İrina Bokova ikinci dəfə YUNESKO-nun baş direktoru təyin edildi

5 Oktyabr 2013 09:24
İrina Bokova YUNESKO-nun İcraiyyə Şurasına daxil olan 58 üzv-dövlət tərəfindən ikinci dəfə 4 il müddətinə təşkilatın baş direktoru təyin edilib. Bu barədə YUNESKO-nun Trend-ə daxil olan rəsmi press-kommünikesində deyilir.

Seçkiqabağı kampaniyada üç namizəd iştirak edib: İrina Bokova (Bolqarıstan), Rəşad Dəra (Cibuti) və Jozef Maila (Livan).

Səsvermənin birinci turu başa çatdıqdan sonra İcraiyyə Şurasının sədri, səfir Alissandra Kummins (Barbados) nəticələri açıqlayıb:

"İrina Bokova qeydə alınan səslərin əksəriyyətini yığaraq ikinci müddətə YUNESKO-nun baş direktoru vəzifəsinə təyin olunur".
 

Noyabrın 12-də İcraiyyə Şurasının qərarı bəyənilməsi üçün Baş Konfransa təqdim ediləcək. Konfransın işində YUNESKO-nun 195 üzv-dövlətinin nümayəndələri iştirak edəcəklər.
 

Qeyd edək ki, İ.Bokova 1952-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada anadan olub. 2009-cu ildə YUNESKO-nun baş direktoru seçilən xanım İ.Bokova bu vəzifədə çalışan ilk qadındır.

Milli.Az