Ermənistanda həbsdən çıxan azərbaycanlı: "Yəqin ki, mənə Gürcüstan vətəndaşı olduğuma görə heç nə etmədilər" - VİDEO

19 Oktyabr 2013 14:48
Milli.Az www.turkeltv.az saytına istinadən xəbər verir ki, iki aydır atasının yolunu gözləyən Kamranın həsrətinə son qoyuldu. Gürcüstan Respublikası Marneuli rayon Sadaxlı kənd məclisinə tabe olan Burma kənd sakini Allahverdi Pələngovun Burma kəndi ilə Ermənistanın Noyenberyan rayonunun Cöcgan kəndini ayıran ermənilərin dili ilə desək, sərhəd zolağında erməni sərhədçiləri tərəfindən saxlandığı barədə xəbər vermişdik.

İki ay girovluqda saxlanılan soydaşımız, nəhayət, oktyabrın 17-si günorta saatlarında ailəsinə qaytarılıb. Allahverdi Pələngovun sözlərinə görə o, Burma kəndi ərazisində mülki geyimdə olan iki nəfər tərəfindən tutularaq 100 metr qabağa Ermənistan sərhəd xidmətinə məxsus əraziyə aparılıb. Daha sonra əraziyə təhlükəsizlik idarəsinin bir neçə əməkdaşı və yüksək rütbəli hərbçilər gəlib.

Allahverdi Pələngov saxlanıldığı gündən azad olunan günə qədər heç bir zorakılıq halları ilə qarşılaşmadığını bildirir. Əksinə həbsxana qanunları əsasında bütün xidmətlərdən yerli dustaq, ermənilər kimi onun da istifadə etdiyini bildirir. Həmyerlimiz həbsdə olduğu müddətdə onu gözləyən cəzalar haqqında məlumatlandırılıb. O, ya 500 dollardan 1000 dolaradək cərimə ödəməli imiş, ya da üç il müddətinə azadlıqdan məhrum etmə cəzası alacaqmış. Lakin dindirmə zamanı Allahverdi Pələngovun "mən sərhəd pozucusu deyiləm. Amma onu da deyim ki, bəlkə də pozmuşam. Axı burada heç bir işarə yoxdur" kəlimələri köməyinə çatıb. Onu təhlükəli cinayətkar kimi məsuliyyətə cəlb etmirlər. Beləliklə sentyabrın 17-si Ermənistan dövlətində əfv haqqında sərəncam verilir. Təbii ki, soydaşımızın da o siyahıda var idi. İndi həllini tapmayan yalnız bir məsələ qaldı o da sözügedən ərazidə sərhəd xəttini bildirən nişan və qadağan edici işarələrin olmamasıdır. Adıçəkilən tədbirlər görülməyincə isə Burma və Təzəkənd sakinləri yenə də qorxu içində yaşayacaq.

Milli.Az