Prezident İlham Əliyevin liderlik keyfiyyətləri
6 Oktyabr 2013 19:55
İlham Əliyev funksional baxımdan "bayraqdar", yəni, ali və nəcib keyfiyyətlərə sahib, "yanğınsöndürən", yəni, mürəkkəb situasiyanın fonunda xüsusi fəaliyyəti ilə həmrəyliyin və bütövlüyün təmin olunmasına nail olan, "faydalı", yəni, özündə bir çox rasional lider keyfiyyətlərini birləşdirən, "təmsilçi", yəni, sahib olduğu bütün resurslardan təmsil etdiyi xalqın mənafeyi üçün isdifadə edən liderdir.
Bununla yanaşı, İlham Əliyev hakimiyyətin legitimliyinə və fərdi xüsusiyyətlərinə görə həm də harizmatik və rasional-leqal liderdir. Yəni, pozitiv enerji doğurmaq bacarığı olan, sosial fəaliyyətə üstünlük verən, natiqlik və ünsiyyətçilik məharəti ilə, eyni zamanda, ekstraordinar keyfiyyəti ilə fərqlənən liderdir.
Prezident İlham Əliyev Azərbaycanın siyasi sisteminə aşağıdakı dəyərləri təqdim etdi.
İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli təqdim etdi. Yəni məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Beləliklə radikalizmi, siyasi şantaj və ekstremizmi siyasi sistemimizdən çıxardı.
İlham Əliyev siyasi sistemimizə qüsursuz siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi.
İlham Əliyev demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdıra bildi.
Prezident İlham Əliyev Azərbaycanı qlobal dövlətin, infoimperializmin və netokratiyanın əyalətinə çevrilməyə qoymadı
İlham Əliyev beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri "idarə olunan xaos" planını məharətlə pozdu. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu.
İlham Əliyev islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri "lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə" siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı. Bu hücuma qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə sipərini çəkdi.
İlham Əliyev neft kapitalını intelektual kapitala çevirək şüarı ilə krieativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirməklə Azərbaycanın gələcək inkişafını təmin etdi.
Prezident İlham Əliyev XXI əsrdə nəhəng transmilli layihələri həyata keçirməklə ən güclü rəqiblərinin kürəyini yerə vurdu və bu layihələri müstəqilliyimizin təminatçısına çevirdi.
Tarixi İpək Yolunu bərpa etmək üçün bütün müqavimətlərə və rəqabətə baxmayaraq, Bakı-Tiblisi-Qars dəmiryolu xəttinin çəkilişinə nail oldu. Bu strateji qərar ilə türk dünyasını dəmir kəmərlə bir-birinə bağlamaqla onların iqtisadi birliyini təmin etdi. Eyni zamanda, bu layihə Azərbaycanı Asiyaya və Avropaya polad raylarla bağlamış oldu.
XXI əsrin iqtisadi möcüzələri sayıla biləcək TANAP və TAP layihələrini reallaşdırdı. Bu layihələrin reallaşması üçün diplomatiya tarixində görünməmiş təzyiqlərə, hətta təhdidlərə belə məruz qalmasına baxmayaraq, çox nəhəng ölkələrin dizini yerə gətirdi. Beləliklə, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri layihələrinin müəllifi kimi tarixə düşdü.
Ölkəmizdə və xaricdə böyük investisiya layihələri həyata keçirməklə iqtisadiyyatımızın neftdən aslılığına son qoydu. Azərbaycanı kosmik sənaye ölkəsinə çevirdi.
Prezident İlham Əliyev milli təhlükəsizliyin təmin edilməsi üçün tarixi strateji qərarlar qəbul etdi.
Azərbaycanda ilk dəfə hərbi sənaye kompleksləri yaratdı. Beləliklə müharibə vəziyyətində olan və ərazisinin 20 faizi işğal edilmiş bir ölkənin silah idxalından asılılığına böyük ölçüdə son qoydu.
Ölkəmizdə xüsusi dövlət proqramları qəbul edərək ərzaq təhlükəsizliyimizi təmin etdi. Bununla da milli iqtisadi resurslarımızın sadəcə qida ehtiyatlarına sərf edilməsinin qarşısını almaqla milli gücümüzü artırmış oldu.
Oğuz-Qəbələ-Bakı su kəmərini çəkməklə və "Taxtakörpü" su anbarını yaratmaqla XXI əsrin ən qlobal problemi kimi səciyələndirilən içməli su problemini strateji şəkildə birdəfəlik həll etdi. Beləliklə, öz siyasi-inzibati ərazimizdə formalaşan su mənbələri hesabına su təminatı məsələsini milli təhlükəsizliyimizin problemi kimi gündəlikdən birdəfəlik çıxardı.
Prezident İlham Əliyev: liderin siyasi portreti
Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Bu, bir həqiqətdir ki, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, stabil və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Lider öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən şəxsdir.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi, ümumilikdə, rasional davranış modeli sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir.
Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Xalqın lideri ilk növbədə insanları ümumi ideya, prinsip, məqsəd ətrafında birləşdirməyi bacarmalıdır. Ulu öndər Heydər Əliyevin yetkin bir məfkurə kimi xalqımıza təqdim etdiyi azərbaycançılıq ideologiyasının əsasını təşkil edən dövlətçilik, vətənpərvərlik, ənənələrə bağlılıq prinsipləri bu gün milli birliyin əsas təminatçısı kimi çıxış edir. Bu prinsiplərə sadiqliyini qoruyub saxlayan Prezident İlham Əliyev isə Öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, innovasiyalara tez uyğunlaşmaq bacarığı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə Özünün əsl siyasi lider olduğunu isbatlayıb.
Cənab İlham Əliyev həm rəsmi, həm də qeyri-rəsmi liderdir
Siyasi liderlər müxtəlif meyarlar əsasında bir neçə qrupda təsnif edilir. İlk növbədə, təsdiqinə görə siyasi liderlər formal və qeyri-formal (rəsmi və qeyri-rəsmi) olmaq etibarilə iki qrupda təsnif edilir. Formal liderlər inzibati qayda və resurslarla müəyyən quruma rəhbərlik edən şəxslərdir ki, onların rəhbərliyi rəsmi xarakter daşıyır və nüfuz-təsir imkanları bilavasitə rəsmi, inzibati resursların fonunda müəyyən edilir.
Qeyri-formal liderlərin isə rəsmi, inzibati resurslarla quruma rəhbərlik etməsi şərt deyil. Onlar şəxsi keyfiyyətləri və nüfuzları, harizmatik xüsusiyyətləri ilə müəyyən qurum və qrup tərəfindən lider kimi qəbul edilirlər. Bəzən bir şəxs həm formal, həm də qeyri-formal lider statusu daşıya bilir. Məsələn, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Heydər Əliyev formal və qeyri-formal lider statusu daşımağa başladı. Əgər müstəqilliyin ilk iki ilində O, ölkəyə rəhbərlik etmədiyi zaman kəsiyində şəxsi nüfuzu, keyfiyyətləri və harizması ilə qeyri-formal lider idisə, 1993-cü ildən sonra xalqın seçimi nəticəsində həm formal, həm də qeyri-formal lider statusu daşımağa başladı. Eləcə də, Prezident İlham Əliyev ötən dövrdəki uğurlu fəaliyyəti ilə, qazandığı yüksək nüfuzu ilə Azərbaycan xalqının həm rəsmi, həm də qeyri-rəsmi lideri olduğunu sübuta yetirib.
