Volqoqradda terror aktı ilə bağlı təfərrüatlar ortaya çıxdı - YENİLƏNİB - VİDEO - FOTO

22 Oktyabr 2013 17:17

22.10.2013
17:17
 

Partlayışı törədən qadının və onun axtarışda olan həyat yoldaşının şəkilləri yayıldı

Rusiya İstintaq Komitəsi Volqoqrad şəhərində terror aktı zamanı ölən və yaralananların adlarını açıqlayıb. Anspress-in vesti.ru-ya istinadən verdiyi məlumata görə, Rusiyanın dövlət telekanalında açıqlanan siyahıda olanların əksəriyyəti 18-29 yaşlı gənclərdir, eləcə də yaralılar arasında 1 yaşlı uşaq da var. Ölənlərin hamısının şəxsiyyəti müəyyənləşdirilib.

Vəziyyəti ağır olan 4 nəfər isə Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə ilə paytaxt Moskvaya gətirilib.

Hadisə yerində istintaq qrupu işləyir. Partlayıcı qurğunun gücü, ilkin ehtimallara görə, trotil ekvivalenti ilə 2-3 kiloqram təşki edib. Partlayışı törədən kamikadzenin yanında onun şəxsiyyət vəsiqəsi də aşkar edilib. Dağıstan vətəndaşı Naida Asiyalova Volqoqrada Mahaçkaladan Moskvaya gedən avtobus vasitəsilə gəlibmiş və Volqoqrada avtobusdan enərək, 29 nömrəli avtobusa minib.

Aparılan araşdırma nəticəsində məlum olub ki, Naida Asiyalova Dağıstan döyüşçüləri arasında "Amaturaxman" ləqəbi ilə tanınıb. O, 7 il Moskvada yaşayıb və mağazada satıcı işləyib. 30 yaşlı Asiyalovanın ölümcül xəstə olduğu və bunun üçün internetdə onun müalicəsi üçün kampaniyaların başladıldığı da məlum olub. Qadın terrorçunun Dağıstanın Qunib kəndində doğulduğu, iki dəfə ailə qurduğu bildirilir.

Əldə olunan məlumata görə, onun ikinci həyat yoldaşı vətəndaş nikahı ilə yaşadığı 22 yaşlı Moskva sakini Dmitri Sokolovdur. Vahabi məzhəbinə mənsub olduğu bildirilən Sokolovun 2012-ci ilin iyulunda yoxa çıxdığı məlumdur. Döyüşçülərə qoşulduğu iddia edilən "Əbdül Cabbar" ləqəbli Dmitri Sokolov Mahaçkalada terror aktları törətməkdə şübhəli kimi federal axtarışdadır. Volqoqradda Naida Asiyalovanın üzərindəki partlayıcı qurğunun da onun tərəfindən hazırlandığı istisna edilmir.

İstintaqın bir versiyasına görə isə Volqoqradda partlayış törədənlər əvvəlcə terror aktını Moskvada törətməyi planlaşdırmış ola bilərlər.

---------
09:19


Volqoqradda 3 günlük matəm elan edildi.

Volqoqradda terror aktı nəticəsində xəsarət alanlardan 4 nəfərini Moskvaya gətirən Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi mənzil başına çatıb.

Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, xəsarət alanlardan biri qadın, digəri isə kişi olmaqla ikisinin vəziyyəti xüsusilə ağırdır. Digər iki nəfərin vəziyyəti isə stabil ağır kimi qiymətləndirilir.

Təyyarənin göyərtəsində yaralıların qohumları da olub. Həkimlər isə uçuş zamanı yaralıların yanında olaraq onların sağlamlıq durumunun ağırlaşmamasına nəzarət ediblər.

Qeyd edək ki, Volqoqrad vilayətində bu gecədən etibarən terror qurbanlarının xatirəsinə 3 günlük matəm elan edilib. Regionda kütləvi əyləncəli tədbirlər təxirə salınıb. Yerli tedlekanallar əyləncəli verilişlərdən imtina ediblər. Vilayət ərazisində isə dövlət bayraqları endiriləcək.

