Namaz zamanı əsnəmək, öskürmək, asqırmaq...

12 Oktyabr 2013 20:29

Namaz zamanı əsnəmək, öskürmək, asqırmaq, gəyirmək, bədənin hər hansı üzvünü qaşımaq və s. namazı batil edirmi?

Xeyr, bu əməllər namazı batil etməz. Amma burada bəzi şərtlər var. Əvvəla, gərək bu işlər son dərəcə zərurət halında edilsin; insan bacardıqca çalışmalıdır ki, namaz zamanı kənar əməl etməsin. İkincisi, gərək bu zaman insandan səs çıxmasın.

Milli.Az İslam.az-a istinadən bildirir ki, səslə əsnəmək, bəzi hərfləri tələffüz edərək öskürmək qəsdən olarsa, namazı pozar, bilməyərəkdən olsa, səhv səcdəsi lazım olar. Üçüncüsü, bu işləri görən zaman gərək bədən aram (sakit) olsun. Yəni öskürə-öskürə zikr demək, əsnəyərək qiraət oxumaq, salam verə-verə qaşınmaq olmaz. Namaz əməlini saxlayıb zəruri olan işi görmək, sonra namaza davam etmək lazımdır.

Nəhayət, dördüncüsü, bu işlərin bir neçəsini ardıcıl etmək əgər kənardan namazı pozmaq kimi görünsə, namaz batil olar. Məsələn, insan ardıcıl olaraq əsnəsə, öskürsə, bədənini qaşısa, düymələrini bağlasa, burnunu təmizləsə, tərini silsə və s., bütün bu əməllər zamanı kənardan baxanda o, namaz qılan kimi görünməsə, namazı batil sayılacaq.

Milli.Az