Telman İsmayılovla bağlı şok iddia

23 Oktyabr 2013 19:44

Biryulovodakı bazarda iğtişaşları Telman İsmayılov təşkil edib?

Rusiyanın Liberal-Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski bəyan edib ki, Moskvanın Qərbi Biryulovo rayonunda baş vermiş iğtişaşların sifarişçisinin kim olduğunu bilir.

Oxu.Az "Moskovskiy komsomolets"ə istinadən xəbər verir ki, bu barədə siyasətçi Russia Today telekanalında yayımlanan "hökumət saatı" zamanı bildirib.
 

Jirinovskinin sözlərinə görə, iğtişaşlar sifarişli olub və "rus banditləri", həmçinin "etnik cinayətkar qruplaşmalar tərəfindən" "baza və bazarlarda" təsir zonalarını bölmək üçün törədilib.
 

Liberal-demokratların lideri qeyd edib ki, o, Biryulovodakı hadisələrin sifarişçisinin adını açıq deməyəcək, lakin bu barədə DİN rəhbəri Vladimir Kolokoltsev, Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski, həmçinin Moskva merinin müavini Aleksandr Qorbenkonu məlumatlandıracaq.
 

"Kimin pul verdiyini mən sizin üçünüzə deyəcəyəm, yalnız bunu heç kimə deməmək şərtilə. Sizin kimin pul verdiyi, kimin təşkilatçı olduğunu, buradakı, o cümlədən Biryulovodakı inqilabların sifarişçisinin kim olduğunu bilməyiniz üçün deyəcəyəm", - deyə, o bildirib.
 

LDPR-in rəhbəri baş vermiş iğtişaşlarda keçmiş Moskva meri Yuri Lujkov, həmçinin ona yaxın iş adamı Telman İsmayılova işarə edib. Jirinovski, həmçinin öz partiyası adından Rusiya DİN rəhbəri Kolokoltsevə minnətdarlığını bildirib və ona dövlət mükafatı verilməsini tələb edib.

Milli.Az