Öz qiymətimi bilmirəm, heç vaxt da bilməmişəm...

28 Sentyabr 2013 19:16

Milli.Az Kult.az-a istinadən rusiyalı yazıçı Marta Ketronun "Almaların xanımı" əsərindən hissələri təqdim edir.

"Almaların xanımı" (rusca "Qospoja Əblok") - rus yazıçısı İnna Pozdnevanın (Marta Ketro - "karta metro" söz birləşməsinin baş hərflərinin yerini dəyişməklə götürdüyü təxəllüsdür) qələmə aldığı kitabdır. Kitab iki povestdən ibarərdir. Birinci "Özüm kimi gombul", ikinci "Tülkü-zövcə" adlanır.
Kədər və sevincin qəribə sintezi olan bu əsər kalvados kimi eyninizi aça bilər. Bircə fərqlə. Xumarlanmayacaqsınız. Yalnız almanın xoş dadı qalacaq.

Əsərdən seçilmiş hissələr

Bəzi insanlar nəyəsə sahib olmaq arzusundadırlar, digərləri nə isə olmaq, başqaları isə nə isə etmək.
Marc axırıncı kateqoriyaya aid idi, o, roman yazmaq istəyirdi. Özü də elə belə yox, gombul roman. Çox gombul. "Özüm kimi gombul", belə deyirdi.

***

Hələ universitet vaxtlarından Marc başa düşmüşdü ki, intellektual romançı üçün çox mehriban və gülərüzdür, dəbli romançı üçün isə, çox təəssüf, kifayət qədər arıq deyil.

***

Kitab oxucunun tələblərinə uyğun gəlməli olan müəllifi ilə birgə satılır. Şıklit yazırsansa, zəhmət çəkib Avropada geyinməlisən, ciddi nəsrə iddialısansa, onda gözəlim, eynəklərin, elmi nitqin və iyrənc xarakterin hanı? Romantik yüngül bir şey - totuş, şən qadınların alnına bu yazılıb.

***

O, fikrini məqsədində cəmləməlidir, və əgər otuz səkkiz yaşın varsa, kişi məqsəd ola bilməz.

***

O, istedadlı arvadının psixikasının xüsusiyyətlərinə hörmət edirdi.

***

- Məncə, - Marc mülayimliklə izah etdi, - bəzi şeyləri başa düşəndən sonra onlar haqda fikir yürütmək lazımdır. Müəllifə bir müddət ruhun səyahətini bir kənara qoymağı və gündəlik sadə sevinclərə qapılmağı məsləhət görürəm. Okeana gedin, aşiq olun, və ən nəhayət, evlənin. Ən azı üç, ən yaxşısı isə beş il nəsr ilə işiniz olmasın. Cismani həyatın gözəlliklərinin dadına baxın (hamburgerləri nəzərdə tutmuram), dovşanları müşahidə etməklə doymaq olmur.

***

Maraqlıdır, vəcdə gəlməyim və şadyanalığım əsl yazıçı olmağım anlamına gəlir, yoxsa bu başlı-başına buraxılan qrafomaniyanın əlamətidir? Ancaq qrafoman üçün mən çox ləng yazıram.

***

- Sənətindən kult düzəltmə. Allahaxtarıcılıqlarının arxasında öz çirkli corablarının iyini hiss etməyən, çimməyən filoloqlara qulaq asma. Yaxşı satılan keyfiyyətli mətnin varsa, bundan sonra sən kimsən? Əlbəttə ki, yazıçı.
- Ancaq Aqata Kristi, dahi Aqata Kristi... O avropalıdır və çoxdan vəfat edib, - Rebekkanın qalxmış qaşını görən Marc dəqiqləşdirməyə tələsdi, - çoxlu əla romanlar yazıb, ancaq ömrünün sonuna kimi özünü əsl yazıçı hiss etməyib. Evdar qadın, əczaçı, arxeoloq kimi hə, ancaq söhbət ədəbi işlərə gələndə, həmişə utanıb.
- Axmaq olub, - Rebekka belə bir nəticəyə gəldi, - öz işini gör və heç kimə fikir vermə.