Bir məqama xüsusi olaraq toxunmaq lazımdır ki, ayrı-ayrı ölkələrdə prezident seçildikdən sonra ölkə rəhbəri rəsmi lider hesab olunur. Lakin müəyyən zaman keçdikdən sonra onun reytinqi aşağı düşməyə başlayır və müxalifətdə olan hansısa siyasətçinin reytinqi onu üstələyir. Bu zaman müxalifətdə olan siyasətçi xalqın qeyri-rəsmi liderinə çevrilir. Prezident İlham Əliyev isə, qeyd etdiyimiz kimi, Azərbaycan xalqının rəsmi lideri olmaqla yanaşı, həm də qeyri-rəsmi lideridir. Ötən 10 il ərzində nəinki Onun reytinqi xalq arasında aşağı düşüb, əksinə daha da artıb. Bu sosial-siyasi göstərici ölkə rəhbərinin effektiv fəaliyyətinin nəticəsidir. Azərbaycanın dövlət və milli maraqlarının bariz şəkildə müdafiə edilməsinin nəticəsidir ki, bu fəaliyyət 2013-cü ilin oktyabr ayının 9-da keçiriləcək prezident seçkilərində seçici səsi olaraq Prezident İlham Əliyevin özünə qayıdacaq.
Prezident İlham Əliyev "bayraqdar", "təmsilçi", "yanğınsöndürən", "faydalı" və harizmatik liderdir
Bundan başqa, funksiyalarına görə siyasi liderlər "bayraqdar", "təmsilçi", "yanğınsöndürən", "faydalı", "sahibkar" "aktyor", "tacir" rəhbərlər kimi səciyyələndirilərək təsnif edilir. "Bayraqdar" lider cəmiyyətdə ali, nəcib şəxsi keyfiyyətlərə malik olan əsl rəhbər kimi qəbul və müdafiə edilir. Onun uğurlarının əsasında həmin şəxsə qarşı olan yüksək dəstək amili dayanır. Məhz bu cür siyasi liderlər olduqca realist, rasional və praqmatik təfəkkürə malik olurlar və qarşılarına qoyduqları dərk edilmiş məqsədlərə uğurla çata bilirlər. Bir sözlə, "bayraqdar" liderlər sözün əsl mənasında yeganə və əsas aparıcı qüvvə qismində çıxış edirlər.
"Yanğınsöndürən" liderlər isə mürəkkəb situasiyanın fonunda xüsusi fəaliyyətləri ilə milli həmrəylik və bütövlüyün təmin olunmasına nail ola bilən, birləşdirici və xilasedici rəhbər qismində çıxış edirlər. Bir çox liderlərdən fərqli olaraq onlar ən mürəkkəb situasiyalarda özlərinin şəxsi təcrübə və keyfiyyətlərindən xüsusi məharətlə yararlanırlar və xalqnı ali mənafeyinin təmin edilməsi missiyasını uğurla yerinə yetirirlər.
"Faydalı" liderlər özlərində xüsusi keyfiyyətləri cəmləşdirmiş və bir çox lider modellərinin xüsusiyyətlərini sintez etmiş rəhbər qismində səciyyələndirilir. Məhz bu cür siyasi liderlər ictimai-siyasi proseslərin dərinliklərinə nüfuz edir və sözün əsl mənasında sabitləşdirici və inkişafetdirici qüvvə kimi önəm kəsb edirlər. Rasional liderlər qrupuna aid edilən bu şəxslər zaman və məkanın bütövlüyünü lokal surətdə təmin edərək cəmiyyətin və xalqın ali maraqlarının ifadəedicisi qismində çıxış edirlər.
"Təmsilçi" liderlərin isə fəaliyyət mexanizminin əsasında təmsil etdikləri qrup və subyektlərin maraqlarının təmin edilməsi prinsipi dayanır. Onlar sahib olduqları bütün resurslardan xalqın mənafeyinin təmin edilməsi və tələbatlarının ödənilməsi istiqamətində istifadə etməyi zəruri strateji prinsip kimi qəbul edir və fəaliyyət fəlsəfələrini məhz bu nöqteyi-nəzərdən müəyyən edirlər.
Beləliklə, bütün bu liderlik növləri və modellərinə nəzər yetirdikdə məlum olur ki, cənab İlham Əliyev fəaliyyət mexanizminin əsaslarına görə "bayraqdar", "təmsilçi", "yanğınsöndürən", "faydalı" lider kimi səciyyələndirilməlidir.
Bunlarla yanaşı, hakimiyyətin legitimliyinə və fərdi xüsusiyyətlərinə görə siyasi liderlər harizmatik, rasional-leqal və ənənəvi liderlər kimi təsnif edilirlər. Harizmatik liderlər təsir imkanları və ətrafdakılarda sosial fəaliyyətə yönəlmiş enerji doğurmaq bacarıqları, natiqlik və ünsiyyətcillik məharətləri ilə fərqlənirlər. Onlar özlərinin ekstraordinar keyfiyyətləri ilə digərlərindən fərqlənirlər. Bu mənada, cənab İlham Əliyevi həm də harizmatik lider kimi səciyyələndirmək lazımdır. Təsadüfi deyil ki, bir çox beynəlxalq ekspertlər, o cümlədən nüfuzlu nəşrlər Prezident İlham Əliyevi harizmatik lider qismində dəyərləndirirlər.
"Ləyaqətli siyasət, kifayət qədər cəsarət və ölkənin gələcəyi üçün aydın strategiya mövcud olduğu halda müstəqil siyasət yeritmək mümkündür".
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, müstəqil siyasət əsas etibarilə ölkəyə rəhbərlik edən liderin şəxsi keyfiyyətlərindən və effektiv idarəetməsindən, bütövlükdə, onun istinad etdiyi rasional davranış modelindən asılıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ləyaqətli siyasət, kifayət qədər cəsarət və ölkənin gələcəyi üçün aydın strategiya mövcud olduğu halda müstəqil siyasət yeritmək mümkündür: "Müstəqil ölkə kimi Azərbaycan bu gün də müstəqil siyasət aparır. Bu müstəqil siyasət, ilk növbədə, Azərbaycan xalqının iradəsinə əsaslanır".
Cənab İlham Əliyev həmçinin qeyd edib ki, Azərbaycanın bu illər ərzindəki ən böyük uğuru müstəqillik yolundan dönməməsindən ibarətdir: "Müstəqillik sadəcə olaraq, dövlət atributları deyildir. Müstəqillik o deməkdir ki, ölkə müstəqil siyasət apara bilir, yoxsa yox. Xüsusilə, böyük olmayan ölkələr üçün bu, daha aktualdır. Xüsusilə, böyük güc mərkəzlərinin maraqlarının kəsişdiyi bir coğrafi məkanda yerləşən ölkələr üçün bu, aktualdır. Bu məkanda, bu qonşuluqda təbii sərvətlərlə zəngin olan Azərbaycan müstəqil siyasət aparır və aparacaqdır. Bizim təcrübəmiz onu göstərir ki, bu, mümkündür".
Göründüyü kimi, Azərbaycanın daxili və xarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Xarici siyasi əlaqələrini respublikamız siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Eyni zamanda, ölkəmizin iqtisadi gücü elə bir səviyyəyə çatıb ki, dünya bazarlarında baş verən kəskin dəyişikliklərin, böhranların təsir gücü ən aşağı həddədir. Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil edən Azərbaycan iqtisadiyyatı gücünə görə regionda liderdir. Ölkədə, həmçinin, əhalinin gəlirlərinin stabil artımı, sosial-siyasi sabitlik təmin olunub. Bu səbəbdən də müəyyən xarici qüvvələrin Azərbaycana təzyiq göstərmək, daxili sabitliyi pozmaq cəhdləri hər dəfə uğursuzluğa düçar olur.
Azərbaycan bir sıra təzyiqlərə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli danışıqlarında da prinsipial mövqe nümayiş etdirir. Bir məqama da xüsusi olaraq toxunmaq gərəkdir ki, Azərbaycanın həqiqi mənada müstəqil dövlət olması müasir beynəlxalq münasibətlər sisteminin suveren aktorları tərəfindən mütləq surətdə qəbul edilir.
