Yeni müdafiə naziri Zakir Həsənov kimdir?
23 Oktyabr 2013 11:12
Ötən gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə yeni hökumətin tərkibi formalaşıb. Yeni hökumətdə sabiq müdafiə naziri Səfər Əbiyevi general-polkovnik Zakir Həsənov əvəz edib.
Milli.Az Vikipedia-ya istinadən bildirir ki, Azərbaycanın yeni təyin olunmuş müdafiə naziri Zakir Əsgər oğlu Həsənov 1959-cu ilin 6 iyun tarixində Astara rayonunda dünyaya gəlib. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.
1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət edib, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2003-cü il tarixli 1130 nömrəli Sərəncamı ilə Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların komandanı vəzifəsinə təyin edilib. 17 may 2003-cü il tarixli 869 nömrəli Fərmanı ilə isə general-mayor, 6 may 2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilib.
22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının müdafiə naziri təyin edilib və general-polkovnik rütbəsi verilib.
Zakir Həsənov xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. 1998-ci ildə "Sərhəddə fərqlənməyə görə" medalı, 2002-ci ildə "Hərbi xidmətlərə görə" medalı, 2004-cü ildə isə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.
Ailəlidir. İki övladı var.
Teymur Hacıyev
Milli.Az