Cənub bölgəsində sahibkarlara 420 min manat güzəştli kredit verildi
24 Sentyabr 2010 21:35
Nazirliyin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlmata görə, sahibkarlığın inkişafına dövlət dəstəyinin həyata keçirilməsi, sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsi məqsədilə keçirilən tədbirdə Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 300-ə yaxın sahibkar iştirak edib. Tədbir çərçivəsində Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit almış Astara rayonundakı "Astara Buket Çay" MMC-nin fəaliyyətinə, "Ələddin Fermer" MMC-nin meyvə (kivi) bağlarına, Lənkəran rayonunda "Lənkəran Konserv" ASC-nin konserv istehsalı müəssisəsinə, "Xan-Lənkəran" MMC-nin turizm infrastrukturunun yaradılması məqsədilə apardığı tikinti işlərinə, Masallı rayonunda "Masallı Dəmir Beton" ASC-nin tutumu 2 min ton olan soyuducu anbar kompleksinin və istixananın yaradılması ilə əlaqədar apardığı tikinti işlərinə, Cəlilabad rayonunda "Cavid-Ş" MMC-nin və "A.D.İ." MMC-nin hər birinin tutumu 2 min ton olan soyuducu anbarlarında, "Avanqard" MMC-nin tutumu 10 min ton olan taxıl anbarı kompleksində, həmçinin "Cəlilabad Broyler" ASC-də istehsalın genişləndirilməsi məqsədilə aparılan işlərə baxış keçirilib.
"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirini giriş sözü ilə açan Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Xanverdi Şirinov "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın digər rayonlarda olduğu kimi, Astarada da uğurla həyata keçirildiyini bildirib, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq rayonun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrin icrası sahəsində görülmüş işlər barədə məlumat verib.
İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin sahibkarlığın dəstəklənməsi və təşviqi sektorunun böyük məsləhətçisi Zaur Nuriyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu iqtisadi siyasəti nəticəsində regionların inkişafına böyük önəm verildiyini, sahibkarlığın daha da inkişaf etdiyini vurğulamış, regionların inkişafında dövlət proqramlarının uğurlu icrasının əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, hazırda "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası uğurla davam etdirilir, regionlarda yeni müəssisələr və iş yerləri açılır, sahibkarlıq fəaliyyəti daha da genişlənir.
Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Astara və ətraf rayonlarda fəaliyyət göstərən 36 sahibkarlıq subyektinə 420 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 90 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Milli.Az