***

Bu adam ilk dəfə başını 12 yaşında, Disneylendə səyahətləri zamanı keçən ilki sinfi ilə çəkdirdiyi şəkillərə baxarkən itirdi. Başqa uşaqların arasında şəkli maksimum böyüdərkən aşiq olduğu qaragözlü Dolli adlı qız var idi. Niyə onun gözəlliyinin Brüsün qəlbinə belə çətin üsulla yol tapması məlum deyil. Onun diqqətini cəlb etmək üçün, Brüs öz fikrincə kifayət qədər bəlli şeylər edirdi: bir neçə aydan bir gizli nömrədən zəng edib susurdu, pəncərəsinin altında gizlənirdi, iki ildən sonra anlaşılmaz eyhamlarla dolu, anonim olduğundan Dollinin cavab vermədiyi həqiqi kağız məktub yazdı. O vaxta kimi onlar artıq çoxdan başqa məktəblərdə təhsil alırdılar.

***

- Hüceyrələrdə heç bir dəyişiklik izi yoxdur. İndi reqressin səbəbini aydınlaşdırmalıyıq.
- Nə reqressi?
- Bu deqradasiya...eee, geriyə, inkişafın aşağı formalarına doğru hərəkət deməkdir.
- "Reqress"in nə olduğunu bilirəm! Bəs o özünü nədə göstərir? Nədir, meymuna çevrilirəm? Tüklə örtülürəm?

***

Küçədə əllərində meqafon dəlilər qaçırdı. Boruları göyə tutub qışqırırdılar: "Əbədilik!", "Sağlamlıq!", "Yəhudilərə ölüm!", "Hamıya xoşbəxtlik!", "İsanı qaytarın!", "Tibetə azadlıq!", "Nəsli tükənməkdə olan pandaları xilas edin!"

***

Təəssüf ki, dünyada siyasətçilərin tətbiq etməməyi üçün çoxlu silah qalaqlanıb.

***

Paltaryuyan taxta həvəskarları nə deyirlər desinlər, heç nəyə baxmayaraq, balaca yumşaq qarının qadına ziyanı dəyməz.
Ancaq "Dünyanın ən böyük dallı xanımı" adı ilə didərgin olmaq perspektivi heç onun üzünə gülmürdü.

***

Ancaq indi, kunstkameranın eksponatı olduqdan sonra ləyaqətini qoruyub saxlaya bilmədi.

***

Beləliklə, günorta saat ikiyə artıq bütün dünya yer üzündə Yeganə Dəyişməyən İnsan, Axırıncı Gombul Qadın, Miss 40% yağ, Dünyanın Ən Böyük Dalı - Marcori Kasasın var olduğundan xəbər tutdu.

***

Yaz gələndə təzə kişi tapmaq, köhnəyə niyə birdən itdiyini başa salmaqdan daha asandır.

***

- Aha, çox sağ olun. Və bordelə ziyarətləri satırsınız?
- Marcori, bağışlayın, ancaq bu Amerikanın rifahı üçün lazım idi.
- Bura baxın, xanım Prezident, bu bir də təkrarlansa, müştərinin üzünə tüpürəcəm!
- Tamamilə mümkündür ki, bu onu xoşbəxt edəcək.

***

- Xalça necə gözəldir.
- Onda sizin portretiniz toxunulub, fikir verdiniz?
- Andır, elə bilirdim, bu sadəcə şlyapa taxmış şirin donuz balasıdır.

***

O səliqə ilə azca qrimlənmişdi, əla geyinmişdi və heyrət doğuran təəssürat bağışlayırdı, ancaq Marc ona qəfildən vecvud çinisindən hazırlanan, nəsildən-nəsilə keçən şorba qabında tapılan pox parçasına baxan kimi baxırdı.

***

- Oh, Marcori... Lazım olsa, xədim taparam, yetər ki, bir az sakitləşəsiniz.
- O verilişdən sonra, - Marc qəzəblə fikirləşdi, - axtalatmaq üçün bir neçə namizədim var.

***

- Yüz faiz mavidir?
- Göy kimi.

