Dilçilik İnstitutu: "Vaxt keçdikcə "ofisiant"ın yerinə "süfrəçi" sözü dilimizdə qəbul oluna bilər"

21 Oktyabr 2013 15:43
"Azərbaycan dilində yeni yaranan alınma sözlərin yerinə öz sözlərimizin gətirilməsinə çalışmaq lazımdır". Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli deyib.

Onun sözlərinə görə, bəzi sözlər, məsələn, telefon, televizor kimi sözlər artıq dilimizdə öz yerini tapıb və qəbul olunub: "Telefona nə deyək? "Yaxında durub uzaqda danışan?" Yaxud televizora "otaqda durub dünyaya baxmaq" deyək? Elə sözlər var ki, bunlar artıq qəbul olunub, burada əllaməlik etməyin mənası yoxdur".

Alim bildirib ki, Azərbaycan dilində qarşılığı olmayan sözlərin tam ekvivalentini tapmaq o qədər də asan məsələ deyil. Bu məsələ tədricən öz həllini tapa bilər.

F.Veysəlli deyib ki, hələlik ayrı-ayrı lüğətlərdə bir sözün başqa formalarda ifadə olunması hallarına rast gəlinir. Onun sözlərinə görə, lüğətçilərimizdən biri "ofisiant" sözünü "süfrəçi" kimi yazıb. Ancaq hazırda "süfrəçi" sözünü hər adam qəbul etmir. Vaxt keçdikcə bu söz də "xidmətçi", "nəfəslik" kimi dilimizdə qəbul oluna bilər.

O bildirib ki, rus dilindəki bəzi sözlərin tərcüməsi zamanı da müəyyən yanlışlıqlar olur. Məsələn, rus dilində olan "smısl" sözünə Azərbaycan dilində "məfhum", "anlayış" deyilir. Əslində isə bu sözün azərbaycanca mənası "anlayış" deyil, "anlam" deməkdir. "Anlayış"ın mənası isə "ponyatiya" deməkdir: "Metafor" sözünü rus dilindən götürdüyümüz üçün bunu "metafora" kimi verirdik. Ancaq Azərbaycan dilində bu sözün sonunda "a"nın işlənməsinə ehtiyac yoxdur. Ona görə də bu sözü azərbaycanlaşdıraraq "metafor" kimi verməliyik".

Milli.Az