Xatırladaq ki, ötən gün Rusiyanın Volqoqrad şəhərində "LiAZ" markalı avtobusun salonunda qadın kamikadze partlayış törətmişdi. Hadisə nəticəsində 6 nəfər ölüb, 28 nəfər isə yaralanıb. Xəsarət alanlardan 8-nin vəziyyəti ağırdır.

Avtobusda partlayışı 30 yaşlı Dağıstan vətəndaşı Naida Asiyalovanın törətdiyi bildirilir. Təhqiqatçıların məlumatına görə, qadın dayanacaqlardan birində avtobusa minib və dərhal partlayış baş verib


X X X

Volqoqradda baş vermiş terror aktı zamanı həlak olmuşların ailələrinə regional büdcədən 1 milyon rubl veriləcək. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, ağır yaralılara 400 min, bütün yaralılara isə 100 min rubl veriləcək.
Məlumatda deyilir ki, mövcud sənədi Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenov imzalayıb.

Qeyd edək ki, baş vermiş terror aktı nəticəsində 7 nəfər, həmçinin, terrorçu qadın da həlak olub.

İstintaq komitəsinin məlumatına görə, terror aktından sonra 33 nəfər xəstəxanalara müraciət edib. Onlardan 28 nəfəri evə buraxılıb, 8-i isə reanimasiyadadır. Onlardan bir çoxu ağır vəziyyətdədir.

X X X 

Oktyabrın 21-dən etibarən 15 gün ərzində Volqoqradda ən yüksək terror təhlükəsi səviyyəsi elan edilib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumatda deyilir ki, bu barədə regional antiterror komissiyası açıqlama yayıb.

Qeyd edək ki, terror təhlükəsi səviyyəsi regional FTX-nin razılığı ilə Rusiya Federasiyası Prezidentinin 14 iyul 2012 tarixli sərəncamı əsasında tətbiq edilir.

----------
08:53


Volqoqradda terror aktı zamanı yaralanmış azərbaycanlı Əliyev Nail Naib oğlu Rusiya vətəndaşıdır. Volqoqradda yaralıların qohumları üçün yaradılmış "qaynar xətt"in əməkdaşları Trend-ə bildiriblər ki, o, Rusiya Federasiyasının pasportuna malikdir və bu ölkənin vətəndaşıdır.

15 saylı Volqoqrad şəhər xəstəxanasından isə Trend-ə bildirilib ki, terror aktı nəticəsində yaralanmış azərbaycanlı Əliyev Nail Naib oğlunun vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə dünən Moskva vaxtı ilə saat 14.45-də "Lesobaza" dayanacağı yaxınlığında baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 28 nəfər yaralanıb.

Rusiya hüquq-mühafizə orqanları sərnişin avtobusunda baş vermiş partlayışın Mahaçqala sakini Naidə Asiyalovanın törətdiyini bildirir.

------------------
21.10.2013
19:59

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 6 nəfər ölüb, 28 nəfər xəsarət alıb. Bundan əvvəl 5 nəfərin öldüyü bildirilirdi.

Artıq hadisəni törədən terrorçu-intiharçının cəsədi aşkarlanıb.

Sabahdan etibarən Volqoqrad vilayətində 5 nəfərin həyatına son qoymuş partlayışla əlaqədar üçgünlük matəm elan edilib.


----------
19:28


Rusiyanın Volqoqrad şəhərində avtobusda baş vermiş partlayış ilə əlaqədar Cinayət Məcəlləsinin üç maddəsi üzrə cinayət işi qaldırılıb. Trend-in  İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunlar "terror aktı", "2 və daha artıq şəxsin öldürülməsi" və "silah və partlayıcı maddələrin qanunsuz dövriyyəsi" maddələridir.

Partlayış nəticəsində xəsarət alanların sayı 28 nəfərdir. 5 nəfərin öldüyü bildirilir. Məlumata görə, xəsarət alanların 24-nün vəziyyəti yüngül və orta, 4-nün isə ağır dərəcəlidir.

Xəsarət alanlardan birinin uşaq olduğu deyilir. 20 aylıq uşağın vəziyyəti orta-ağır dərəcəlidir.
 

