Rabia nə deməkdir? - ARAŞDIRMA

9 Sentyabr 2013 23:12
Misirdə həftələrdir davam edən zərbə əleyhdarı nümayişlərinin simvolu halına gələn və dörd barmaqla düzələn "Rabia işarəsi" son illərin ən təsirli kampaniyalarından birinə çevrilib. Tvitterdə yaradılan "What is rabia" etiketi bütün dünyaya yayılıb. Minlərlə adam "Rabia işarəsi" düzəldərək çəkdirdiyi şəkilləri Tvitterə yükləyib. Əl, qol və barmaqlarla düzələn bu hərəkətlərin maraqlı mənaları var.

Rabia işarəsi Misirdəki müqavimətin simvoludur

Milli.Az Publika.az-a istinadən bildirir ki, ərəbcə "dördüncü, dörd" mənasını verən "Rabia" sözü Misirdə müqavimətin simvolu olub. Bu, Misirdə çevriliş edənlərin qırğın etdiyi Rabiatul Adeviyye meydanının adından gəlir. Meydana adını verən Adeviyye adlı müsəlman qadın ailənin dördüncü uşağı olduğuna görə adının əvvəlinə Rabiatul qoyulub. Rabiatul Adeviyye həyatı boyu verdiyi azadlıq mübarizəsi ilə xatırlanır. Nümayişlərlə birlikdə bu adın daşıdığı məna, misirlilər arasında yeni bir simvolun doğulmasına səbəb olub. Meydanlarda toplanan nümayişçilər, əlləriylə dörd işarəsi düzəldərək Rabiatul Adeviyyeyə istinad ediblər. İşarə meydanlarda, Misir daxilində yayılıb və zəfər işarəsi qədər çox istifadə edilməyə başlayıb. İşarənin digər mənası isə Mursinin Nasir, Sədat və Mübarəkdən sonra dördüncü prezidenti olmasıdır.

Zəfər işarəsi

İşarə və orta barmaqlarla "Victory" sözünün baş hərfi olan V-nin simvolu olan "V" işarəsi bütün dünyada zəfər işarəsi olaraq bilinir. II Dünya müharibəsi zamanı İngiltərənin Baş naziri Uinston Çörçil tərəfindən yayılıb. ABŞ-da və daha sonra 1960-cı illərdən etibarən bütün dünyada sülh mənasında da istifadə edilməyə başlayıb.

Hitler salamı Romadan oğurlanıbmı?

Almaniyada Nasizmin rəhbəri Adolf Hitlerə itaəti bildirən "Alman xalqı və döyüş səyinə" simvollaşan salam forması olaraq bilinir. Bəzi Alman qaynaqlar bu salamın Mussolinidən oğurlandığını iddia edir. İddialara son vermək üçün Hitlerin katibi Rudolf Hess yazdığı bir məqalədə salamın istifadəsinin italyanlardan əvvəl başladığını söyləsə də, Mussolinin də istifadə etdiyi Roma salamının davamı olaraq qəbul edilir.

Yumruq qaldırmağın mənası nədir?

1968-ci ildə Amerikada irqçi hərəkatlar çox sıx baş verib. Qaralara qarşı edilən ayrı-seçkilik artıb. 4 aprel 1968-ci ildə zənci hüquqlarının müdafiəçisi Martin Lüter Kinq sui-qəsd nəticəsində öldürülüb, zəncilər də hər platformada reaksiyalarını dilə gətirməyə başlayıb. Amerikalı atletlər Tommi Smit və Con Karlos 1968-ci il Olimpiya Oyunlarında Mexiko -Siti medal mərasimində, Amerikan himni oxunduğu zaman qara əlcəkli yumruqlarını havaya qaldırıb və bütün dünyada simvol olub. Dünyada kommunist hərəkətlər sağ yumruqdan istifadə edir. Sağ yumruğun mühafizə etməyi, özünə dönüşü, birlik bərabərliyi, düşmənə göz dağı verməyi, haqq yolda verilən mübarizənin davamlılığını simvollaşdırdığı deyilir.

Boz qurd işarəsi haradan gəlir?

Bəlkə də ən çox tanınan işarə: İdealistlərin simvolu olan boz qurq işarəsidir. İlk dəfə Azərbaycanda istifadə edildiyi də deyilir. Türklərin boz qurddan törədiyini simvollaşdırmaq üçün istifadə edilən işarə hazırda Millətçi Hərəkət Partiyasının simvoludur. Alparslan Türkeşdən "Qurda bənzəyən bu işarənin mənası nədir?" deyə soruşanda "MHP-nin və idealistlərin dəyişməz simvolu olan boz qurd işarəsi simvolik mənası ilə bir qurddur. Bütün Türk dünyasında istifadə edilir" deyə cavab verib.

Turqut Özal salamı

Türkiyənin sabiq Baş naziri Turqut Özalın başının üstündə birləşən sağ və sol əli, seçkilər zamanı görüşlər arasında ayrı-seçkilik olmadığını və birliyi təmsil etdiyini vurğulayıb.

Baş barmaq

Baş barmaq Türkiyədə Milli Görüş Hərəkatının əl işarəsi olaraq bilinir. Nəcməddin Erbakanın baş barmağı seçki meydanlarında "Mücahid Erbakan" şüarı ilə inteqrasiya olunub. Pilotlardan ilham aldığı düşünülən bu hərəkət, "hər şey yolundadır" mənasını daşıyır. Lakin bu hərəkəti etdikdə bəzi ölkələrdə sizi səhv başa düşə bilərlər. Latın Amerikası, Rusiya, Qərbi Afrika və Yunanıstanda yaxşı məna verməyə bilər. Almaniya və Yaponiyada isə mənası "1 nömrə" deməkdir.

Milli.Az