Azər Həzrət İbrahim Peyğəmbərin (ə) atasıdır?

17 Oktyabr 2013 19:16

Quranda adı çəkilən Azər Həzrət İbrahim Peyğəmbərin (ə) atasıdır?

Milli.Az İslam.az-a istinadən bildirir ki, bu barədə məzhəblərin fikirləri fərqlidir. Əhli-sünnə məzhəbi Quran ayələrinin (Ənam, 74; Məryəm, 42-47) zahirinə əsasən, Azəri Həzrət İbrahimin (ə) atası sayır. Azər bütpərəst idi, hətta bütyonan olduğu haqqında məlumatlar var. Şiə əqidəsinə görə, Həzrət Mühəmməd Peyğəmbərin (s) ata tərəfdən ulu əcdadları mömin olmuşlar, onlar kafir və müşrik ola bilməzlər.

Həzrət Mühəmməd (s) Həzrət İbrahim Peyğəmbərin (ə) nəslindən olduğu üçün, İbrahimin (ə) atası da Onun əcdadı sayılır. Şiə təfsirlərində Azər Həzrət İbrahimin (ə) əmisi və ya ögey atası kimi təqdim edilir. Bir çox hədislərdə Həzrət İbrahimin (ə) atasının adı Tarix kimi verilib. Bibliyaya görə isə, onun adı Farra idi. Digər tərəfdən isə, ərəb dilində yalnız ataya deyil, ailə başçısına, müəllimə, qayınataya, ögey ataya da "əb" (ata) deyirlər.

Milli.Az