Heydər Əliyev siyasi kursu qələbələrin əsasıdır

5 Sentyabr 2013 09:48
Bu ilin oktyabr ayının 9-da ölkəmiz üçün mühüm və taleyüklü olan siyasi aksiya - Azərbaycan Respublikası Prezidentliyinə növbəti, sayca altıncı seçkilər keçiriləcəkdir. Yerli və xarici ekspertlərin Azərbaycanda prezident seçkiləri ilə bağlı apardıqları təhlillərin nəticələri qarşıdakı ümumxalq kampaniyasının əvvəlkilərlə müqayisədə daha yüksək seçici fəallığı ilə müşayiət olunacağını, ictimai-siyasi sabitlik şəraitində baş tutacağını əminliklə söyləməyə əsas verir. Çünki bugünün seçicisi vətəndaşı olduğu dövlətin gələcək taleyinə biganə deyildir, nihilizmdən kənardır, seçkilərdə böyük inam və ümidlə iştirak edir, ölkənin siyasi həyatında fəaldır və şəxsi mövqeyinin müdafiəsində qətidir. 2013-cü ilin orta statistik seçicisi daha nikbin və daha praqmatikdir, reallıqları düzgün dəyərləndirməyi bacarır. Onun siyasi baxışları illüziyalara, əsassız vədlərə söykənmir, əksinə, mövqeyini reallıqların düzgün dəyərləndirilməsi üzərində formalaşdırır.

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin seçkiqabağı şəraitin təhlili ilə bağlı apardığı araşdırmaların nəticələrinə və proqnozlara əsasən dövlət başçısı postuna müxtəlif ictimai-siyasi təşkilatlar və ya müstəqil şəkildə irəli sürülən xeyli sayda namizəd arasında hazırki dövlət başçısı cənab İlham Əliyevə alternativ şəxs yoxdur. Bu alternativsizlik özünü ilk növbədə ümumxalq etimadında və dəstəyində, ölkə vətəndaşlarının ona etibarında göstərməkdədir. Xatırladım ki, 2008-ci ildə keçirilmiş prezident seçkilərində təqribən 3 milyon 200 min nəfər seçici İlham Əliyevə səs vermiş, onun dövlət başçısı postuna namizədliyini fəal müdafiə etmişdir. Bu sayda seçicini onun sabit, dəyişilməz elektoratı hesab etmək olar. Mərkəzi Seçki Komissiyasının son rəsmi məlumatına əsasən, hazırda Azərbaycanda seçki hüququna malik vətəndaşların ümumi sayı 4 milyon 986 min 296 nəfərdir. Onların təqribən bir milyon 318 min nəfəri gənclər - yaşı 19-dan 30-dək olan seçicilərdir. Gənclərin 114 min nəfəri isə bu il ilk dəfə olaraq seçki hüququndan istifadə edəcəkdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkənin iqtisadi-siyasi potensialının gücləndirilməsinə, beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsinə, dövlətimizin ərazi bütövlüyünün bərpasına, əhalinin rifah halının daha da yüksəldilməsinə yönəldilmiş davamlı siyasəti, o cümlədən müsbət nəticələrini verən uğurlu gənclər siyasəti qarşıdakı seçkilərdə də onun tərəfdarlarının sayının nəzərəçarpacaq dərəcədə artacağını söyləməyə əsas verir. Seçkilər ərəfəsində bir vacib məqama da xüsusi diqqət yetirək. Cənab İlham Əliyev 2003-cü və 2008-ci illərdə keçirilmiş prezident seçkilərində bir namizəd kimi xalq qarşısında götürdüyü bütün öhdəliklərin reallaşdırılmasına nail olmuşdur.

