Samsung-la LG arasında savaş bitdi

25 Sentyabr 2013 21:55
Cənubi Koreyanın iki nəhəng şirkəti Samsung Display və LG Display patent hüququ ilə bağlı məhkəmə araşdırmalarının sona yetməsini elan edərək bir-birinə qarşı olan iddiaları geri götürüblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hər iki şirkət displey istehsalında dünya lideridir. Odur ki, şirkətlər arasında patent mübahisəsi istisna edilmir ki, bunu da dünyanın əksər korporasiyalarının təcrübəsində əyani şəkildə görmək olar.

Lakin indiki halda tərəflər əməkdaşlığa olan tələbatın artması fonunda mübahisələri həll etməyə nail olublar. Samsung Displayin intellektual mülkiyyət üzrə vitse-prezidenti Kim Qvan-Cun bildirib ki, məhkəmə dinləmələrinin sona yetməsi şirkətlərə daha səmərəli istiqamətdə hərəkət etməyə kömək edəcək.

LG Display nümayəndələri də eyni fikir söyləyiblər. Belə ki, şirkətin yaydığı bəyanatda qeyd olunur ki, tərəflər aralarındakı mövcud fikir ayrılıqlarını unudaraq diqqətlərini əməkdaşlığa yönəldəcəklər. LG Displayin vitse-prezidenti Sonq En Kvon qeyd edib ki, tərəflər əvvəllər yaranan problemləri dialoq yolu ilə həll edəcəklər.

Xatırladaq ki, LG ilk dəfə rəqibinə qarşı iddia qaldıraraq Samsungu məhkəməyə verib və onu LCD və OLED panellərin hazırlanmasına aid patent hüququnu pozmaqda təqsirləndirib. Samsung nümayəndələri bu qarşılıqlı iddia ilə cavab veriblər. Bundan sonra dəfələrlə danışıqlar masası arxasına otursalar da, indiyədək problemləri yoluna qoya bilməyiblər.

Milli.Az