2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin artan siyasi nüfuzundan xəbər verir. Doğrudur, hələ də Azərbaycanın müstəqil siyasət yürütməsindən narahat olan, ölkəmizin inkişafını, güclənməsini həzm edə bilməyən qüvvələr mövcuddur. Lakin əminliklə söyləmək olar ki, Azərbaycanın qətiyyətli iradə göstərməsi nəticəsində həmin qüvvələr əvvəl-axır gerçəkliklə barışmalı olacaqlar.
İnfoimperializm, qlobal dövlət və netokratiya nəzəriyyələri beynəlxalq münasibətlərin reallıqları kimi; Azərbaycan prizması kontekstində
Ümumiyyətlə, güclü siyasi liderin fəaliyyətinin təsir dairəsi bir ölkə ilə məhdudlaşmır, bütövlükdə regional, hətta müəyyən mənada, qlobal əhəmiyyət daşıya bilir. Bu baxımdan, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət regionda cərəyan edən siyasi, iqtisadi proseslərin axarına həlledici təsir göstərir. Məhz dövlət başçısının liderlik keyfiyyətləri əsasında bu gün Azərbaycan beynəlxalq aləmdə nüfuz sahibinə çevrilib. Azərbaycanın rolu artaraq təkcə regional səviyyədə deyil, regionlararası inteqrasiya proseslərində də öz sözünü deyən mühüm faktora çevrilib. Azərbaycan Avropa ilə Asiya qitələrini təkcə coğrafi baxımdan deyil, həm də siyasi, iqtisadi, mədəni nöqteyi-nəzərdən birləşdirən regional güc mərkəzidir.
Qeyd etmək lazımdır ki, cənab İlham Əliyevin xarici siyasət strategiyası dünya ictimaiyyəti tərəfindən təqdir olunan model kimi səciyyələndirilir. Çünki Azərbaycanın beynəlxalq səviyyədə qurduğu bütün əlaqələr bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı maraqların təmin olunması prinsiplərinə söykənir. Ölkəmizin tutduğu inkişaf yolu milli mənafeyi ifadə etməklə yanaşı, bölgənin inkişafına və sabitliyinə də xidmət edir. Buna görə də Azərbaycanın iqtisadi, hərbi, mədəni və digər sahələrdə həyata keçirdiyi siyasət təkcə özünün deyil, əməkdaşlıq etdiyi qonşu regionlardakı ölkələrin də inkişafına şərait yaradır.
Bu isə, ilk növbədə, Azərbaycanın gücünü, qüdrətini göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz böyük regional amilə çevrilib: "Bu gün Azərbaycan öz gücünə arxayın olan, öz gücünə arxalanan, bütün tərəfdaşlar ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda, təcrübəli ölkədir. Azərbaycan artıq böyük bir regional amildir. Sabitlik, təhlükəsizlik və inkişaf amilidir".
Bir məqama xüsusi olaraq toxunmaq gərəkdir: müasir dövrdə dünya siyasətinin əsas meyil və istiqamətlərini müəyyənləşdirən güc mərkəzləri beynəlxalq münasibətlər sistemini inhisara almaq, beləliklə, dünyanı vahid mərkəzdən idarə etmək üçün xüsusi fəaliyyət göstərirlər. Bu sırada qlobal dövlətin formalaşdırılması, yeni növ hakimiyyət forması olan netokratiyanın (şəbəkə hakimiyyəti) hegemoniyasının təmin edilməsi xüsusi yer tutur. Belə olan halda, dünya siyasətinin ənənəvi funksional aktoru olan milli dövlətlərin əyalətə çevrilməsi, onlara daha çox asayiş qoruyucusu funksiyasının verilməsi strateji məqsədlər qismində çıxış edir. Bu gün Yaxın Şərq və Şimali Afrikada baş verən proseslər söylədiyimiz fikrin praktik gerçəklikləri kimi səciyyələndirilə bilər.
Beynəlxalq güclər asayiş qoruyucusuna çevirməyə çalışdıqları milli dövlətlərdə cəmiyyət daxilində ideoloji, siyasi və dini platformada qütbləşmələr yaradırlar, gizli idarə edilən konfliktlər vasitəsilə xaos və anarxiya mühiti formalaşdırırlar. Bu, məhz idarə edilən xaosdur...
Şübhəsiz, Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin fəal aktorudur və özünün milli maraqlarına müvafiq olaraq beynəlxalq sistemə inteqrasiya olunur. Belə olan təqdirdə, infoimperializmə qarşı etibarlı müdafiə mexanizmi formalaşdırmaq və ölkəmizi, cəmiyyət nümayəndələrini, ayrı-ayrı strateji obyektləri kənar təsirlərdən qorumaq lazımdır. Burada isə aparıcı faktor məhz ölkəyə rəhbərlik edən şəxsin həyata keçirdiyi idarəetmə strategiyasının nə dərəcədə səmərəli olmasıdır. Tərəddüdsüz qeyd etmək olar ki, Azərbaycan xalqının alternativsiz lideri olan cənab İlham Əliyevin milli maraqları, xalqın ali mənafeyini, ölkəmizin suverenliyini qətiyyətlə qoruması infoimperializmin Azərbaycana qarşı mümkün neqativ təsirlərini neytrallaşdırıb.
Eyni zamanda, Azərbaycan cəmiyyətində idarə edilən xaosun, separatçı hərəkətlərin yaradılmasına, sosiumun dini, ideoloji və siyasi platformada qütbləşməsinə imkan verilməyib. Məlum olduğu kimi, ölkəmizə şimaldan etnik, cənubdan isə dini separatizm meyilləri gətirilməyə çalışılıb, eləcə də Qərbdən mədəni-ideoloji təsirlər yaradılması cəhdləri qeydə alınıb. Lakin Prezident İlham Əliyevin rasional idarəetmə strategiyası sayəsində bütün bu neqativ faktorların neytrallaşmasına nail olunub. Beləliklə, Azərbaycan cənab İlham Əliyevin liderliyi ilə öz müstəqilliyini qorumağa müvəffəq olub və müasir beynəlxalq münasibətlər sistemində suveren aktor kimi çıxış etməkdədir.
Azərbaycan müasir beynəlxalq münasibətlərin nüfuzlu aktoruna çevrilib
Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə də yüksək beynəlxalq nüfuza malik olan aktora çevrilib. Eyni zamanda, bəhs olunan xarici siyasət strategiyası bir neçə istiqamətdə ölkəmizi nəzərə alınan lokomotiv aktorlardan birinə çevirib. Başqa sözlə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaşa çevirib.
Hazırda rasional xarici siyasət kursu həyata keçirən müstəqil milli dövlətlər ölkəmizi etibarlı tərəfdaş, güclü, nüfuzlu milli aktor kimi qəbul edirlər. Son olaraq 2011-ci ilin oktyabr ayının 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhükəsizlik Şurasında (BMT TŞ) təmsil edəcək yeni qeyri-daimi (müvəqqəti) üzv seçilməsi və quruma 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında Sədrlik etməsi bunun başlıca göstəricisidir.
Əlbəttə ki, Azərbaycan həqiqətlərinin yayılmasında, dövlətimizin beynəlxalq imicinin artmasında ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq tədbirlərin də rolu böyükdür. Humanitar, mədəniyyət və digər sahələrdə keçirilən tədbirlər, ənənə halını alan Qəbələ Musiqi Festivalı, Beynəlxalq Muğam müsabiqəsi böyük maraqla qarşılanır. 2011-ci ildə isə "Eurovision" mahnı müsabiqəsindəki qələbəsi ilə dünyanın diqqətini özünə yönəldən Azərbaycan milli mədəniyyətini daha geniş səviyyədə təbliğ edə bildi. Bakıda keçirilən "Eurovision-2012" müsabiqəsi özünün möhtəşəmliyi ilə müsabiqənin tarixinə daxil olub. Müsabiqənin ən yüksək səviyyədə təşkili dünyaya göstərdi ki, Azərbaycan öz milli ənənələrinə, mədəniyyətinə sahib çıxmaqla bərabər, Qərb mədəniyyətinə də sürətlə inteqrasiya edir.
