Xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliyi yayılıb
20 Sentyabr 2013 14:56
Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Aran bölgəsində xırdabuynuzlu heyvanlar arasında rast gəlinən çiçək xəstəliyi virus xarakterlidir. Mütəxəssislər bildirirlər ki, ildə bir dəfə, əsasən də yaz aylarında bu xəstəliyə qarşı heyvanlara vaksin vurulur.
İndi həmin xəstəliyin yayılması isə daha çox fermerlərin günahı səbəbindən baş verir. Onlar digər bölgələrdən xırdabuynuzlu heyvanlar alarkən baytarların müayinəsindən keçirməyi unudurlar. Yevlax Rayon Baytarlıq İdarəsinin rəisi Vaqif Kərimov: "Ola bilsin ki, vaksinasiyadan yayınmış, sonradan alınıb gətirilmiş heyvanlarda müəyyən xəstəlik əlamətləri olsun.
Lakin əsasən 80-90% qoyunlar vaksinasiya olunduğuna görə, xəstəliyin heç bir fəsadı və təhlükəsi yoxdur. Yaxşı olar ki, çiçək xəstəliyinə qarşı heyvanların müqavimət qabiliyyəti artırılsın, ona yaxşı baxım olsun".
Fermer Mirzə Mahmudov isə bu xəstəlik səbəbindən heyvanların itkiyə getdiyini də söyləyib. "Bir dəfə heyvanlarımda bu xəstəlik oldu. Baytarlara məlumat verdik, gəldilər. Qarşısını aldılar. Onda təxminən 1-2 heyvan ölmüşdü. 3-4 qoyun da xəstələnmişdi". Mütəxəssislər deyirlər ki, vaxtında vaksinasiya olunmasa, kütləvi şəkildə heyvanların vəziyyətinin ağırlaşması, məhsuldarlığın aşağı düşməsi, onların mayalanmaması və döl vermə hallarının gecikməsinə gətirib çıxarar. Heyvanların diz hissəsində qabarcıqların, ağızda və quyruqda yaraların əmələ gəlməsi isə xəstəliyin əsas əlamətləridir.
Milli.Az