***

Sanki biz iki balığıq - birimiz suyun üzündə, birimiz dərinlikdə üzürük. Təzyiq fərqinə görə dərində olan heç vaxt yuxarı qalxmayacaq, o biri də aşağı enməyəcək. Yalnız kölgələrin və suyun hərəkətinə görə onlar bir-birilərini duyacaqlar.

***

Marc bir saniyəlik fikrini başqa şeyə verdi və düşündü ki, yalnız yetkinliyin aydın əlamətləri var. Çox gənc və çox qocalar bir-birindən fərqlənməyən varlıqlardır, çəmənlikdəki gül və dağın yamacındakı daşlar kimi.

***

- Öz qiymətimi bilmirəm, heç vaxt da bilməmişəm, həmişə başqasının pulu ilə hesablamışam, başqasının xətkeşi ilə ölçmüşəm; gözəl olub-olmadığımı başa düşmürdüm, ona görə məni istəyən kişilərin sayına görə mühakimə etmişəm; istedadımı hiss etməmişəm - çap edirlərsə, deməli, nə isə var. Tiraj sayına görə yerimi bilmişəm, nə qədər ödəyirdilərsə, qiymətim o qədər idi. Gözələm? Başqalarının sözündən asılıdır. İndi isə bütün şkalaları və cədvəlləri əlimdən aldılar, indi kim hökm verəcək, kim qiymət verəcək, maya dəyərimi kim müəyyənləşdirəcək? Axı məni indi hamı istəyir, sanki ən ümdə arzum yerinə yetib, bütün dünya ayaqlarımın altındadır, şöhrət, pul, kişi - nə qədər istəsən. Ancaq onlar həmişə özləri deyil, koordinat sistemi kimi, öz yerimi bilmək üçün lazım olublar. İndi isə hər şey xarab olub, qırılıb, bir kəlmə yaza, bir addım ata bilmirəm, çünki bunun yaxşı və ya pis olduğunu kim deyəcək?
- Qızım, özünü insanlarla bərabərləşdirmə. Elə gəz ki, sanki başında səhəng gəzdirirsən.

***

- İnsanların olmadığı yerə get.
- Onların olmadığı yer var ki?
- Onların yaşaya bilmədiyi yer.
- Onda orda mən də yaşaya bilmərəm.
- Onda balıq ol və dənizdə üz, quşa çevril və uç, meşəyə qaç və koyot ol.

***

Çünki poçtla göndərilən məktublar heç vaxt tamam itmir, itirilmiş məktublarımızı yadplanetlilərin oxuması haqda həmişə ümidimiz qalır.

***

- Etibardan düşmüş bir samuray paytaxtdan getməli olur. Ancaq arvadı onun ardınca getmir. Sürgün vaxtı bir tülkü onu görüb aşiq olur.
- Tülkü?
- Hə, tülkü. O, samurayın arvadının cildinə girir və onunla yaşamağa başlayır, hətta bir oğul da doğur. Bir ildən sonra isə imperator samurayı əfv edir və həqiqi arvadı o dəqiqə onun yanına qayıdır. Onun iki eyni arvadı olur. Belə olduğu təqdirdə bilirsən o nə edir? Hər birindən yaşını soruşur. Birinci cavab verir ki, otuz üç, ikinci cavab verir ki, min üç. Və o, cavan olanı seçir.
- Niyə?
- Kişidir də. Nağıl uzundur, sonra orda onun oğlunun başına min cür iş gəlir, ancaq mən nəyə gətirirəm, həmişə cavan olanı seç.
- Nahaq elə edib. Bir şey min il işə yarayıbsa, deməli, hələ çox yaraya bilər.

***

Qaçıram, elə hey qaçıram - quru otların, qara torpağın, ağ qarın üstü ilə qaçıram. Arxada izlər var, irəlidə təmiz sahə. Bir gün mükəmməl olacam, onda iz qoymayacam. Çevriləcəm, arxamda isə təmiz sahə.

***

Olenka onun həyatına göydən düşdü. Çiskin payız gününün səhərində o, Moskva tərəfə gedirdi, qırmızı maşın boz asfaltın üstü ilə şütüyürdü, zəmilərin üstündən duman qalxırdı. Bu zəmilərdən yola ağ at, yaxud azmış inək sıçrayıb çıxa bilərdi, qadından başqa hər şey.