Bu fikirləri ötən on il ərzində ölkəmizin müxtəlif sahələr üzrə əldə etdiyi nailiyyətlər də təsdiq edir. Təsadüfi deyildir ki, Dünya İqtisadi Forumunun 2012-2013-cü illər üçün qlobal rəqabətliliyə dair hazırladığı hesabatda Azərbaycan Respublikası özünün əvvəlki mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırmış, infrastruktur, makroiqtisadi mühit, əmtəə və işçi bazarının səmərəliliyi, texnoloji hazırlıq, bazarın həcmi, innovasiya və digər göstəricilər üzrə ilk 40 dövlət sırasına düşərək, dünyanın 144 ölkəsi arasında 39-cu yerdə qərarlaşmışdır. Bundan başqa, Dünya İqtisadi Forumunun tərtib etdiyi reytinq cədvəlinə əsasən, Azərbaycan daha geniş potensiala malik dövlət kimi dəyərləndirilmiş və yaxın gələcəkdə bu göstəricini xeyli yaxşılaşdıra bilməsi imkanları xüsusi qeyd edilmişdir. Həmin siyahıda İtaliya, Türkiyə, Braziliya, Malta kimi ölkələrlə qonşu olan Azərbaycan Qazaxıstanı, Rusiyanı, Ukraynanı sürətlə qabaqlayaraq, MDB dövlətləri içərisində birinci olmuşdur.

Statistik rəqəmlərə müraciət edək: 2003-2013-cü illər ərzində Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 48 milyard, dövlət büdcəsi gəlirlərinin həcmi isə 25 milyard ABŞ dolları həddini ötmüşdür. Dünyanın 144 dövləti sırasında milli iqtisadiyyatın rəqabət qabiliyyəti göstəricilərinə görə ölkəmiz ilk 40, innovasiya amilləri sub indeksi üzrə ilk 60, makroiqtisadi sabitliyə görə isə ilk 20 dövlət sırasında mövqeyini möhkəmləndirmişdir. Ötən on il ərzində ölkə iqtisadiyyatına 137 milyard ABŞ dolları məbləğində sərmayə qoyulmuş, dövlət büdcəsinin həcmi 19 dəfə artmışdır. İqtisadiyyatın və sosial sahələrin inkişafı üçün yönəldilən vəsaitin 49 faizini dövlət, 51faizini isə qeyri-dövlət investisiyaları təşkil etmişdir. Qeyri-neft sektorunun inkişafına yönəldilmiş vəsaitin ümumi həcmi 11,1 dəfə artaraq 52,1 milyard manatı ötmüşdür. Hazırda ümumi məhsul istehsalının həcmində qeyri-dövlət müəssisələrinin payı 81%-ə bərabərdir. İqtisadiyyatın və sosial sahələrin inkişafına indiyədək təqribən 84 milyard manat vəsait yönəldilmişdir. Azərbaycanda ötən müddət ərzində 3592 istehsal və xidmət müəssisəsi yaradılmış, sahibkarlıq subyektlərinin sayı 2,9 dəfə çoxalmışdır. Ölkədə bərqərar olan ictimai-siyasi sabitlik və davamlı inkişaf, əlverişli biznes şəraiti xarici investisiya imkanlarının da genişləndirilməsinə müsbət təsir göstərmişdir. Belə ki, 2003-cü ildən etibarən xarici investisiyalı müəssisələrin sayı 25%-dən çox artmışdır. Bu baxımdan, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının hazırladığı "Doing Business 2009" hesabatında Azərbaycanı biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan etməsi tamamilə məntiqlidir və ölkəmizdə iqtisadi inkişafla bağlı reallıqları tam dolğunluğu ilə özündə əks etdirir. Eyni zamanda, onu da vurğulamaq lazımdır ki, Beynəlxalq Telekommunikasiya İttifaqının "İnformasiya Cəmiyyətinin Ölçülməsi-2012" hesabatında Azərbaycan İKT İnkişaf İndeksi göstəricilərinə görə əvvəlki mövqeyindən 6 pillə irəliləyərək 155 ölkə arasında 68-ci yerdə qərarlaşmış, "Dünyanın on ən dinamik inkişaf edən ölkələri" qrupunda öz mövqelərini möhkəmlətmişdir.

