Bakıda "CIPS Caspian 2013" 6-cı Xəzər Beynəlxalq "Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri" sərgisi keçiriləcək
22 Oktyabr 2013 13:07
Milli.Az xəbər verir ki, 23-26 oktyabr tarixində Bakı Ekspo Mərkəzində "CIPS Caspian 2013" 6-cı Xəzər Beynəlxalq "Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri" sərgisi keçiriləcək. Regionda təhlükəsizlik sahəsində yeganə beynəlxalq ixtisaslaşdırılmış sərgi olan "CIPS Caspian" məhsulların nümayişi və təşviqi, biznesin inkişafı və bazarın öyrənilməsi üçün platforma olmaqla yanaşı, həm də məlumat mübadiləsi, fikirlərin formalaşdırılması, habelə insan həyatını və istehsal prosesini riskə məruz qoyan müxtəlif təhlükələrə qarşı mübarizə istiqamətində səylərin birləşdirilməsi imkanlarının axtarışı üçün əla meydançadır. "CIPS Caspian 2013" sərgisi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən rəsmi şəkildə dəstəklənir. Sərginin təşkilatçıları qismində "Iteca Caspian" MMC və Britaniyanın "ITE Group plc" şirkəti çıxış edirlər.
"CIPS Caspian 2013" sərgisində Azərbaycan, Belçika, Almaniya, Yunanıstan, Çin, Rusiya, Türkiyə, İsveç və digər ölkələr təmsil olunurlar. Sərgi iştirakçıları arasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi də yer alır. Ümumilikdə isə sərgi ekspozisiyası ən yeni avadanlıq nümunələri və müasir texnologiyalardan, habelə qapalı mühafizə televiziyası (CCTV), girişə nəzarət, qəza və xilasetmə texnikası üzrə ən son nailiyyətlərdən və layihə nümunələrindən ibarətdir. Sərgidə iştirakçı şirkətlər yaşayış və iş sahələrinin təhlükəsizliyi üçün elektron rabitə qurğuları, işıqlandırmanın avtomatlaşdırılması və monitorinqi, iqlimə nəzarət və təhlükəsizlik sistemləri, 100-520 MHs diapazonlarda yüksək dəqiqlikli pelenqasiya antenaları, habelə səsgücləndiricilər və sirenalar təqdim edəcəklər. Sərgi çərçivəsində İKT sahəsinin mütəxəssislərinə də unikal şans təqdim olunur, belə ki, onlar qapalı mühafizə televiziyası sistemləri (CCTV), sürətli günbəz video-kameraları, kameralar üçün optika, hava limanları və dəmiryol vağzalları üçün peşəkar video-nəzarət sistemləri, şəhərlərdə video-nəzarət üçün yüksək icra göstəricilərinə malik olan yeni və unikal video-koderlər, həyəcan siqnalı vermək üçün insan simasının 24 ifadəsini müəyyən etmək qabiliyyətinə malik "Smart Faces" video-kameraları, habelə mühafizə, gəmiçilik və hətta ov üçün istifadə oluna bilən "FLIR" teplovizoru və əhalinin təhlükəsizliyinin təmin olunmasında geniş şəkildə tətbiq olunan digər İKT texnologiyalarını işçi vəziyyətdə müşahidə və tədqiq edə biləcəklər.
"Yanğın təhlükəsizliyi sistemləri" sektorunda mütəxəssislərin diqqətinə yanğından mühafizə üzrə məşhur sistemlər, yanğın və mühafizə siqnalizasiyası, tüstü datçikləri, yanğın əleyhinə xüsusi təyinatlı avadanlıqlar, gecə dəqiq təsviri təmin edən və tüstüdə görmək imkanı verən teplovizorlar təqdim olunacaq.
"CIPS Caspian 2013" sərgisi çərçivəsində bir sıra təqdimat və seminarlar da təşkil olunacaq, belə ki, ilk dəfə olaraq Azərbaycanda istənilən miqyaslı kompleks təhlükəsizlik sistemlərinin yaradılması üçün nəzərdə tutulmuş "İntellekt" çoxfunksiyalı açıq proqram platforması təqdim ediləcəkdir. Həmçinin, video-müşahidə sistemləri üçün məlumatların saxlanması və qeyd olunması sahəsində innovasiyalı texnologiyalar barədə unikal məruzə oxunacaq. Sərgidə digər bir təqdimat isə intellektual kompleks təhlükəsizlik sisteminin nümayişi olacaqdır.
Milli.Az