***

Belə-belə işlər, plaşı laklıdır, çəkməsi hündürdaban, amma fahişə deyil.

***

Arvad görəndə ağlıma piroq gəlirsə, deməli, qocalıram.

***

Növbəti on ildə o Olenka haqda çox şeyi bildi: nəyi sevir, nəyi sevmir, yataqda necədir; aldatmağına, lovğalanmağına, ağlamağına, hirslənməyinə, sevinməyinə göz qoydu; yeməyinə, yatmağına, xəstələnməyinə; onu üzündə kosmetik maskalarla, sərxoş halda, unitazda kitabla oturan vəziyyətdə gördü; çılpaq da xatırladı, gecə libasında da. Ancaq hər dəfə, nə olursa, olsun Olenka onun yanında olanda onu bürüyən sakitliyin təbiətini başa düşmədi.

***

Həmişə tərkedilən evin kandarına naməlum əclaf (çünki öz məsuliyyətini başqasının çiyinlərinə ədəbsiz yükləmək cəhdi də özünə görə cinayətdir) tərəfindən atılan, səbətdəki körpələr, yaxud pişik balaları olmur. Nə qəddar, nə xeyirxah, laqeyd talenin yaxşı əllərə verib, arxasına baxmadan çıxıb getdiyi iyirmi altı yaşlı qadın da birdən tərkedilən ola bilər.

***

Düzdür, onun haqda demək olar ki, heç nə öyrənə bilməyən, ancaq yaşayış sahələrinə qeydə alınmış bütün canlılara sağlam kommunal nifrət bəsləyən məkrli qonşular onu pisləyirdilər.

***

Sonra isə, hər şey kafedə oldu, qonşu stol arxasında qoca kişi gördü, daha doğrusu, kişini yox, onun boynundakı qırışı gördü, boz, dərin qırışı, - bu elə bir qırış deyildi ki, bir balaca botoks elətdirib, yarım il haqqında düşünməyəsən; birtəhər çəkiləsi və kəsiləsi qırış da deyildi. Tamamilə ümidsiz qırış idi - həmişəlik, nə birinci nə axırıncı, başqaları ilə birgə bədəni boş əlcəklərə çevirən qırışlardan biri, və onlar artıq heç nəyi dəyişmirlər, çünki qocalıq qocalıqdır.

***

O, ayaqqabıları sınaqdan keçirən, öz almalarının xanımı, piramidanın zirvəsindən albalı kimi baxır və dünyanın milyon il böyüməsini və onun doğulmasına can atdığını görürdü, buna fındıq və yaşıl gözləri ilə nəzər yetirirdi. Zira başqa hisslərlə yaşayırsınızsa - əbəs yerə yaşayırsınız, və ayağınızın altında milyonlarla kəllələri hiss etmirsinizsə, beyninizdə ağıl və acgözlük səsindən başqa səs yoxdursa, siz tarakan kimi məsuliyyətsizsiniz.

***

Özü də onun "vəziyyəti idarə etmək" kimi pis adəti var idi: bir şey olmamış sualları və hazır cavabları ilə yüyürüb gəlirdi. Nə olub? Xətrinə kim dəyib? İstəyirsən onu cəzalandıraq? Heç kimlə dalaşmaq lazım gəlmədiyini, heç nəyi "sürüməli" olmadığını, qadının sadəcə vaxt keçir deyə ağladığını biləndə isə elə qəribə sifət alırdı ki.

***

Hamı deputat olmağa can atırdı: fırıldaq-quldurlar, alverçilər, jurnalistlər, aktyorlar - pullu və məşhur olanların əksəriyyəti öz kapitallarını hakimiyyətə konversiya etmək istəyirdilər.

***

Öz zövcən və anandan qop və Ümumi İşə birləş, onunla eyni cisim ol.

