Dövlət Gənc Tamaşaçılar Teatrında yeni layihə - 3D - FOTO
25 Sentyabr 2013 13:16
Bu ilin oktyabr ayının 10-dan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın hazırlanmasına start veriləcək.
Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, tanınmış yazıçı-dramaturq Əli Əmirlinin "Hasarın o üzü" adlı pyesi əsasında hazırlanacaq eyniadlı tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, bəstəkarı xalq artisti Səyavuş Kərimi, səhnə tərtibatı əməkdar rəssam İsmayıl Məmmədovdur.
Dramaturq Əli Əmirlinin "Hasarın o üzü" adlı pyesi bir ailə daxilində dinə ikili münasibətdən bəhs edən kəskin konfliktli, iti süjetli səhnə əsəri kimi düşünülmüşdür. Dinə baxış, insan mənəviyyatı, əxlaqi prinsipləri, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə çərçivəsində bütün kəskinliyi ilə bədii obrazlar vasitəsilə önə çəkilir.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanacaq tamaşada əsas obrazları xalq artistləri Həmidə Ömərova, Nurəddin Mehdixanlı, aktyorlar Günel Məmmədova, Şəbnəm Hüseynova, Asya Atakişiyeva ifa edəcəklər.
Tamaşanın premyerasının bu ilin noyabr ayının sonunda keçirilməsi nəzərdə tutulur.
Milli.Az
Aşağıda Gənc Tamaşaçılar Teatrının baku3d.az saytı tərəfindən hazırlanan 3D görüntüsü təqdim olunur.