Dolayısıyla, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir.
Azərbaycan nəhəng layihələrin aparıcı aktorudur, yaxud Prezident İlham Əliyevdən siyasi iradə nümunəsi
Azərbaycanın enerji strategiyası hər zaman olduğu kimi bu gün də dünyanın diqqət mərkəzindədir. Həyata keçirilən çoxşaxəli enerji siyasəti ilə ölkəmiz regional və qlobal əhəmiyyətli aktora çevrilə bilib. Azərbaycan, həmçinin, enerji üzrə əlaqələrdə regional və qlobal əhəmiyyətini, eləcə də özünün enerji potensialını düzgün qiymətləndirərək əlaqələri də bu əsasda qurur.
Azərbaycanın enerji siyasəti xarici neft-qaz mənbələrindən asılı olan Avropa region ölkələrinin enerji təhlükəsizliyi baxımından çox böyük önəm kəsb edir. Dünya enerji bazarında ara-sıra baş verən proseslər göstərir ki, bəzi dövlətlər neft və qaz amilindən spekulyasiya edərək öz iqtisadi və siyasi məqsədləri üçün yararlanmağa çalışır. Azərbaycan isə bütün tərəfdaşları ilə səmimi, real bazar prinsiplərinə uyğun əlaqələr qurmaqla etibarlı partnyor imici qazanıb. Respublikamızın bu cür mövqeyə sahib olması və tarazlaşdırılmış siyasət aparması özünün enerji ehtiyatlarından güclü tərəfdaşlıq qurmaq üçün istifadə etdiyini sübut etmiş olur.
"Əsrin müqaviləsi"nin imzalanması ilə dünyada neft ölkəsi kimi tanınan Azərbaycanın təchizatçısı olduğu Bakı-Tbilisi-Ceyhan layihəsi ilə ölkəmiz qlobal enerji bazarında mühüm iştirakçıya çevrilib. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30-dək ölkəsinə ixrac edilir. Bəzi Avropa dövlətlərinin enerji balansında Azərbaycan neftinin 25-30 faiz təşkil etməsi kifayət qədər yüksək göstəricidir.
Eyni zamanda, son illərdə Azərbaycan təbii qaz ehtiyatlarına görə də diqqəti cəlb edir. Azərbaycanın mövcud qaz ehtiyatları bundan sonrakı 100 il ərzində respublikanın və tərəfdaş dövlətlərin mavi yanacağa olan tələbatının ödənməsinə imkan verəcək. Sadalanan amillər nüfuzlu dövlətlərin, o cümlədən beynəlxalq təşkilatların Azərbaycanla enerji sahəsində əməkdaşlığa daim maraq göstərməsinə səbəb olur.
XXI əsrin yeni möcüzəsi TANAP və TAP
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin növbəti uğuru 2012-ci ilin iyun ayında Azərbaycan və Türkiyə arasında Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi üzrə Hökumətlərarası Saziş və Ev Sahibliyi haqqında Sazişin imzalanması olub. Azərbaycan qazının Avropaya çatdırılmasının daha bir marşrutunu müəyyənləşdirən TANAP layihəsi qitə ölkələrinin enerji maraqlarına cavab verir. Belə ki, Azərbaycan enerji ixracı kəmərlərinin, Avropa ölkələri isə enerji idxalı mənbələrinin şaxələndirilməsində maraqlıdır. Bu layihə ilə Azərbaycanın Avropanın ən yaxın və etibarlı enerji tərəfdaşı olması bir daha təsdiqini tapır.
Digər tərəfdən, Şahdəniz" Konsorsiumunun Azərbaycan qazını Avropaya nəql edəcək layihə kimi Trans-Adriatik Qaz Kəmərini (Trans-Adriatik Pipeline (TAP) seçməsi praqmatik enerji siyasətinin ən mühüm nəticələrindən biri kimi səciyyələndirilməlidir. Bunun əhəmiyyətini daha yaxşı anlamaq üçün sadəcə layihənin miqyasını və mahiyyətini diqqətə çatdırmaq məqsədəmüvafiqdir. TAP layihəsi Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəmərinin (TANAP) davamı olub, "Şahdəniz-2" yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu kəmərlə ilkin mərhələdə ildə 10 milyard, daha sonra isə 20 milyard kubmetrə yaxın qazın nəql edilməsi gözlənilir.
Diplomatik məharətin və siyasi qətiyyətin təntənəsi
Ümumiyyətlə, beynəlxalq aləmdə TAP layihəsində iştiraka maraq böyükdür və dünya ictimaiyyəti bu layihənin gerçəkləşdirilməsi istiqamətindəki cəhdləri xüsusi qiymətləndirir. Bu layihə həm onda iştirak edən dövlətlər, həm də onun həyata keçirilməsi ilə birbaşa məşğul olan şirkətlər üçün olduqca sərfəli hesab edilir. Məlumatlara görə, Azərbaycan qazının Avropaya çatdırılmasında İtaliya heç də son hədəf olmayacaq və "Şahdəniz" qazının bu ölkədən Avstriyaya, İsveçrəyə, Almaniyaya və digər ölkələrə çatdırılması nəzərdə tutulub. Bundan əlavə, bu il Brüsseldə Albaniya, Bosniya və Herseqovina, Xorvatiya, Yunanıstan, İtaliya, Monteneqro, Serbiya və Sloveniya Adriatika-İonika Şurasının XV toplantısının yekunu olaraq bəyannamə qəbul edərək, regional enerji layihələri arasında, ilk növbədə, TAP-a xüsusi dəstək verəcəklərini vəd ediblər. Bu baxımdan, enerji ehtiyatlarının daşınması, nəqliyyat infrastrukturunun yaradılması və gücünün artırılması, Avropanın nəqliyyat sisteminə və şəbəkəsinə inteqrasiyasını nəzərdə tutan layihələr, xüsusilə, TANAP və TAP layihələri, eləcə də, Avropa İttifaqı tərəfindən dəstəklənən Yunanıstan-Bolqarıstan, Bolqarıstan-Rumıniya və Rumıniya-Macarıstan qaz şəbəkələrini birləşdirən layihələr də böyük əhəmiyyət daşıyır.
Ümumiyyətlə, TAP layihəsinin gerçəkləşdirilməsi istiqamətində razılığın əldə edilməsini həm də cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyətinin zəfəri kimi dəyərləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, bu layihənin gerçəkləşdirilməsinə dair razılıq beynəlxalq güclərin xüsusi səylərinin fonunda formalaşmış olduqca mürəkkəb şəraitdə əldə edildi. Bu fakt bir daha Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan dövlətinin suverenliyini, gücünü və nüfuzunu göstərir.
Beləliklə, göründüyü kimi, bu gün Avropa dövlətlərinin yanacaq təminatında həlledici rol oynayan Azərbaycan hər il zəngin neft və qaz ehtiyatlarının həcmini artırmaqla yeni ixrac marşrutlarının yaradılmasına imza atır. Respublikamızın enerji sahəsində diversifikasiya siyasəti dünya yanacaq bazarına yeni keyfiyyət dəyişiklikləri gətirir. Bu faktorlar, eyni zamanda, Azərbaycanın 100 ildən artıq müddətdə dünya bazarında böyük qaz tədarükçüsü kimi etibarlı təchizatçı olacağına dərin əsaslar yaradır. Ümumiyyətlə, Azərbaycan enerji ehtiyatlarının ixracını çoxşaxəli şəkildə və bütün ölkələrin təminatında həlledici rol oynaya biləcək sistem üzrə həyata keçirəcək. Ölkəmizin mövqeyi enerji təchizatının şaxələndirilməsi siyasətinin davam etdirilməsi ilə bağlıdır və indiyədək istifadəyə verilən çoxşaxəli boru kəmərləri də bunun təsdiqi sayıla bilər.
