Doğum haqqında şəhadətnamələrin kağız formasında verilməsi ləğv ediləcək?

25 Sentyabr 2013 10:58

Azərbaycanda gələcəkdə doğum haqqında tibbi şəhadətnamələrin kağız formasında verilməsi ləğv edilə bilər

Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə bildirib.

Mərkəz direktorunun sözlərinə görə, hazırda valideynlər yeni doğulmuş uşaqlar üçün doğum haqqında şəhadətnaməni almaq üçün Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı İdarəsinin yerli şöbələrinin nümayəndələrinə mütləq doğum haqqında tibbi şəhadətnaməni təqdim etməlidirlər. Həmin şəhadətnamə isə hazırda kağız formasında verilir:

"Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı İdarəsi doğum haqqında şəhadətnaməni həmin tibbi şəhadətnamə əsasında verir. Ola bilər ki, gələcəkdə valideynlərə tibbi şəhadətnamə kağız formasında verilməsin. Çünki lazımı məlumatlar sistemdə elektron formada olacaq. Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı İdarəsinin yerli şöbələri də həmin sistemə qoşularaq doğum haqqında şəhadətnaməni verə bilərlər".

Hazırda bununla bağlı Ədliyyə Nazirliyi ilə birgə müzakirələr aparıldığını deyən C.Əsədzadə əlavə edib ki, artıq SN tərəfindən "Doğum haqqında tibbi şəhadətnamə"nin elektron registri yaradılıb. Özəl və ya dövlət tibb müəssisəsində anadan olmasından asılı olmayaraq, hər bir doğulan uşağın şəhadətnaməsi eyni informasiya sistemindən əldə olunur və onunla bağlı məlumatlar informasiya sistemində - elektron registrdə qeydiyyata düşür. Elektron registr vasitəsilə yeni doğulan körpəyə tibbi şəhadətnamə çap edilərək verilir. Bunun əsasında valideyn qeydiyyat şöbəsində uşağına "Doğum haqqında şəhadətnamə" alır. Belə ki, hazırda elektron xidmət vasitəsilə qeydiyyatdan keçən ana tibbi şəhadətnamənin surətini əldə edə, eyni zamanda uşaqla bağlı istənilən məlumata baxa bilər:

"Bu sənəd itirildiyi zaman da artıq harasa getməyə ehtiyac yoxdur. Çünki elektron xidmət vasitəsilə bu sənədin surətini indi çox sadə yolla əldə etmək mümkündür".

Milli.Az