Məlumata görə, ölənlər arasında uşaq yoxdur. Ümumilikdə avtobusda təqribən 50 nəfər sərnişin olub. Güc strukturlarının bildirdiyinə görə, bomba avtobusun salonunda olub. İstintaq Komitəsi terror aktı üzrə cinayət işi qaldırıb.

Partlayış Volqoqradın Krasnoarmeysk rayonunda "Liaz" markalı avtobusda baş verib. Hazırda hadisənin baş verdiyi ərazi polis tərəfindən əhatəyə alınıb, operativ qərargah yaradılıb.
 

İstintaqçılar ilkin olaraq müəyyən ediblər ki, avtobusda partlayışı dağıstanlı qadın - törədib. Məlumata görə, terrorçu-intiharçı 30 yaşlı Naida Axiyalovadır.

İstintaqçıların əldə etdiyi məlumata əsasən, həmin qadın dayanacaqların birində avtobusa daxil olduqdan dərhal sonra partlayış baş verib. Bunu partlayışdan sağ çıxmış sərnişin qadın da təsdiq edir.

Sabahdan etibarən Volqoqrad vilayətində 5 nəfərin həyatına son qoymuş partlayışla əlaqədar üçgünlük matəm elan edilib.


Bu arada Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Volqoqrad şəhərində avtobusda baş vermiş partlayış nəticəsində ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını araşdırır. Bu barədə Trend-ə XİN-in mətbuat katibi Elman Abdullayev bildirib.

Onun sözlərinə görə, nazirlik Azərbaycanın Rusiyadakı səfirliyinə bu məsələni araşdırmağı, ölən və yaralılar arasında Azərbaycan vətəndaşının olub-olmaması barədə məlumat verməyi tapşırıb.


---------
18:31


Rusiyanın Volqoqrad şəhərində sərnişin avtobusunda baş vermiş partlayışı terrorçu-kamikadzenin törətdiyi məlum olub. APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə İstintaq İdarəsindən bildirilib.

İstintaqın versiyasına əsasən, partlayışı törədən qadın qanunsuz silahlı birləşmələrin rəhbərlərindən birinin həyat yoldaşı olub və bu yaxınlarda islamı qəbul edib. Adı açıqlanmayan qadın öz bədəninə bağladığı partlayıcı qurğunu avtobusun içində partladıb. Onun partlayıcını əl qumbarası ilə partlatdığı güman olunur. Qumbaranın qalıqları olay yerindən tapılıb.

Hadisə Moskva vaxtı ilə saat 14:45-də "Lesobaza" dayanacağı yaxınlığında baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb. "LiAZ" markalı avtobusda ümumilikdə 40-a yaxın adam olub.


---------
18:14


Rusiyanın Volqoqrad vilayətində avtobusun partlaması nəticəsində 6 nəfər ölüb, 27 nəfər yaralanıb. Trend xəbər verir ki, bu barədə Rusiyanın "İnterfaks" agentliyi Rusiya İstintaq Komitəsindən istinadən məlumat verir.
 

"İnterfaks"a verilən məlumata görə, hazırda ölənlərin sayı 6-ya çatıb.
 

Faktla bağlı cinayət işi açılıb.


---------
16:33


Volqaqraddakı sərnişin avtobusunda partlayış baş verməsinə səbəb partlayıcı qurğu ola bilər. Milli.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Bununla belə, avtobusun partlamasında ehtimal olunan səbəblərdən biri də qaz qurğusunda nasazlıq olmasıdır.

"Hadisə yerində partlayıcı qurğunun qəlpələri tapılıb", - mənbə əlavə edib.

Son məlumata görə, hadisə nəticəsində 6 nəfər həlak olub.

---------
16:11

Rusiyanın Volqaqrad şəhərində 29 saylı marşrut üzrə hərəkət edən avtobus partlayıb. Milli.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, 4 nəfər həlak olub, 7 nəfər yaralanıb.

Partlayışdan sonra yanğın baş verməyib. Hazırda hadisənin səbəbləri araşdırılır.

Hadisə Bakı vaxtı ilə saat 15:05-də baş verib.

Milli.Az


-----------------
22.10.2013
09:19

Böyütmək üçün şəkillərə klikləyin.







-----------------
21.10.2013
19:28


Böyütmək üçün şəkillərə klikləyin.