Cənab Prezident İlham Əliyevin ölkənin yol-nəqliyyat infrastrukturunu inkişaf etdirmək üçün başlatdığı genişmiqyaslı fəaliyyəti Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində (TRACECA) Azərbaycanın mühüm tranzit ölkəsi kimi əhəmiyyətini daha da artırdı. Böyük İpək Yolu kimi də tanınan bu nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsində yük və sərnişin daşımaları göstəriciləri 2004-cü ildən etibarən hər il artmağa başladı. Bununla da Azərbaycan tranzit ölkə kimi mövqeyini daha gücləndirdi, mühüm strateji dividendlər əldə etmiş oldu. Bu tarixi göstərici də Prezident İlham Əliyevin fenomenal fəaliyyətinin xüsusi göstəricisidir.
Prezident İlham Əliyevin rasional xarici siyasət və hücum diplomatiyası strategiyasının sayəsində ermənilərin 100 illik qara piar kampaniyası iflasa uğradıldı
Prezident İlham Əliyevin Azərbaycana liderlik etdiyi dövrü səciyyələndirən cəhətlərdən biri də ölkəmizin qlobal informasiya məkanında mövqeyini möhkəmləndirməsi, erməni diasporunun, lobbisinin, Ermənistan dövlətinin və onun havadarlarının ölkəmizə qarşı apardığı informasiya müharibəsinə fəal şəkildə müqavimət göstərməsi, hətta son dövrlərdə üstünlüyü ələ almasıdır. Ölkəmizin beynəlxalq nüfuzunun artması isə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına əlavə imkanlar yaradır. Bildiyimiz kimi, Azərbaycanın xarici siyasət sahəsində qarşıya qoyduğu başlıca məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünyaya çatdırılması, Ermənistanın işğal siyasətinin ifşa edilməsi, işğalçı dövlətə beynəlxalq təzyiqin gücləndirilməsi, son nəticədə isə zəbt olunmuş ərazilərin geri qaytarılmasıdır.
Bu məqsədlə, Azərbaycan beynəlxalq təşkilatlardakı mövqeyindən və ikitərəfli əlaqələrindən uğurla istifadə edir. 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən Azərbaycan Ermənistan dövlətinin işğalçı və terrorçu siyasətini ən yüksək kürsüdən dünyaya çatdırmaq imkanını əldən vermədi, 2012-ci ilin mayında Şuranın Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən toplantısında bu məsələlər TŞ üzvlərinin diqqətinə bir daha çatdırıldı.
Eyni zamanda, yüksək beynəlxalq nüfuza malik olan Azərbaycanın beynəlxalq miqyasda Xocalı soyqırımı həqiqətlərinin tanınması istiqamətindəki fəaliyyətini intensivləşdirməsi də mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb. Bu işdə Azərbaycan dövləti, müxtəlif ölkələrdəki səfirliklərimiz, Diasporla İş üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, ölkə daxilindəki ictimai qurumlar, dünyanın dörd bir yanındakı diaspor təşkilatlarımız, ölkədə və xaricdə yaşayan soydaşlarımız, qısası, Azərbaycanı sevən və bu ölkə üçün çalışan hər bir kəs səfərbər edilərək prosesə qoşulub. 2008-ci ildən bu vaxtadək Heydər Əliyevi Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən 60-dək ölkədə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası olduqca səmərəlidir.
Təsadüfi deyil ki, artıq beynəlxalq ictimaiyyət erməni quldur birləşmələri tərəfindən Azərbaycan xalqının başına gətirilən bu soyqırımına münasibətini ortaya qoyur. Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən, Ermənistanı təcavüzkar dövlət kimi tanıyan çoxsaylı qətnamələr qəbul edən İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan ilk beynəlxalq təşkilatdır. Təşkilatın Parlamentlər İttifaqının builki sessiyasında Xocalı soyqırımı ilə bağlı daha bir qətnamə qəbul olunub. Eyni zamanda, ABŞ-ın Xocalı soyqırımını tanıyan və bu cinayəti pisləyən ştatlarının sayı durmadan artmaqdadır. Belə ki, artıq Massaçusets, Texas, Nyu Cersi, Corciya və Meynin ardınca bu il Nyu-Meksiko və Arkanzas ştatları Xocalı qırğınını tanıyıblar. Bundan əlavə, ABŞ-ın Kaliforniya ştatı Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan qətnamə və proklamasiyalar qəbul edib.
Azərbaycanın yüksək beynəlxalq nüfuzunun və beynəlxalq münasibətlər sistemində rasional iştirakçılığının qanunauyğun nəticəsidir ki, Xocalı soyqırımı ayrı-ayrı dövlətlər səviyyəsində də tanınır. Yəni, 2011-ci ilin dekabr ayında Meksika, 2012-ci ilin fevral ayında Pakistan, aprelində isə Kolumbiya Xocalı soyqırımını rəsmən tanıyıb. Çexiya Respublikası və Avropa İttifaqının üzvləri arasında Ermənistanı dinc Xocalı sakinlərinin qətliamına görə rəsmən pisləyən və bu hərəkətləri insanlığa qarşı cinayət kimi tanıyan ilk dövlətə çevrilib. Daha sonra isə Bosniya və Hersoqovina parlamenti Xocalı faciəsini tanıyan qətnamə qəbul edib.
Bu və digər faktlar beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətlərinə verdiyi qiymətin göstəricisi olmaqla yanaşı, ölkəmizin informasiya sahəsində qələbəsi, eləcə də, diaspor siyasətinin uğurudur. Müxtəlif dövlət və ştatların Xocalı soyqırımını tarixi gerçəklik kimi tanıması Azərbaycanın dövlət və ictimai qurumlar səviyyəsində illərlə bu istiqamətdə apardığı davamlı fəaliyyətin nəticəsidir. Bu, o deməkdir ki, artıq beynəlxalq ictimaiyyət ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı və digər vəhşiliklərlə bağlı daha yaxşı məlumatlanıb və bu cinayətlərə özünün adekvat münasibətini ortaya qoyur. Beynəlxalq ictimaiyyətin həqiqətləri bilməsi və təsdiqləməsi isə tarixi təhrif edən yalan məlumatların sürətlə yayılmasının qarşısını alır.
Beləliklə, Prezident İlham Əliyevin rasional xarici siyasət strategiyasının fonunda ermənilərin uzun illərdir ki, Azərbaycana, Türkiyəyə və Türk dünyasına qarşı apardıqları qara piar kampaniyası iflasa uğradıldı və bu məsələdə obyektiv ictimai rəyin formalaşdırılmasına nail olundu. Bu, cənab İlham Əliyevin bütövlükdə Türk dünyası qarşısındakı ən böyük tarixi xidmətidir.
Dağlıq Qarabağ münaqişəsinin həlli güclü Azərbaycan dövlətinin olmasını tələb edir
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional xarici siyasət kursunun mühüm strateji istiqamətlərindən birini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edir.
Ümumiyyətlə, Azərbaycan münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda siyasi iradə nümayiş etdirərək konfliktin nizamlanması yolunda konstruktiv fəaliyyət sərgiləyib. Bildiyimiz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizin qarşıya qoyduğu ən prioritet məsələdir. Ermənistanın hərbi təcavüzü nəticəsində meydana çıxan bu münaqişə nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və yeddi ətraf rayon zəbt edilib, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olub. Azərbaycan konfliktin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə qlobal səviyyədə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. 20 ilə yaxındır ki, davam edən danışıqlar müddətində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyü məsələsində də respublika rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin mövqeyi tamamilə aydın və birmənalıdır. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və 7 ətraf rayonu işğaldan azad edilməli, soydaşlarımızın yurd-yuvasına qayıtması və təhlükəsiz həyat şəraiti təmin olunmalı, daha sonra Dağlıq Qarabağın statusu məsələsi öz həllini tapmalıdır. Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın mövqeyini birmənalı şəkildə bir daha bəyan edib: "Azərbaycanın prinsipial mövqeyi var, bu mövqe həm tarixi həqiqətə, həm beynəlxalq hüquq normalarına əsaslanır. Biz bu mövqedən kənara bir addım atmayacağıq. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıb və olmayacaqdır".