Azərbaycan ötən on il ərzində siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirərək milli dövlətçiliyini inkişaf etdirmiş, demokratik dəyərlərə yiyələnmiş, liberal prinsiplərə əsaslanan unikal iqtisadi modelini yaratmışdır. Bu baxımdan Azərbaycanın perspektiv inkişafının mühüm hədəf və istiqamətlərini müəyyənləşdirən və 2020-ci ilədək dövrü əhatə edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasından irəli gələn vəzifələrin icrası xalqımızın və dövlətimizin gələcək taleyi üçün mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş konsepsiya bu ali məqsədlərə nail olunması üçün ciddi elmi əsaslara söykənən innovativ idarəetmə üsullarının tətbiqini tələb edir və strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsinə istiqamətləndirir. Sənəd qarşıdan gələn yeddi il ərzində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin daha da artırılmasını, regionların sosial-iqtisadi inkişafını, ölkədə insan kapitalının inkişafı ilə mükəmməl sosial müdafiə sisteminin bərqərar olunmasını, dövlət idarəetmə sistemində zəruri islahatların həyata keçirilməsini və digər aktual məsələləri əhatə edir.

Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi sosioloji sorğuların yekunlarına görə Azərbaycan Respublikası Prezidentinin sosial sahədə həyata keçirdiyi əsaslı islahatların nəticələri də əhali tərəfindən rəğbətlə qarşılanmaqdadır. Hazırda Azərbaycanda iqtisadi fəal əhalinin sayı 7,2 faizə, məşğul əhalinin sayı isə 11,9 faizə yüksəlmiş, ölkədə 1,2 milyon yeni iş yerinin açılması sayəsində işsizliyin səviyyəsi 5 faizə enmişdir. 2004-2013-cü illər ərzində yalnız Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 266 min nəfər daimi işlə təmin edilmiş, 28 mindən çox vətəndaş isə peşə hazırlığı kurslarına cəlb olunmuşdur. Əhalinin sosial müdafiəsinə və təminatına yönəldilən dövlət vəsaitinin həcmi də ötən müddət ərzində 9 dəfə artmış, yoxsulluğun səviyyəsi böhran həddindən - 44,7 faizdən 6 faizə enmişdir. Bu göstəricilərin yaxın gələcəkdə daha da yaxşılaşdırılması proqnozlaşdırılır. Ötən müddətdə Azərbaycanda bir sıra mühüm infrastruktur layihələri reallaşdırılmış, o cümlədən ölkənin müxtəlif regionlarında 5 beynəlxalq hava limanı, 4 avtovağzal kompleksi, Bakıda 4 yeni metropoliten stansiyası tikilib istifadəyə verilmişdir.

