gizlədə bilmirəm. Necə yəni ördək yumurtası boyda. Söhbət göyərçindən yox e, ördəkdən gedir. Ömrünün 50 ilini televiziyaya həsr etmiş birinin gəlmiş keçmiş məşhurlarla bağlı maraqlı xatirələri olmaya bilməz.
- Şövkət Ələkbərova anamla oxuyub. Çox maraqlı qadın olub. Zeynəb Xanlarovanı, İlhaməni, Müslüm Maqomayevi ilk addımlarından tanıyıram. Mən gələndə Şövkət Ələkbərova artıq oxuyurdu, Flora və Elmira təzəcə başlamışdılar. Müslüm efirdən öncə əsirdi. Dedim, tələsmə hər şey yaxşı olacaq.
- İndi də yolda, küçədə sizi tanıyırlar?
- İndi də yaxınlaşırlar. Axır vaxtlar o qədər də ayaqla gəzmirəm. Amma harasa çıxanda tanıyanda mənə ləzzət verir.
- Hansı dövrdə tanınmaq daha maraqlıdır?
- Məni tamaşaçılar yaşadır. Onlar mənə ruh verir. Efirdə olanda elə bilirəm ki, tamaşaçını görürəm. Həmişə istənmişəm, sevilmişəm. Evlilikdən sonra da məni çox istəyirdilər. Mənim 4 toyum olub: xınayaxdı, paltarkəsdi, oğlan toyu, qız toyu.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.