Nintendo-nun "ata"sı vəfat etdi

23 Sentyabr 2013 18:17
Yaponiyada 85 yaşında Nintendo şirkətinin keçmiş prezidenti Hirosi Yamauti dünyasını dəyişib. Onun xidmətləri sayəsində şirkət kiçik oyun kartları istehsalçısından dünya video oyunlar bazarının liderinə çevrilib.

Nintendonun məlumatında deyildiyinə görə, keçmiş prezident xəstəxanada pnevmoniyadan vəfat edib.

Nintendonun 3-cü prezidenti olan H.Yamauti şirkətə 53 il - 1949-cu ildən 2002-ci ilədək rəhbərlik edib. Bu müddət ərzində o, oyun və kolleksiya kartları ilə ticarət edən şirkəti dünyanın məşhur brendli video oyunlar şirkətinə çevirməyə müvəffəq olub.

7 noyabr 1927-ci ildə anadan olan H.Yamauti 1949-cu ildə - hələ universiteti bitirməmişdən əvvəl Nintendoya başçılıq etməyə başlayıb. Oyun kartları bazarının tənəzzülünə getdiyini anlayan H.Yamauti şirkətin elektron formalı əyləncə növləri ilə məşğul olması qərarına gəlib.

Nintendo 1980-ci ildə dünyada məşhurlaşmağa başlayıb. Belə ki, istedadlı dizayner Siqeru Miyamotonun köməyi ilə şirkət Mario, Donkey Kong, The Legend of Zelda və Star Fox kimi məşhur oyunlar buraxıb. 1983-cü ildə Nintendo Family Computer, 1985-ci ildə əfsanəvi NES oyunlarını buraxaraq şirkətin oyun sənayesinin liderinə çevrilməsinə öz töhfəsini verib.

H.Yamauti Nintendodakı prezident vəzifəsini 2002-ci ildə tərk edərək şirkətin Direktorlar Şurasında öz yerini qoruyub. Lakin 2005-ci ildə o, şirkətin idarəetmə işlərindən birdəfəlik uzaqlaşıb, - Vesti - www.vesti.ru yazır.

Milli.Az