Kantla İbn Sinanı “cibinə qoyan” azərbaycanlı alim kimdir?

3 Noyabr 2010 09:56
Tarixi çeynəyib fizikanı udmadınsa, elmi ateizmi üyüdüb şəriəti qaytarmadınsa, sən alim olammazsan!


Bütün göy cisimlərinin içərisində iştirak etdiyi sərhədsiz boşluğa kainat deyilir. Genişliyi müəyyən olmayan kainatda dəyişik qrupda və xüsusiyyətdə göy cisimləri var ki, ...
İzzəddin Həsənoğlu doğma Azərbaycan dilində şeirləri hifz olunmuş ilk şairlərimizdəndir. Həsənoğlunun "Apardı könlümü bir xoş qəmər yüz, canfəza dilbər" mətləli qəzəli o qədər kamildir ki, ... Hesab - riyaziyyatın sadə növ ədədlər (natural, tam və rasional ədədlər) və onlar üzərində aparılan sadə hesab əməllərini (toplama, çıxma, vurma, bölmə) öyrənən bölməsidir. Belə ki, ... 1467-ci ildə Muş döyüşündə Qaraqoyunluların məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. Nəhayət, 1468-ci ildə Uzun Həsən Ağqoyunlu dövlətinin əsasını qoymaqla ... Vaginizm xəstəliyində vagina əzələlərində cinsi əlaqəyə imkan verməyəcək şəkildə bir spazm müşahidə olunur. İnformasiya mühitində yaşamamıza baxmayaraq, bu problem şüuraltına işləmiş ilk gecə qorxusunun məhsuludur. Yəni ...

Dostlar, fikrimi izah edə bilirəm? Niyə üzünüzü turşudursunuz ki? Cəmi 975 işarəlik fikirdə tamı-tamına 5 elmin düsturlarından yararlanmışam. Bu, o deməkdir ki, mən ən azından bu 5 elmi mükəmməl olmasa da, bilirəm və istənilən elmi iclasda, televiziya proqramında, yaxud auditoriyada həmin elmlərin yaratdığı fürsətdən istifadə edərək, asanca basıb-bağlayıram. Yenə də matdım-matdım səhifəyə baxırsınız. Bəs nə əcəb ağ saçlı, ağ saqqallı, boynu qalstuklu, qoltuğu qovluqlu, gözü eynəkli və sifətinə kamillik ifadəsi verən alimi-biəməllərimiz 7-8 elmin tərifini bir-birinə qatıb, ağzına gələni qırıldadanda iki qulaq da borc alıb diqqət kəsilirsiniz? Vaxtilə qatıq-pendir xatirinə aldıqları elmi rütbə naminəmi?

Əsl azərbaycanlı elm xadimiyəm - bütün elmlərdən anlayışım var, amma heç birini mükəmməl bilmirəm. Nəyimə lazımdır axı? Avropalı alimlər kamil elm sahibi olub, neynəyiblər ki? Heç də onlardan geri qalmıram. Adlarını professor qoyublar, amma sonsuz elm dəryasında xırda qum dənəsindən özlərinə peşə seçirlər. Nədi-nədi, kişilər yalnız müəyyən bir elmin, müəyyən bir sahəsi üzrə ixtisaslaşıblar. Yaxud 5-10 elmi ixtiraları ilə dünyanı bir-birinə və kosmosa yaxınlaşdırıblar. Bu ixtiraların faydalarından təkcə özləri bəhrələnmir ha, bizə də çatır. Ona görə də biz özümüzü əziyyətə salıb, illərlə hansısa elmi ixtira üzərində baş sındırmırıq. Bütün elmləri eyni səviyyədə mənimsəyirik. Xalqın qarşısında tarixdən vurub - fizikadan çıxmadınsa, siyasətdən yapışıb - ədəbiyyatdan buraxmadınsa, psoxologiyanı çeynəyib - astrologiyanı udmadınsa, hələ-hələ elmi ateizmdən bəhrələnib - şəriət təfsiri vermədinsə, get tarlada balqabaq ək. Day adını niyə alim qoymusan, anlamıram.