***

Bu günlə bir həftə bundan qabaqkı vəziyyəti müqayisə eləmək çox asandır, ancaq dünən ilə bu gün arasında baş vermiş dəyişiklikləri tutmaq qeyri-mümkündür. Yox olmaq illər uzunu baş verirsə, insanın nə vaxt var olduğunu, nə vaxt olmadığını sezməyə heç imkan olmur, axı bir neçə baxış bundan əvvəl elə bil kölgə burda idi.

***

- Bir də kəndli var imiş, ona da bir tülkü aşiq olur. Nəsə dəhşətli bir üsulla onun arvadını boğaza yığır (qaynar suda bişirir, yoxsa nəsə belə bir şey, yadıma düşmür), arvadı görkəmində geri dönür və onunla yaşamağa başlayır. Aylar, illər keçir, o elə yaxşı, elə qayğıkeş, elə evdar olur ki, kişi sevincindən göylərdə uçur. Bir gün daos bunlara qonaq gəlir. Məsələdən hale olur, səhər kəndlini çağırır və soruşur: "Yeri gəlmişkən, kimlə yaşadığından xəbərin var?" O isə ona yaxşı bir şey deyir: "Xəbərim olsa, vəziyyətim yaxşılacaq?" Və daos sakitcə rədd olub gedir.
- Düz edir. Deməli, ər hər şeyi başa düşürmüş?
- Sezirmiş, amma bu haqda düşünmək istəmirmiş.
- Məntiqlidir. Ancaq aldatmaq ki, mümkün olmayıb. Maraqlıdır, tülkü kəndlinin bildiyini bilirmiş?
- Hmm...yəqin...
- Şübhə edirəm. Yalançılar - dünyanın ən sadəlövh adamlarıdır. Həm də özlərindən əmin olurlar - fikirləşir ki, ən ağıllı özləridir, ətrafdakılar hamısı kordur. Ona görə də özlərini yandırırlar.

***

Hər namuslu sevgilinin "ciddi münasibətlər"i olmalıdır, əks halda, gözəl günlərin birində darıxmağa başlayacaq və evlənəcək.

***

Kişiyə görə narahat olmaq insani ləyaqətdən aşağıdır. Axı həqiqətən əbədi dəyərlər var, özünə hörmət, azadlıq, yaxşı hava kimi.

***

"Harda idin?"
"Bütün günü nə etmisən?"
"Telefonla kimlə danışırdın?"
"Yalan danışma!"
(İlahi, axı niyə "yalan danışma"... Yalan danışmağı dayandırsaq, nəyimiz qalar?)

***

Hərdən evdən qaçırıq, qatara otururuq, pasportlarımızın arxasında gizlənərək, özümüzü böyük kimi göstərərək elə yerə gedirik ki, orda bizim kimin uşağı olduğumuzu bilmirlər.

***

"Sevirəm" - bu cavab deyil.

***

Onun sevdiyi ilə yaşayan qadına paxıllığı tutdu. Yuxudan ayılır, əvvəlcə onun tərəfə dönür, gözlərini bundan sonra açır və dərhal onu görür. Hələ hirslənməyən, hələ yalan danışmayan, hələ köməksiz olan onu. Dolaşıq kipriklər, sıxılmamış dodaqlar, yanağa yapışmış dağınıq saçlar. Nəfəs alır.

***

Olenka özünü tanıyandan bəri həmişə həqiqəti sevməyib. Birincisi, ona görə ki, o, mövcud olmayıb. Baxırsan ki, budur, əsl həqiqət dayanıb, amma bir balaca baxış bucağını dəyişirsən və ya bir az gözləyirsən nə isə artıq əvvəlki kimi deyil, mənzərəni o qədər də qüsursuz və aydın etməyən hansısa nüanslar, təfərrüatlar əmələ gəlir. Başqa bir insanı çağırırsan, o isə ümumiyyətlə, sənin sarsılmaz həqiqətinin yerində tutarsız xülya görür.

***

Növbəti səhər oyandığında daha dünya yox idi. Və onu uydurmaq lazım idi.

***

Yalandan qorxmaq zəiflərin, ruhlarının zülmətdə itəcəyindən narahat olanların nəsibidir. Güclülərin nəsibi isə qurmaq və qorumaqdır.

