«Ded Hasan» güllələndi – VİDEO-FOTO - YENİLƏNİB

17 Sentyabr 2010 15:07
Postsovet məkanında ən nüfuzlu "qanuni oğru" olan "Ded Hasan"ın güllələnməsilə bağlı bəzi təfərrüatlar məlum olub. İstintaqçılar onun güllələndiyi binanın qarşısındakı binadan səsboğucusu olan "Kalaşnikov" avtomatı tapıb. Usoyanın məhz bu avtomatdan açılan atəşlə vurulduğu müəyyən edilib.
Müxtəlif mənbələr bildirir ki, Usoyanın güllələnməsi onun daha bir "qanuni oğru" Tariel Onianinin klanı ilə mübahisəsinin nəticəsi ola bilər. İstintaq orqanlarındakı mənbənin bildirdiyinə görə, muzdlu qatil təxminən 1 ay imiş "Ded Hasan"ı güdürmüş. Xüsusilə onun evə nə vaxt döndüyünü müəyyənləşdirib. Usoyan son dövrdə demək olar ki, hər gün evə eyni vaxtda gəlirmiş.

"Maraqlıdır ki, atəş qətl üçün ən rahat an keçdikdən sonra açılıb. Usoyan maşından düşərək binanın girişinə tərəf bir neçə metri piyada gəlib. İçəri girib və yalnız mühafizəçinin içəri daxil olaraq qapını bağladığı anda atəş açılıb", - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

---------------

Ən son məlumata görə, istintaqçılar yaralı "qanuni oğru"dan hələ cərrahiyyə əməliyyatına girməzdən əvvəl bir neçə suala cavab ala biliblər. "İnterfaks"ın məlumatına görə, hüquq-mühafizə orqanları əməkdaşlarının suallarını çox həvəssiz cavablandıran Usoyan ona hücumun kimlər tərəfindən təşkil edildiyini bilmədiyini, hər hansı versiyasının olmadığını söyləyib.

-------------------
10:13

Milli.Az "Life News"a istinadən xəbər verir ki, əsl adı Aslan Usoyan olan "qanuni oğru" ilə yanaşı mühafizəçisi də güllələnib. Əvvəlcə onların hər ikisinin öldüyü bildirilsə də, sonradan onların sağ olduqları, xəstəxanaya yerləşdirildikləri açıqlanıb. Həm "Ded Hasan"ın, həm də mühafizəçisinin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Əməliyyatın aparıldığı xəstəxana xüsusi təyinatlılar tərəfindən mühafizə edilir.
Məlum olub ki, sui-qəsddən dərhal sonra "Ded Hasan"ın yaxın ətrafı onun öldüyünə dair məlumatı məqsədli şəkildə yayıb ki, xəstəxanaya çatdırılanadək ona təkrar hücum olmasın.

Hadisə dünən axşam saatlarında baş verib. Aslan Usoyan mühafizəçisi ilə birlikdə binanın girişində güllələnib. Əvvəlcə güllə mühafizəçiyə dəyib və o, yıxılıb. "Qanuni oğru" aldığı ilk güllədən sonra daldalanmağa çalışsa da, ikinci güllədən sonra o da yıxılıb. Bu vaxt Usoyanın maşında gözləyən sürücüsü qaçaraq özünü yetirib. "Ded Hasan"ın yerdə qan içində uzandığını görən sürücü dərhal milisə və təcili yardıma zəng vurub.

İlkin versiyaya görə, "qanuni oğru" küçənin əks tərəfindəki binanın pəncərəsindən muzdlu qatil tərəfindən vurulub. Artıq atəşin açıldığı silah da tapılıb. Lakin hüquq-mühafizə orqanları silahın markasını açıqlamır.

Usoyanın güllələnməsi yaxınlıqdakı müşahidə kamerasına da düşüb.
Xatırladaq ki, Rusiya kriminal aləminin "xaç atası" hesab olunan "Yaponçik"in qətlə yetirilməsindən sonra məhz "Ded Hasan" bu sahədə əsas şəxs sayılır.
 
Milli.Az