Götürək gözlərini kor etmək bahasına bütün əski və yeni kitabları əzbərləyib auditoriyalarda can qoyan Qərb mühazirəçilərini. Allah ağıl versin. Ə qardaş, özümü öldürəsi deyiləm ki. Universitet vaxtı yazdığım konspektləri, doktorluq müdafiə edən zaman əcnəbi alimlərdən oğurladığım sitatları və ağlıma gələn gic-gic uydurmaları bir-birinə baş-ayaq edib atıram tələbələrin qabağına. Götürən götürsün, götürməyən... Guya bizim balalar ali məktəbə elm dalınca gəlirlər? Ay-hay. Hamısının dərdi-səri 4 ilini tapaşdaya-tapaşdaya başa vurub, birtəhər saralmış kağız parçası almaqdır. Hansısa tələbə həqiqətən öyrənmək istəyirsə, getsin İbn Sinanı, Makiavellini, Kantı, Mendeleyevi, Nizami Gəncəvini oxusun. Onların bilmədiyini mən hardan bilim?

Bu yaxınlarda ölkə televiziyalarından birində gedən "populyar" proqrama baxırdım. Hansısa sosial-ictimai problem ətrafında açılan diskussiyaya mənim kimi 5-6 alimi-biəməl, "ekspert" və boynu qalstuklu day-day dəvət olunmuşdu. İnandırım sizi, 2 saat ərzində aparıcılı-qonaqlı ağız-ağıza verib, bir-birinin sözünü kəsə-kəsə bir yığın "ağıllı" məsləhətlər verdilər, amma mən yenə də söhbətin nədən getdiyini anlamadım. Daha doğrusu, hay-küylü müzakirələrin ortadakı mövzuyla yaxından-uzaqdan heç bir əlaqəsi yox idi. Hamı nəsə danışır, qırıldadır, tamaşaçılar candərdi əl çalır və sonda aparıcı ağıllı-ağıllı təşəkkür bildirirdi. Bu münvalla "sanballı" mütəxəssislər cəmiyyətə öz öyüd-nəsihətlərini çatdırıb, xalqın başını 2 saat qatmış oldular.

Belə də lazımdır. Konkret sualı 3 dəqiqəyə konkret cavablandırıb, sonra saqqız çeynəməliyəm? Kənardan baxan da desin ki, kül bunun kişi başına, iki kəlmə ard-arda qoyub danışa bilmir, özünü alim sayır. Nolsun ki, yazdığım cild-cild kitabların, oxuduğum qalaq-qalaq mühazirələrin və elmi şuralardakı 5-6 saatlıq nitqlərimin içində ac pişiyi doyuracaq heç nə yoxdur? "Zato" bütün xalq məni tanıyır, jurnalistlər gündə 5 dəfə suallarla qulağımı dəng edirlər. (Öz aramızdır, daha ağıllısı var ki, onun üstünə getsinlər?) Sözümün canı odur ki, əsas olan uzun-uzadı, ağır-ağır və əl-qolla danışmaq, yəni çərənləməkdir.

Çərənçilik dedim, yadıma bir lətifə düşdü. Uzaq yol gedən avtobusda yanaşı oturan iki nəfərdən biri çənədən saz olur. Yola düşər-düşməz bir mövzu açaraq, 2 saat dayanmadan üyüdüb-tökür. Qonşusu da ədəb-ərkan xatirinə bunun söhbətinə "hm-hə" deməli olur. Beləcə boşboğaz qonşu bu mövzudan ona, ondan o birisinə keçməklə 7-8 saat nəfəs almadan çənə vurur. Qəfildən avtobus qəzaya uğrayır və aşaraq dərəyə yuvarlanır. Ölən ölür, yaralanan yaralanır, hadisə yerinə xilasedicilər gəlir. Bir də görürlər ki, bizim boşboğaz meyitlərin arasında sürünə-sürünə öz yol qonşusunu axtarır. Hamının ürəyi ağrıyır ki, necə də sədaqətli insandır. Nəhayət, dostumuz axtardığını tapanda görür ki, qonşusunun başı bədənindən ayrılıb. Tələsik kəsik başı qoltuğuna vurub deyir: "Hə qardaş, söhbətin harasında qalmışdıq?"

Nihat Tur
Milli.Az