***

Manipulyasiyanı sənəti etmiş kişinin onun tələlərinə belə asan düşməsi Olenkanı əyləndirirdi. "Hamısının səbəbi, - o fikirləşirdi, - mən bunları incəsənət naminə edirəm, onlar pul.
Onların günah və təlaşları, mənim azadlığım buna görədir. Biz fərqliyik, yüz faiz fərqliyik, əminəm. Və mən bu işin öhdəsindən daha yaxşı gələcəm..."

***

Bu böyük zövqdür, bu səbəbdən boş şeylərə - kağız və sözlərə, sarı və qara saçlara, başqalarının sarı və qara saçlarına, fasilələrə, boşluq və əks olunmalarına - görə narahat olmamaq üçün özünə diqqət yetirməli, mənasız yalanlar uydurmaq lazım idi. Yalnız adı olmayıb, özü olan vacib işlər üçün təşvişə düşməyə dəyərdi.

***

O, yalanın niyə hamını, tora düşməyənləri belə qıcıqlandırdığını yaxşı başa düşürdü. Eynilə eşerov rəsmlərindən başın ağrıması və ürək bulanması olduğu səbəbdən. Onları nəzərdən keçirəndə insan öz nəzər nöqtəsinin düzgünlüyündən, ayağının altındakı torpağın möhkəmliyindən, nəhayət, dərk etmənin adekvatlığından şübhələnməyə başlayır. Gördüklərim həqiqətdə baş verənlərdir? İndi tindən dönsəm, gözümün ucu ilə uzaqlaşan kürəyimi görəcəyəmmi? Cəhənnəmə ki, lənətə gəlmiş bütün şəkilləri yandırın!

***

Belə bir axşamda evə gələr, sifəti olmaz və susar. Bir saat susar, iki saat susar, sonra fındıq kimi bütün həqiqəti stolun üstünə tökər. Bir qalaq fındığı, yumru və möhkəm fındığı: sındırmaq istəsən - dişini xarab edəcəksən, ortalıqdan yığmaq istəsən - səpələyəcəksən. Diyirlənəcəklər, döşəmənin üstünə elə dağılacaqlar ki, addım ata bilməyəcəksən, ayağının altında qalacaq. Bir ildən sonra, ayaqlayın gəzəndə, birdən ayağının altına batacaq. Bir şey deyil, amma ağrıdır. Onun da yalanı bu cür bütün həyatına yayılacaq və unudulacaq, sanki heç nə olmayıb, ancaq sonra bir gün müdafiəsiz üstünə bassan - özünü xatırladar, ağrısı böyrəklərinə kimi işləyər.
Yalançı - o isə konfetlərlə ortalığa çıxacaq, güləcək və bir yığın qoyacaq... Şokolad konfetə ayağını basmısan? Yapışqandır, sürüşkəndir və dəhşət balacadır, amma belə əhəmiyyətsizdir. Şirindir, pox deyil, yaşamaq olar.

***

Hər dəfə də o, bunda hansısa faciəvi səadət tapırdı: vakuumdakı ideal çarx kimi dünya fırlanır, möcüzə baş vermir, və o, sadə, eynəkli rus ziyalısı heç vaxt heç nəyi dəyişə bilməyəcək.
Balaca kənddə kitabxanaçının həyatı xoşbəxt ola bilməz: lazımsız və heç kimin başa düşmədiyi halda, yalnız siçanların və sobanı yandırmaq istəyən arvadın maraqlandığı tozlu kitabların içində oturub, nə etibarı var, nə gələcəyi.

***

- Vecsiz adam bizi qoyub getdi. Onun həyatı pis və çirkli idi. Nə adam kimi işləməyi bacarırdı, nə də istirahət etməyi, içməkdən başqa əlindən heç nə gəlmirdi. Uşaq doğmuşdu, amma tərbiyə etməmişdi, hamısı da ölüb getdi, yaxşı ki, axmaq balalamaq dünyanı kirlətmək deməkdir. Onsuz da poxun içində yaşayırıq, işıq gələn yer yoxdur, heç olmayacaq da, əsrlər keçsə də, rayon mərkəzindən bizə yol çəkməyəcəklər.

Milli.Az