Yaxşı məlumdur ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq fərmanlarına uyğun olaraq 2006-cı ildən etibarən ölkədə ünvanlı sosial yardım proqramının da icrasına başlanılmışdır. Bu proqram ötən dövr ərzində on minlərlə aztəminatlı ailəni əhatə etmişdir. Bundan başqa, Ermənistanın hərbi təcavüzü nəticəsində daimi yaşayış yerlərindən qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın, vətəndaşlarımızın sosial problemlərinin həlli məqsədilə Azərbaycan Prezidenti tərəfindən indiyədək 51 mühüm fərman və sərəncam imzalanmış, onların sosial şəraitinin yaxşılaşdırılması məqsədilə Dövlət Proqramı qəbul olunmuşdur. Görülən işlər nəticəsində son on ildə ölkənin ayrı-ayrı guşələrində 7 çadır şəhərciyi, 12 müvəqqəti yaşayış məntəqəsi tamamilə ləğv edilmiş, təqribən 110 min nəfərin məskunlaşması və normal yaşayışı üçün 23500 yaşayış evindən ibarət 57 müasir qəsəbə və məhəllə (bütövlükdə isə 78 qəsəbə və şəhərcik) salınmışdır. İndiyədək qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə dövlət tərəfindən təqribən 3,8 milyard manat vəsait yönəldilmiş, 16 min ailəyə isə ünvanlı sosial yardım göstərilmişdir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində təhsilə yönəldilən xərclərin həcmi də 6,9 dəfə çoxalmış, 1099 ümumtəhsil məktəbi, 104 məktəbəqədər təhsil müəssisəsi tikilmiş, ölkə məktəblərinin 87,2 faizi kompyuter və digər müasir avadanlıqla təmin olunmuşdur. Dövlət xətti ilə xarici ölkələrdə təhsil alan gənclərin sayı 2,6 dəfə çoxalmışdır. Əhalinin sağlamlığı da dövlət başçısının daimi diqqət mərkəzində olmuş, dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin həcmi 12,7 dəfə yüksəlmişdir. Ötən müddət ərzində Azərbaycanda 15 müalicə-diaqnostika və bərpa mərkəzi, 93 xəstəxana, 119 ambulatoriya-poliklinika müəssisəsi tikilib istifadəyə verilmişdir. Bundan başqa, Azərbaycan xalqının maddi-mədəni irsinin qorunmasına yönəldilən dövlət qayğısı nəticəsində 2003-cü ildə Azərbaycan muğamı, 2007-ci ildə Qobustan Milli Tarixi Bədii Qoruğu, 2009-cu ildə aşıq sənəti və Novruz bayramı, 2010-cu ildə Azərbaycan xalça sənəti, 2012-ci ildə tar ifaçılıq sənəti UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında, gənc nəslin fiziki sağlamlığının möhkəmləndirilməsi istiqamətində də böyük irəliləyişlərə nail olunmuşdur. İndiyədək Azərbaycanın müxtəlif bölgələrində mövcud idman qurğularının sayı 12 faiz artaraq 10 minə çatdırılmış, bütövlükdə 38 olimpiya idman kompleksi, 5 stadion, 12 şahmat məktəbi və s. tikilib gənclərin istifadəsinə verilmişdir. Nəticədə, Azərbaycan idmançıları mötəbər beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edərək onun idman şərəfini qorumuş, 735 medalla Vətənə qayıtmışlar. O cümlədən, olimpiya idman növləri üzrə yarışlarda fəxri kürsünün yüksək pillələrinə qalxaraq ölkəmizə 273 medal qazandırmışlar.

Son dövrdə Azərbaycanda həyata keçirilən islahatlar ölkənin siyasi-iqtisadi və sosial-mədəni sahələrində özünün müsbət nəticələrini verməkdədir. Bu gün Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. Yeni intibahın hədəfi isə effektiv və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması ilə əhalinin rifah halının beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi, elmin, təhsilin, mədəniyyətin inkişaf etdirilməsi, cəmiyyət həyatının bütün istiqamətlərində tərəqqinin əldə olunmasıdır. Ötən illər ərzində Azərbaycanda insan kapitalının davamlı inkişafına, peşəkar kadr potensialının hazırlanmasına, elmin və mədəniyyətin yüksəlişinə də xeyli diqqət ayrılmışdır. Belə ki, on il ərzində dövlət büdcəsindən elmin inkişafına yönəldilən dövlət vəsaitinin həcmi 2,1 dəfə artmışdır. Elmin maddi-texniki bazasının möhkəmləndirilməsi, tədqiqat işlərinin maliyyələşdirilməsi və stimullaşdırılması üçün də vacib addımlar atılmışdır. Ölkəmizdə kosmik sənayenin təməlinin qoyulması da Azərbaycan rəhbərliyinin elmə göstərdiyi qayğının, ölkəmizin sürətli inkişafının təzahürlərindəndir. Elm və qabaqcıl texnologiyanın inkişafında əldə olunan nailiyyətlər sayəsində bu ilin fevral ayının 8-də Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki Yer orbitinə çıxarılmışdır. Onu da deyək ki, 2014-cü ildə Yer səthini müşahidə peykinin, 2016-cı ildə isə ikinci telekommunikasiya peykinin orbitə çıxarılması planlaşdırılmışdır.

Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu, çevik və uzaqgörən sosial-iqtisadi siyasət son on il ərzində Azərbaycanın davamlı inkişafını təmin etməklə yanaşı, ölkəmizin etibarlı tərəfdaş, bir sıra qlobal məsələlərdə strateji müttəfiq kimi mövqelərini xeyli möhkəmləndirmişdir. O da yaxşı məlumdur ki, 2011-ci ildə dünya birliyi Azərbaycan Respublikasının namizədliyini dəstəkləyərək onu BMT-nin Təhlükəsizlik Şurasına üzv seçmişdir. Bu fakt dövlətimizin beynəlxalq miqyasda artan nüfuzunun, bir sıra qlobal məsələlərdə strateji tərəfdaş kimi güclənən mövqeyinin bariz göstəricilərindən biridir. Fərəh və qürur doğuran haldır ki, bu gün dünyanın aparıcı dövlətləri regiona məhz Azərbaycan kontekstindən yanaşır, rəsmi Bakının mövqeyi və qərarı ilə hesablaşırlar. Təsadüfi deyildir ki, xarici ölkə başçıları əvvəlki illərdə olduğu kimi regional turnelərini yalnız Azərbaycana səfər etməklə əvəzləmişlər. Azərbaycanın uğurlu neft strategiyası ölkəmizin iqtisadi potensialını yüksəltməklə onu beynəlxalq enerji təhlükəsizliyi məsələlərində fəal təşəbbüskara və iştirakçıya çevirmiş, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin və digər transsərhəd xarakterli layihələrin reallaşdırılması regiondakı iqtisadi, siyasi mənzərəni əsaslı şəkildə dəyişmiş, inteqrasiya prosesini sürətləndirmişdir. Bu gün Azərbaycan həm də enerji ehtiyatlarının hasilatı və nəqli üzrə rəqabətədavamlı ölkəyə çevrilmişdir. İndiyədək həmin kəmərlərlə 214 milyon ton neft, 24 milyard kubmetr qaz ixrac edilmişdir.

Azərbaycan zəngin neft-qaz ehtiyatlarına malik ölkə kimi enerji təhlükəsizliyinin həm regional, həm də beynəlxalq miqyasda təminatında üstün mövqeyə malikdir. Dünyanın aparıcı enerji şirkətləri ilə strateji əhəmiyyət daşıyan və gələcəyə hesablanan neft müqavilələrinin bağlanmasında başlıca strateji xətt dövlətimizin milli mənafelərinin ödənilməsidir. Son on ildə Azərbaycanın iqtisadi strategiyasında prioritet istiqamətlərdən biri məhz neft və qaz ehtiyatlarının müxtəlif marşrutlar üzrə ixracı məsələləri olmuşdur. Ölkəmiz bu müddət ərzində nəzərdə tutduğu ixrac layihələrini uğurla reallaşdıra, məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü doğrulda bilmişdir. Xüsuslə vurğulanmalıdır ki, bu gün dünyanın qlobal iqtisadi-siyasi layihəsinə çevrilən Cənub Qaz Dəhlizi təşəbbüsü Azərbaycanın iqtisadi qüdrətini xeyli artırmaq, inteqrasiya imkanlarını genişləndirməklə yanaşı, bütün region üçün siyasi əhəmiyyətə də malikdir və sabitliyin, inkişafın, təhlükəsizliyin təminatçılarından biridir. Bu qlobal layihənin reallaşdırılması strategiyası Azərbaycana enerji ehtiyatlarının nəqlində müxtəlif marşrutlara malik olmaq və gələcəkdə hər hansı bir istiqamətdən asılılıqdan qurtulmaq kimi siyasi-iqtisadi imkanı da qazandırmışdır. Cənub Qaz Dəhlizinin iqtisadi və siyasi əhəmiyyəti həm də ondadır ki, bu layihə Avropa ölkələrinin "mavi yanacaqla" təminatını siyasi-iqtisadi iddia və təzyiqlərdən, bir marşrutdan asılılıqdan azad edəcək, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qərbin enerji xəritəsini tamamilə dəyişdirəcəkdir. Heç kimə sirr deyil ki, məhz Azərbaycan dövlətinin qətiyyətli mövqeyi sayəsində indiyə kimi Şərq-Qərb enerji təchizatı istiqamətlərinin mühüm nəql marşrutları reallaşdırılmış, ölkəmizin Avropanın enerji təchizatı üçün əhəmiyyəti yüksəldilmişdir. Daha dəqiq desək, Azərbaycanın təşəbbüsləri və fəaliyyəti nəticəsində böyük bir regionun geosiyasi-geoiqtisadi mənzərəsi yeni strateji məzmun və əhəmiyyət kəsb etməyə başlamışdır. Əminliklə deyə bilərik ki, Cənub Qaz Dəhlizi sisteminin mühüm tərkib hissəsi olan TAP və TANAP layihələrinin yaxın gələcəkdə reallaşdırılması ölkəmizin sosial-iqtisadi imkanlarını daha da genişləndirəcək, onun Avropa məkanının enerji təhlükəsizliyində də əhəmiyyətə malik dövlət olmasını bir daha təsdiqləyəcək, qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacaqdır.

