Yeni, Mi-3 smartfon

7 Sentyabr 2013 23:12
Xiaomi şirkəti Full HD təsvir ölçülü 5 düymlük ekranla təchiz edilmiş yeni Mi-3 qabaqcıl smartfonunu təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, təqdim edilmiş qurğuda iki müxtəlif prosessor - NVIDIA Tegra 4 və ya Qualcomm Snapdragon 800 istifadə oluna bilər. Əməli yaddaşın həcmi 2 QB, daxili fləş-yaddaşın həcmi 16 və ya 64 QB təşkil edir. Aparatın arxa panelində avtofokus və LED işıqlandırıcı ilə 13 meqapiksellik kamera, ön panelində isə 2 meqapiksellik kamera var, həmçinin Wi-Fi, Bluetooth 4.0 və NFC simsiz rabitə modulları, GPS və QLONASS modulları mövcuddur. Akkumulyator batareyasının tutumu 3050 milliamper/saat təşkil edir. Qurğunun ölçüləri 144x72x8,1 mm, çəkisi 145 qramdır. Aparata MIUI5 örtüklü Android 4.2 Jelly Bean əməliyyat sistemi quraşdırılıb.

Xiaomi Mi-3 smartfonu oktyabrda satışa çıxarılacaq. 16 QB daxili yaddaşla təchiz edilmiş model təxminən 327 dollar qiymətinə, 64 QB yaddaşla olan model isə 410 dollara başa gələcək.

Milli.Az