Ümumiyyətlə, danışıqların hazırki mənzərəsi Azərbaycanın aşkar üstünlüyünü, Ermənistanın isə çətin vəziyyətdə olduğunu göstərir. Minsk qrupu həmsədrlərinin irəli sürdüyü və sülh müqaviləsinin hazırlanmasında baza prinsipləri rolunu oynaya biləcək yenilənmiş Madrid təklifini Azərbaycan tərəfi qəbul etdiyini bildirib. İşğal edilmiş torpaqlardan Ermənistan ordusunun çıxarılması, məcburi köçkünlərin öz evlərinə qayıtması, Dağlıq Qarabağa keçid statusun verilməsi, bölgədə təhlükəsizliyin təmin edilməsi kimi prinsiplərin əks olunduğu yenilənmiş Madrid təklifinin rəsmi Yerevanın təcavüzkar siyasəti ilə bir araya sığmaması işğalçı rejimi çıxılmaz vəziyyətdə qoyub. Sülhün əldə olunması məqsədilə yekun razılaşmanın müzakirəsinə hazır olduğunu bildirən Azərbaycan bununla irəliyə doğru daha bir addım atıb. Bütün bunların qarşılığında Ermənistanın hələ də danışıqları uzatmağa çalışması, konstruktiv mövqe ortaya qoymaqdan imtina etməsi işğalçı ölkənin özünü çətin duruma salıb. İşğalçı ölkə rəhbərliyi anlamalıdır ki, Azərbaycan öz mövqeyində qətidir və bir qarış torpağını belə Ermənistana güzəştə getməyəcək.
Milli mədəniyyətimizin inkişafı və təbliği yeni mərhələdə
Cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyət göstərdiyi dövrdə görülmüş ən mühüm strateji tədbirlər sırasında ölkə mədəniyyətinin inkişafı və dünya miqyasında təbliği istiqamətində atılan addımlar xüsusi yer tutur.
2003-2013-cü illəri ölkəmizin mədəni irisnin beynəlxalq auditoriyanın diqqət mərkəzinə gətirilməsi və dünya səviyyəsində qorunmasına nail olunması ilə də səciyyələndirilməlidir. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan təbliğat və tanıtım işləri ölkəmizə aid bir çox incəsənət nümunələrinin YUNESKO tərəfindən "Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısı"na daxil edilməsi ilə nəticələnib.
Onu da qeyd etmək lazımdır ki, milli mədəniyyətimizin inkişaf etdirilməsi və dünyaya çatdırılması istiqamətində görülən işlərdə Ulu öndər Heydər Əliyevin adını daşıyan Fondun xidmətləri əvəzolunmazdır. 2004-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Heydər Əliyev Fondu mütəmadi olaraq xarici ölkələrdə Azərbaycan mədəniyyətini tanıtmağa yönələn tədbirlər həyata keçirir. Heydər Əliyev Fondunun fəaliyyəti, eyni zamanda, mədəniyyətlərarası dialoqa töhfədir. Məlumat üçün bildirək ki, artıq bir neçə ildir Fondun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı Şərq və Qərb musiqisini, eləcə də məşhur ifaçıları, bəstəkarları bir araya gətirir.
Azərbaycan musiqisinin dünyada təbliği və ölkəmizin beynəlxalq mədəniyyət mərkəzinə çevrilməsi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyətinin mühüm tərkib hissəsini təşkil edir. Azərbaycanın muğam və aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsində böyük xidmətlər göstərən Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı ölkə mədəniyyətinin tanıdılması istiqamətində görülən işlərin zirvəsini təşkil edir.
Müasir Azərbaycanın intensiv tərəqqisinin fonunda regionların sosial-iqtisadi inkişafı
Prezident İlham Əliyevin siyasi portretini formalaşdıran ən mühüm cizgilərdən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. Prezident seçildikdən sonra Azərbaycanın bütün bölgələrinin inkişafını strateji məqsəd kimi müəyyənləşdirən cənab İlham Əliyev bu istiqamətdə mühüm uğurlara nail olunmasını təmin edib.
Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bütün bunlar isə, şübhəsiz, Azərbaycanın modernləşmə və tərəqqisinə xidmət edir.
Bütövlükdə demək olar ki, regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla belə bir real tezis meydana çıxarır: son 10 ildə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik tam modernləşən dövlətə çevrilib.
Prezident İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafına yönələn siyasəti insan amili üzərində qurulub və bunun nəticəsi olaraq regionların inkişafına yönələn proqramlarda sosial təyinatlı obyektlərin tikilməsi, yenidən qurulması xüsusi diqqət mərkəzindədir.
Həmçinin, regionlarda idarəetmə işinin səmərəliləşdirilməsi, bürokratik əngəllərin aradan qaldırılması, yerli strukturların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılması kimi faktlar həyata keçirilən siyasətin əhəmiyyətini göstərir.
Prezident İlham Əliyevin sosial dövlət fəlsəfəsi və reallıqlar
Prezident İlham Əliyevin daxili siyasət kursunun çox mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Ümumiyyətlə, cənab İlham Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur.
Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Azərbaycanda sosial siyasət elə şəkildə həyata keçirilir ki, dövlət ümummilli məhsulun təkrar bölüşdürülməsinin bazar mexanizmini tamamlayır və dəqiqləşdirir. Bu zaman minimal baza tələblərinin təminatlı şəkildə ödənilməsi və əhalinin daha artıq sosial müdafiə tələb edən hissəsinə sosial yardım göstərilməsi həyata keçirilir. Ölkəmizin dövlət büdcəsi də yuxarıda göstərilən prinsiplərə uyğun olaraq formalaşdırılır. Belə ki, büdcənin 30 faizdən çoxu sosial məsələlərə yönəldilir ki, bu da ölkəmiz üçün tamamilə məqbuldur.
Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır".
Qaçqın və məcburi köçkünlərə qayğı daxili siyasətin əsas istiqamətlərindən biri kimi
Cənab İlham Əliyevin ölkə başçısı kimi 10 illik fəaliyyətinin pozitiv göstəricilərindən biri də qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımıza yüksək səviyyəli dövlət qayğısının təşkil edilməsi olub. 2003-cü ildə Azərbaycan Respublikasının prezident seçkiləri ərəfəsində "bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını" bildirən cənab İlham Əliyev verdiyi vədə əməl etdi. Ötən müddət ərzində çadır düşərgələri tamamilə ləğv edilərək məcburi köçkünlər üçün bütün infrastruktura malik olan yeni qəsəbələr salındı.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş səyləri, bu məqsədlə qəbul etdiyi qərarlar və həyata keçirilmiş proqramlar sayəsində işğal nəticəsində öz evlərini tərk etməyə məcbur olmuş insanlar arasında yoxsulluq həddi 5 dəfə - 75 faizdən 15 faizədək azaldı. Bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir.
Bununla yanaşı, 2004-2012-ci illər ərzində 85,5 min nəfər məcburi köçkün işlə təmin edilib, 2331 nəfər peşə hazırlığı kurslarına, 1716 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub, 16 min ailəyə ünvanlı sosial yardım verilib. Həmçinin, cənab İlham Əliyevin prezident kimi fəaliyyətinin uğurlu nəticələrindən biri kimi on minlərlə qaçqın və məcburi köçkün ailəsi dövlət tərəfindən tikilmiş yaşayış üçün hər cür şəraiti olan yeni mənzillər aldı.
