Əfsanənin doğum günüdür - VİDEO - FOTO
5 Sentyabr 2013 11:01
Bu gün dünya şöhrətli britaniyalı musiqiçi, "Queen" qrupunun vokalisti, pianoçusu və lideri vokalist Freddi Merkurinin ad günüdür. Milli.Az Vikipediyaya istinadən xəbər verir ki, Freddi Merkuri 5 sentyabr 1946-cı il tarixində keçmiş Britaniya koloniyası, indiki Tanzaniyanın Zənzibar adasında anadan olub.
"Queen" qrupuna dünya şöhrəti gətirən hitlər arasında "Killer Queen", "Bohemian Rhapsody", "Somebody to Love", "We Are the Champions", "Don't Stop Me Now" və "Crazy Little Thing Called Love" Freddi Merkuri tərəfindən bəstələnib. 1991-ci ildə QİÇS xəstəliyindən vəfat edib.
Mənsub olduğu Zərdüştlük dininə əməl etməsə də, dəfni bu dinin qayda-qanunları əsasında həyata keçirilib.
Dünya rok musiqisi və ümumiyyətlə, musiqi tarixində ən yaxşı səslərindən sayılan səsi Queen qrupunun dünya şöhrəti qazanmasında ən əsas faktor rolunu oynamışdır. Freddi Merkurinin səsi praktiki olaraq dörd oktavanı əhatə etmişdir. Halbuki, o, danışanda səsi baritona enirdi, amma oxuyan zaman onun səsi tenordan düşmürdü.
Freddinin mahnıları optimizm və şənliklə doludur. Dövrün əksər rok qruplarının özünü intihara çağıran mahnılarından fərqli olaraq Freddi mahnıları ilə insanları bu cür addımlar atmaqdan çəkinməyə çağırırdı. Merkuri öz əsərlərində müxtəlif musiqi stillərini böyük ustalıqla sintez edirdi: operadan ağır rok janrlarına qədər. Bu, o dövr üçün tamamilə yeni bir şey idi. Mahnılarının mətnlərində isə klassik ingilis poeziyasından başlayaraq İran ədəbiyyatı nümunələri və nağılları, eləcə də alman filosoflarının əsərləri də daxil olmaqla geniş bir diapazonda işləyirdi.
Çox güclü fantaziyaya və istedada malik olan Merkuri konsertlərini təkrarolunmaz şoulara çevirə bilirdi. Kliplərində zərdüştlük dininə xas simvolikadan geniş istifadə edirdi.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.