Qrip, yoxsa psixoz?

9 Oktyabr 2013 21:57
Psixoz, düşüncə və duyğunun ağır formada pozulduğunu təyin edən psixiatriya terminidir. Psixotik epizod keçirən xəstələr halüsinasiyalar görüb, batil inanclara inanırlar. Onlarda şəxsiyyət dəyişiklikləri və düşüncə pozğunluğu da müşahidə edilir.

Psixoz adətən gənclərdə görülsə də, orta yaşlı insanlardan da yan keçmir. Psixiatrlara görə, gənclərdə daha sıx görülən psixoz ağır bir zehni xəstəliyin əlaməti ola bilər. Psixoz sözü ilk dəfə 1845-ci ildə Ernst Von Feuctersleben tərəfindən dəlilik və maniya sözlərinə alternativ olaraq istifadə edilib. Psixoz sözünün yunan dilindən tərcüməsi anormal vəziyyət deməkdir. Ümumi psixiatriyada psixoz ağır ağıl xəstəliyinin simptomu olaraq qəbul edilsə də, özü bir diaqnoz sayılmır. Psixoz şizofreniya, bipolar pozuğluq və ağır kliniki depressiya ilə əlaqələndirilir.

"Son zamanlar həyat yoldaşımda qəribə əlamətlər görürəm. Əvvəllər sakit, səssiz, deyib gülən biri olan yoldaşım indi çox əsəbi, dava-dalaş salan birinə çevrilib. Qəribə bir dinə xidmət etdiyini, gecələr ona vergi verildiyini iddia edən Ramalın (ad şərtidir - müəl.) davranışları məni qorxudur. Mənə zərər verməsə də, verə biləcəyindən qorxuram. Bəzən saatlarla susur və bəzən durmadan danışır" deyən 26 yaşlı Bakı sakini Günel Ağayarova bu barədə ailəsinə danışmaqdan çəkinir. Günel deyir ki, Ramalla sevərək və valideynlərinə qarşı çıxaraq ailə qurduqları üçün indi dərdlərini heç kimə deyə bilmirlər.

Psixiatr Nihad Məmmədovun sözlərinə görə, bu davranışlar əsasən psixozlarda özünü büruzə edir. Psixoza fiziki patologiyalar da yol aça bilər. Beyin zədələnmələri, nevroloji pozuntular, narkotik maddələrdən uzun müddət istifadə edəndən sonra imtina psixozla nəticələnə bilər. Psixoz ani tutmalarla özünü göstərir. Psixotik fərd normal vəziyyətdə yüksək səviyyədə intellektual əmək istəyən işləri edə bilər. Psixoz digər zehni xəstəliklərin bir simptomu olaraq görülə bilər. Amma özü ayrılıqda da bir xəstəlikdir. "Məsələn, şizofreniyalı xəstə psixoz ehtiva etməyən uzun dövrlər keçirə bilər və ya bipolyar pozuntusu, depressiyası olan xəstədə psixozun əlamətləri müşahidə edilə bilər. Bununla yanaşı xroniki zehni xəstəlik olmayan birində, sıx stress və ya bir dərman reaksiyası səbəbiylə psixoz meydana gələ bilər".

Psixoaktiv maddələrin istifadəsindən sonra reallaşan psixotik vəziyyətlər xüsusilə artıq doza qəbulu, xroniki istifadə və istifadə etməni buraxma ilə əlaqələndirlir.

Müəyyən maddələr var ki, digərlərinə nisbətlə daha yüksək bir psixoza gətirib çıxara bilir. Psixozu fərdlər həssaslığına görə müxtəlif keçirir.

"Mərkəzi sinir sistemində ümumi depresan təsirləri olan maddələrin istifadəsi psixoza səbəb olma və əslində bəzi insanlarda simptomların təsirini azalda bilər" deyən həmsöhbətimizin sözlərinə görə, lakin bu tip maddələrin qəbulunu kəsmək xüsusilə təhlükəli ola bilər, psixoz və ya havalanmaya gətirib çıxarar. Psixiatr deyir ki, psixoloji stressin də psixotik vəziyyətlərdə payı ola bilər. Yuxusuzluq psixozla əlaqələndirilmiş olmaqla yanaşı əksəriyyət üçün böyük bir risk faktorudur. "Psixoz zamanı öncə düşüncə pozuntusu yaranır. Psixotik fərd düşüncələrini bir yerə toplaya bilmir, bunun nəticəsində danışma pozğunluğu yaranır. Belə xəstələrdə duyğu pozuntusu da özünü göstərir. Məsələn, fərd daha əvvəl çox arzuladığı bir şeydən imtina edir, səbəb olmadan gülə və ya ağlaya bilir. Batil inanclara, reallıqdan uzaq düşüncələrə sahib olan xəstə bu mövzuda israrçı olur və ətrafın da fikrini bu mövzuya yönləndirməyə çalışır. Halüsinasiya görən pixotik xəstələrdə realda var olmayan şeyləri görmə, iyləmə, eşitmə kimi hallar müşahidə edilir. Şəxsiyyət dəyişkənliyi ən çox şizofreniyalı insanlarda görülsə də, psixotik xəstələrdə özünü göstərir. Məsələn, xəstə olmamışdan öncə sakit olan biri xəstə olandan sonra sərt və əsəbi birinə çevrilə bilir və ya əksinə, sərt, ciddi olan biri deyib gülən, məzəli birinə dönür".

N.Məmmədovun dediyinə görə, psixoz fərddən fərdə fərqlənir və bunun bir neçə səbəbi var. Psixoz dərində yatan bir zehni xəstəliyin nəticəsində meydana gələ bilər. Bununla yanaşı psixoz ağır zehni stress və amfetamin, kokain və ya skopolamin kimi maddələrin yüksək dozalarda və ya xroniki istifadəsində ortaya çıxa bilər. Psixoz bir çox fərqli xəstəliklərin nəticəsi kimi özünü büruzə verə bilər. Məsələn, AİDS immun sistemini çökdürdüyü üçün xəstədə psixoz da müşahidə edilə bilər.

Qısa davamlı psixotik epizod keçirən bir xəstə, şizofreniya nəticəsi olaraq meydana gələn psixozun simtomplarını keçirə bilər. Bu səbəbdən psixoz müşahidə edildiyi anda psixiatra müraciət etmək mütləqdir. "Psixoz elə bir haldır ki, bu qrip və ya "svinka" xəstəliyi ilə yanaşı da müşahidə edilə bilər. Psixoz zamanı beyində müəyyən dəyişikliklər yaranır. Psixozla əlaqəli olmayan, ancaq çox zaman psixoz əlamətləri yaşanılan digər xəstəliklər də var. Bunlar beyin şişi, zəhərlənmə, skleroz, sarkoidoz və s xəstəliklərdir. Psixoz dərmanlarla müalicə edilir və burada heç bir psixoterapiya keçilmir".

Ekspress.az