Cənab İlham Əliyev demokratik inkişafın milli modelini formalaşdırıb
Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yönündəki strateji əhəmiyyətli nəticələrə də toxunmaq məqsədəmüvafiqdir. Tərəddüdsüz qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub və hüquqi dövlət quruculuğu artıq başa çatıb. Ümumiyyətlə, modernləşmə strategiyasının yeni keyfiyyətdə davam etdirilməsi, siyasi mədəniyyətin yeni keyfiyyət ünsürləri ilə zənginləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təkmillik səviyyəsinin artırılması istiqamətində təməl strateji tədbirlərin görülməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, subyektlərarası simmetrik münasibətlərə real əlverişli zəmin yaradan plüralist mühitin möhkəmləndirilməsi kimi strateji səciyyə daşıyan faktorlar təkmil və mükəmməl struktur elementlərinə malik olan siyasi sistemin tamlığını təmin edib. Məhz bunun da qanunauyğun nəticəsi kimi, demokratik tranzit yeni keyfiyyətdə davam etdirilib və onun mütləq komponentləri bərqərar olunub.
Sadalananları sübut edən başlıca faktlardan biri də ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin təşəkkül tapmasıdır. Belə ki, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı mənəvi məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib.
Cənab İlham Əliyevin fəaliyyəti dövründə insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunması istiqamətində xüsusi işlər görülüb, əhəmiyyətli nəticələr əldə edilib. "Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk" - deyən Prezident İlham Əliyevin birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistemli işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bununla bağlı bildirib: "Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk... Əlbəttə, çox vacibdir ki, bu sahədə həm beynəlxalq təşkilatlar tərəfindən, eyni zamanda, bu sahə ilə bilavasitə məşğul olan qurumlar tərəfindən vahid meyarlar tətbiq olunsun. Biz, əlbəttə, gələcək fəaliyyətimizdə də Azərbaycanda həm siyasi, həm iqtisadi, həm də sosial islahatları davam etdirəcəyik, insan hüquqlarının qorunması üçün bütün lazımi tədbirləri görəcəyik".
Məhz bu cür ali və humanist mövqeyin qanunauyğun nəticəsi kimi, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda İnsan hüquqları günü elan edilib. Sərəncamda Ulu öndər Heydər Əliyevin 1998-ci il iyunun 18-də Azərbaycanda ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nı təsdiq etdiyi xatırladılır və bildirilir ki, Heydər Əliyev insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib.
Həmçinin, cənab İlham Əliyevin siyasi kursunun qanunauyğun nəticəsi kimi, ölkəmizdə söz və mətbuat azadlığı yüksək səviyyədə təmin edilib, o cümlədən dövlətimizin başçısı mətbuatın inkişafına, media nümayəndələrinin sərbəst fəaliyyətinə və sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirir. Əgər biz Azərbaycan mətbuatının son 10 ildəki inkişaf tarixinə nəzər salsaq görərik ki, dövlət milli mətbuatın inkişafı üçün əlindən gələni edib. Nəzərə alsaq ki, Azərbaycanda milli mətbuatın maliyyə əsasları bir qədər zəif və kövrək təməllər üzərində qurulub, o zaman 2008-ci ildə qəbul edilən "KİV-in inkişafına dövlət dəstəyi konsepsiyası"nın nə qədər əhəmiyyətli olduğunu görərik. Eyni zamanda, onu da qeyd edə bilərik ki, 2009-cu ildən başlayaraq siyasi təmayülündən, mövqeyindən, tənqidçi, təqdirçi və yaxud orta mövqedə olan hansı növ milli mətbuatı təmsil etməsindən asılı olmayaraq, gündəlik çıxan bütün qəzetlərə eyni məbləğdə yardım edilib. Bu isə, əlbəttə ki, Azərbaycan hakimiyyətinin siyasi iradəsi əsasında baş verib.
Prezident İlham Əliyev Azərbaycan gəncliyinin hamisidir
Müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə olunması təşkil edir. Ümumiyyətlə, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər Azərbaycanda gənclər siyasətinin uğurları ilə yadda qalıb. Bildiyimiz kimi, gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Hər bir ölkənin gələcəyi gənc nəslin təhsil, fiziki və mənəvi sağlamlıq səviyyəsindən xeyli dərəcədə asılıdır. Heç şübhəsiz, Azərbaycan gəncliyinin parlaq gələcəyinin təmin edilməsi, gənclərimizin istedadının, potensial imkanlarının aşkara çıxarılması və genişləndirilməsi, onların şəxsiyyət kimi formalaşmasına lazım olan hər bir şəraitin yaradılması dövlət əhəmiyyəti daşıyan strateji bir məsələdir. Bu baxımdan, Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi surətdə təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.
Dövlət başçısının gənclər siyasəti ilə bağlı imzaladığı proqramların əhatəliliyini, onların gənclərlə bağlı ən müxtəlif sahələrdə görüləcək işləri əks etdirməsini və yüksək səviyyədə icrasını nəzərə aldıqda, Azərbaycanda gəncliyə və gənclərə, həqiqətən də, böyük önəm verildiyi bir daha aydın olur.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Hər il olduğu kimi, ötən ildə də gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldırlar.
Beləliklə, sadalananlardan aydın olur ki, Prezident İlham Əliyev Azərbaycan gəncliyinin hamisidir. Bu səbəbdən də gənclər Azərbaycanın gələcək inkişafını məhz cənab İlham Əliyevin adı ilə bağlayırlar.
Milli təhlükəsizlik strateji vəzifə kimi müəyyənləşdirilib və onun qorunması təmin edilib
Vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyevin rasional daxili və xarici siyasət kursu sayəsində ölkəmizin milli təhlükəsizliyi yüksək səviyyədə təmin edilib. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb.
Şübhəsiz, hər bir ölkənin milli təhlükəsizliyi müxtəlif istiqamətlərdə təhdid ünsürlərinin neytrallaşdırılması və neqativ faktorlarla mübarizə metodlarının düzgün müəyyənləşdirilməsindən asılıdır. Azərbaycanda milli təhlükəsizliyin təmin olunmasına konseptual yanaşma mövcuddur və təhdid ünsürləri effektiv vasitələrlə neytrallaşdırılmaqdadır. Bu istiqamətdə diqqəti XXI əsrdə xüsusi əhəmiyyət kəsb edən üç sahəyə-informasiya, su və ərzaq təhlükəsizliyinə yönəltmək istərdik.
İnformasiya təhlükəsizliyi İlk növbədə, informasiya təhlükəsizliyinin təmin olunmasının və bu sahədə maraqların müdafiə edilməsinin Azərbaycan təcrübəsi ilə bağlı qeyd edə bilərik ki, qloballaşma və beynəlxalq inteqrasiya şəraitində Azərbaycan informasiya təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirir. Dövlət siyasətində prioritet kimi müəyyənləşdirilən informasiya maraqlarının və təhlükəsizliyinin təmin edilməsi konseptual əsasda strateji məqsəd kimi müəyyən edilib. Əlbəttə, bu, informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi sayəsində mümkün olur ki, bu istiqamətdə də sürətli tərəqqini şərtləndirən əhəmiyyətli tədbirlər görülməkdədir. "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" qəbul edilib və burada inkişafın əsas strateji istiqamətləri təsbit olunub.
