Ebay ödəniş imkanlarını artırır

28 Sentyabr 2013 17:33
Ebay internet şirkəti Braintree ödəniş platformasını 800 milyon dollara satın almasını bəyan edib. Alış Ebaya məxsus PayPal ödəniş sisteminin mobil telefonlar və planşetlər seqmentində iştirakını gücləndirməyə imkan verəcək. Braintree ödəniş platforması istifadəçilərə mobil qurğular vasitəsilə ödənişləri həyata keçirməyə şərait yaradan Venmo əlavəsini buraxır.

Biz əminik ki, bu sövdələşmə strateji baxımdan məntiqli görünür və PayPalın mobil distribüsiyada imkanlarını genişləndirir, habelə Ebay bununla bazardakı iri rəqibini uzaqlaşdırır, - RBC Capital Markets şirkətinin analitiki Mark Maheyni bildirib.

Onun sözlərinə görə, PayPal hazırda mobil sahədə iştirakının genişlənməsi üçün fəal mübarizə aparır və perspektivli yeni layihələr axtararaq Square kimi servislərlə rəqabət aparmağa çalışır. Bu gün Braintree platforması Airbnb onlayn sifariş və OpenTable restoran servisləri tərəfindən istifadə olunur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Braintree şirkəti 180-dən çox əməkdaşa malik olmaqla onlayn satıcılar üçün servislərin tədarükü ilə məşğul olur, ödəniş şlüzlərinin işini təmin edir, şəxsi billinq sisteminə və kredit kartları saxlancına sahibdir. Sazişin şərtlərinə əsasən, Braintree PayPal sistemi daxilində rəhbərliyini və öz platformasını müstəqil istiqamət kimi qoruyacaq.

Ebay nümayəndələri bildiriblər ki, sövdələşmənin cari ilin dördüncü rübündə başa çatması gözlənilir. Saziş şirkətin xalis gəlirinə mənfi təsir göstərəcək və bu göstərici illik hesablamada bir səhm üçün 1 sent azalacaq.

Milli.Az