Əli Kərimli susur, susmaq da ki...

1 Oktyabr 2013 12:24

AXCP sədrinin maliyyə fırıldaqları "müttəfiqlər"ini də hərəkətə gətirib

Xarici havadarlarının maliyyə dəstəyi ilə istənilən yola baş vurmağa hazır olan ifrat radikal dairələrin iç üzünü artıq xalq yaxşı tanıyır. Həmin ifrat radikal düşərgənin əsas "oyunçular"ından biri olan AXCP sədri Əli Kərimlinin xaricdən aldığı "əmr"lər əsasında fəaliyyət göstərməsi və son vaxtlar böyük "maliyyə maxinasiya"larında adının hallanması ümumilikdə düşərgədəki ab-havanı tam əks etdirir.

Destruktiv düşərgənin xaricdə fəaliyyət göstərən antiazərbaycançı şəbəkə ilə maliyyə əməkdaşlığı barədə faktlar zaman-zaman ortaya çıxıb. Ə.Kərimlinin ermənilərlə əməkdaşlığının ən bariz nümunəsi olan Ruslan Bəşirli olayı, "Hüquq müdafiəçisi" adı ilə maskalanmış L.Yunus və ona yaxın olan ünsürlərlə sıx münasibətləri bu partiya sədrinin siyasi portiretinin cizgilərini cəmiyyətə açıq göstərmişdi.

"Virtualaz.org" saytının AXCP sədri Əli Kərimli və onun yaxın adamlarının böyük maliyyə fırıldaqlarını faktlar əsasında üzə çıxarması partiya daxilində "bomba" kimi partladı. Sənədlərdə Əli Kərimlinin "gizli oyunları", yəni "bank əməliyyatları" tam təfərrüatı ilə əks olunub. Bu bank materiallarının təhlili ortaya AXCP sədri üçün həddən artıq arzuedilməz faktlar çıxarıb. Məlum olur ki, Əli Kərimlinin özü və qohumları 2012-ci il oktyabrın 30-dan 2013-cü il iyunun 13-dək olan müddətdə banklardan 8 milyon 603 min 364 manat pul çıxarıblar.

Sənədlərdə Əli Kərimlinin, oğlu Türkel Kərimlinin, əmisi oğlu Tofiq Kərimlinin, qayını Elnur Seyidovun, baldızı Aytən Seyidovanın adları keçir. Maraqlıdır ki, 2005-ci ildən bəri rəsmən heç yerdə işləməyən, bizneslə məşğul olmayan Əli Kərimli bu qədər maliyyə vəsaitini hansı mənbələrdən əldə edib? Məlumatda göstərilir ki, Ə.Kərimlinin qayını Elnur Seyidov 2011-ci il yanvarın 28-dən 2012-ci il fevralın 24-dək banklardan 4 milyon 680 min manat nağd pul çıxarıb.

Əli Kərimlinin "maliyyə əməliyyatları"nın detallarının ortaya çıxması AXCP daxilində sədrə qarşı etimadsızlığı artırıb. Hətta Ə.Kərimlinin müavinləri açıq şəkildə istefa tələbini də səsləndiriblər. Artıq partiya daxilində sədrə qarşı etimadsızlıq yaranıb ki, bu da qarşıda böyük konfrantasiyanın olacağını qaçılmaz edir.

Digər ciddi məqamsa dağıdıcı müxalifət düşərgəsində AXCP sədrinə qarşı "müttəfiq"ləri tərəfindən "kompromat müharibəsi"nə start verilməsidir. Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbər, eləcə də "Milli Şura"da təmsil olunan partiyalar da Ə.Kərimlinin maliyyə fırıldaqlarına kəskin münasibət bildiriblər. Aldığımız məlumata əsasən İ.Qəmbər Ə.Kərimlini ciddi cəzalandırmaq niyyətindədir. Buna səbəbsə AXCP sədrinin bankdan yaxın qohumları vastəsilə çıxardığı 8 milyon manatdan seçki kampaniyasına 1 manat da olsun pul xərcləməməsidir. Halbuki Ə.Kərimli "müttəfiq"ləri ilə hər dəfə keçirdiyi görüşdə seçki kampaniyasına vəsait xərcləmək üçün pulunun olmadığından şikayətlənmişdi. İndi isə böyük məbləğdə vəsaitin ortaya çıxması radikal düşərgədə əməlli-başlı çaxnaşma yaradıb.

Xatırladaq ki, bir müddət əvvəl Tiflisin mərkəzində yerləşən və erməni mənşəli Gürcüstan vətəndaşı Andrey Nersesyana məxsus "Vera Palace" otelində radikalların görüşü zamanı müzakirə edilən məsələlərdən biri də məhz seçki kampaniyası dövründə maliyyələşmə təminatı ilə bağlı olmuşdu. Tədbirdə AXCP tərəfindən sədrin müavinləri Fuad Qəhrəmanlı və Gözəl Bayramlı iştirak edərək maliyyə məsələsində Ə.Kərimlinin heç bir dəstək verə bilməyəcəyini qəti şəkildə bildirmişdilər. Hazırda isə AXCP sədrinin fakt qarşısında qalması və yaxın silahdaşlarına və "müttəfiq"lərinə cavab verməməsi situasiyaya tam aydınlıq gətirir. Ə.Kərimli susmaqla bank əməliyyatlarını təsdiqləməklə yanaşı, "müttəfiqlər"inə də həmişəki kimi yenə də "atdığını" sübuta yetirir.

"Azərbaycan"