Pilotlar üçün 11 min planşet

2 Oktyabr 2013 22:54
ABŞ-ın nəhəng Delta Airlines aviadaşıyıcısı Microsoft korporasiyasından şirkətin pilotları üçün 11 min ədəd Surface 2 planşet kompüter modelini almağı planlaşdırır. Delta nümayəndələri bildirir ki, planşetlər pilotların uçuş zamanı tez-tez istifadə etdikləri ağır kitab və xəritələri əvəz edəcək. Qeyd edək ki, ABŞ-ın digər iri aviaşirkətləri, o cümlədən American Airlines və United Airlines bu məqsədlər üçün iPad planşet modelini seçiblər.

Aviaşirkət nümayəndələri, həmçinin əlavə ediblər ki, Surface planşetlərindən istifadə böyük həcmli kağız ədəbiyyatının daşınması, alışı, surətinin çıxarılması və məhv edilməsi ilə bağlı 13 milyon dollar məbləğində müxtəlif xərclərə qənaət etməyə imkan verəcək. Hazırda şirkətin hər pilotu özü ilə uçuşa təyyarənin təlimatı və digər materiallarla əlaqədar 11 kiloqramlıq texniki sənədlər toplusunu götürmək məcburiyyətindədir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkət nümayəndələrinin sözlərinə görə, Delta planşetləri Boeing 757 və Boeing 767 təyyarələrini idarə edən pilotlar qrupunda sınaqdan keçirmək niyyətindədir. Bundan başqa, o da bildirilir ki, aviaşirkət ABŞ Federal Aviasiya İdarəsinə planşetlərin pilotlar üçün mütləq həll kimi sertifikatlaşdırılması üçün müraciət edəcək.

Planşetlərdən istifadə həmçinin pilotlara aeroport və aviaşirkətlərin texniki xidmətləri ilə internet vasitəsilə uçuş məlumatlarını mübadilə etməyə və uçuş zamanı təyyarənin göyərtəsində baş verə biləcək fövqəladə hallar haqqında məlumat verməyə imkan verəcək.

Milli.Az