İnformasiya təhlükəsizliyinin əsas istiqaməti kimi beynəlxalq arenada informasiya hücumlarının qarşısının alınması, informasiya vasitəsilə və xüsusilə də, virtual platformada təxribat və neqativ təbliğatların neytrallaşdırılması, bütövlükdə, informasiya mübarizəsinin rasional və praqmatik surətdə təşkil edilməsi başlıca strateji vəzifələr qismində çıxış edir. Bununla bağlı Prezident İlham Əliyev qeyd edib: "İnformasiya mübarizəsi indiki şəraitdə hesab edirəm ki, prioritet məsələlərdən biridir. Biz internet və qloballaşma dövründə yaşayırıq və bütün müasir imkanlardan maksimum dərəcədə istifadə etməliyik. Onu da qeyd etməliyəm ki, Azərbaycanla bağlı olan bəzi informasiyalar, biz onu yaxşı bilirik, həqiqətə uyğun deyildir. Bəzi hallarda bəzi dairələr, - onların adını çəkmək bəlkə də mənim üçün yaxşı olmaz, onsuz da onları hamımız yaxşı tanıyırıq, - Azərbaycana qarşı böhtan, iftira kampaniyası aparırlar. Bunun da səbəbi var və burada, əlbəttə ki, təkcə erməni lobbisindən söhbət getmir, halbuki bu kampaniyanın arxasında daha çox onların qulaqları görsənir. Ancaq bütövlükdə biz bilirik, kim nə üçün nəyi yazır, hansı məqsədlə və nə vaxt. Əgər ölkəmizin həyatında və ətrafda gedən proseslərə nəzər salsaq görərik ki, artıq Azərbaycanla bağlı olan mənfi məlumat bölgədə gedən müəyyən vacib hadisələrlə uzlaşır. Bunu biz bilirik, görürük və buna qarşı mübarizə aparmalıyıq".
Su təhlükəsizliyi
İkincisi isə su təhlükəsizliyinin təmin olunmasıdır ki, burada da kifayət qədər mühüm əhəmiyyət kəsb edən strateji xarakterli addımlar atılıb. Ümumiyyətlə, müasir dövrdə su təhlükəsizliyinin təmin olunması dövlətlər üçün kifayət qədər ciddi və prioritet məsələlərdən biridir. Azərbaycan dövlətinin gördüyü nəhəng işlərə bu kontekstdən yanaşsaq, onun təkcə bu gün deyil, dövlətimizin və xalqımızın gələcəyi baxımından da nə qədər böyük əhəmiyyət kəsb etdiyini daha yaxşı dərk etmiş olarıq. Bu istiqamətdə ardıcıl layihələrin həyata keçirilməsi qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, bu günlərdə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Şabran rayonu ərazisində inşa edilən Taxtakörpü su anbarı, 25 meqavatlıq Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışı bu kontekstdə xüsusilə qeyd edilməlidir.
Dövlətimizin başçısı İlham Əliyev də bu məsələyə toxunaraq deyib ki, bu layihələrin uğurla icrası tarixi bir nailiyyətdir: "Bu layihələrin icrası, eyni zamanda, ölkəmizin su təhlükəsizliyini də təmin edir. Bu məsələlərə də biz daim diqqət göstəririk. Çünki ölkəmizi qidalandıran əsas su mənbələri Azərbaycanın hüdudlarından kənarda formalaşır. Ona görə su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq strateji əhəmiyyətli bir məsələdir. Taxtakörpü su anbarının yaradılması ilə biz bu strateji hədəfə çatırıq. Bizim sularımız Kür çayından, Araz çayından, Samur çayından gəlir ki, bu çaylar öz mənbəyini başqa ölkələrdən başlayır. Beləliklə, su təhlükəsizliyi bizim üçün strateji əhəmiyyətli məsələdir və gələcəkdə hər bir ölkə üçün su ehtiyatları strateji dəyər olacaqdır.
Bu gün dünyada daha çox neft-qaz resursları uğrunda mübarizə aparılır və xoşbəxtlikdən Azərbaycan bu resurslardan, xalqın rifahı, ölkənin inkişafı naminə səmərəli şəkildə istifadə edir. Amma vaxt gələcək su resursları uğrunda mübarizə daha da kəskinləşəcəkdir. Biz artıq bu mübarizənin təzahürlərini görməkdəyik. Belə olan halda su təhlükəsizliyi Azərbaycanda tam şəkildə təmin edilməlidir. Taxtakörpü su anbarı və Samur-Abşeron suvarma sistemi, Şəmkirçay su anbarı, ölkədə icra edilən su layihələri bu məqsədə xidmət edir".
Təqdirəlayiq haldır ki, Azərbaycan dövləti bu kimi layihələri həyata keçirmək üçün hansısa dövlətə, maliyyə təşkilatına müraciət etmir. Azərbaycan dövlətinin güclü iqtisadi imkanları hesabına görülən bu işlər xalqımızın gələcəyinə xidmət edir.
Ərzaq təhlükəsizliyi
Üçüncüsü ərzaq təhlükəsizliyinin təmin olunmasıdır ki, bu da cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin strateji prioritetləri sırasındadır. Ümumiyyətlə, dünya əhalisinin sürətlə artdığı, təbii ehtiyatların tükəndiyi bir şəraitdə ərzaq təhlükəsizliyi məsələsi daha kəskin şəkildə özünü biruzə verir. Ərzaq təhlükəsizliyi probleminin kəskin xarakter almasından sonra bu problem istənilən dövlət, o cümlədən Azərbaycan üçün milli təhlükəsizliyin təmin edilməsi istiqamətində diqqət yetirilməsi zəruri olan ən mühüm məsələlərdən birinə çevrilib. Bu problemin həlli, ilk növbədə, yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır. Hazırda, ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatının diversifikasiyası, kənd təssərrüfatının inkişafı, ümumilikdə, bütün sahə və istiqamətlərdə ardıcıl tərəqqi strategiyası uğurla həyata keçirilməkdədir. Onu da qeyd etmək lazımdır ki, ərzaq təhlükəsizliyinin təminatı, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, yerli istehsalın inkişafı məqsədyönlü siyasətin əsas istiqamətlərini təşkil etməkdədir.
Ümumilikdə, dövlətimiz tərəfindən ərzaq təhlükəsizliyinə bilavasitə aidiyyatı olan ayrı-ayrı sahələrdə kompleks tədbirlər görülür və strateji hədəflər əldə edilməkdədir.
Ölkəmizdə ərzaq məhsullarının istehsalının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, ərzaq təminatı sisteminin institusional inkişafının həyata keçirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması və digər istiqamətlərdə tədbirlər həyata keçirilib, səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi sahəsi üzrə əsaslı islahatlar reallaşdırılıb.
Azərbaycan özünü təmin edən dövlət və suveren aktordur
Məhz Azərbaycan xalqının alternativsiz lideri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil siyasətin nəticəsidir ki, bu gün Azərbaycan heç bir xarici qüvvədən asılı deyil, öz enerji, ərzaq və hərbi təhlükəsizliyini təmin etmək iqtidarındadır. Təbii resurslardan düzgün istifadə edilməsi nəticəsində ölkəmiz maliyyə imkanlarını genişləndirib. Bütün sahələr üzrə dinamik inkişaf göstəricilərinə nail olan Azərbaycan qarşıya çıxan maneələri aradan qaldırmaq gücündədir. Bu səbəbdən, respublikamız ən çətin vaxtlarda da kənar yardımlara ehtiyac hiss etmir. Bütün dünyanı iqtisadi böhran bürüdüyü zamanda Azərbaycan ciddi zərərə məruz qalmayan azsaylı ölkələrdən biri oldu. Kapital imkanları genişlənən ölkəmiz nəinki kənar yardımlara ehtiyac duymur, hətta özü də donor ölkə kimi çıxış edir. Bir sözlə, Azərbaycan, sözün əsl mənasında, özünü təmin edən dövlətdir. Bütün bu naliyyətlərin əldə edilməsi isə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində mümkün olub. Ona görə də 9 oktyabr 2013-cü il prezident seçkilərində xalqın yalnız bir seçimi olacaq, İlham Əliyev.
Hikmət Babaoğlu
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru
/Trend/