Azərbaycanın inteqrasiya prosesi əsasən Qərbə doğru istiqamətlənsə də, onun Şərqlə, İslam dünyası və türk xalqları birliyi ilə ənənəvi əlaqələri davamlı şəkildə inkişaf etdirilməkdədir. Fərəh doğuran faktlardan biri də budur ki, türk dünyasına daxil olan xalqlar, dövlətlər arasında dostluq, qardaşlıq əlaqələrinin qurulması və möhkəmləndirilməsi prosesi də Azərbaycanla, onun müdrik övladlarının adları ilə üzvi şəkildə bağlıdır. Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyev türkdilli xalqlar arasında birliyi qarşılıqlı faydalı və bərabərhüquqlu iqtisadi-siyasi əlaqələr qurmaqla reallaşdıra bilmiş, möhkəmləndirmişdir. Azərbaycanın dövlət başçısı İlham Əliyevin prezidentliyi dövründə - ötən on il ərzində türkdilli dövlətlərin qarşılıqlı əməkdaşlığı daha da inkişaf etdirilərək yeni səviyyəyə qaldırılmış, xalqlarımız və dövlətlərimiz arasında ortaq iqtisadi-siyasi maraqların perspektivləri, imkanları müəyyənləşdirilmişdir. Əminliklə demək olar ki, müasir Azərbaycan Respublikası Qərbə doğru yönələn, lakin İslam dünyasının mənəvi-mədəni irsini də qayğı ilə qoruyan, türk etnomədəni məkanına daxil olan müasir və dünyəvi dövlətdir.

Azərbaycanın son on ildə əldə etdiyi ən mühüm nailiyyət dövlət müstəqilliyinin möhkəmləndirilməsi, bu anlayışın yeni fəlsəfi məzmun kəsb etməsi və inteqrasiya prosesi arasında mühüm tarazlığın əldə olunmasıdır. Siyasətdə "qismən müstəqillik" deyilən məfhum yoxdur. Azərbaycan dövlətinin bütün qlobal təşəbbüsləri, qoşulduğu iqtisad-siyasi layihələr paralel şəkildə dövlət müstəqilliymizin daha monolit xarakter almasına, onun təsdiqinə və dərkinə, dövlətimizin istənilən xarici təzyiqə qarşı dayanıqlılığının təminatına yönəldilmişdir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, müstəqillik Azərbaycan üçün danılmaz dəyərdir və yüz faizlik müstəqillik labüddür. Ölkə başçısı bu konseptual yanaşmanı şərh edərək demişdir: "İndi yeni tarix yazılır - müstəqillik tarixi. Bu, xalqımızın həyatında bütün dövrlərdə ən şanlı tarixdir. Əsrlər boyu heç vaxt Azərbaycan xalqı bu qədər rahat yaşamamışdır, Azərbaycan dövləti möhkəm olmamışdır. Bu müstəqillik həqiqi müstəqillikdir. Keçən əsrin əvvəllərində iki il Azərbaycan müstəqil ölkə kimi yaşadı. Ancaq biz hamımız bilirik ki, o müstəqillik tam deyildi və ona görə müstəqilliyin ömrü uzun olmadı. İki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Ondan əvvəlki dövrlərdə də, tariximizdə müxtəlif dövrlərdə dövlətçilik ənənələri olmuşdur. Onlar bizim üçün çox vacibdir. Amma bu qədər azad və müstəqil Azərbaycan heç vaxt olmamışdır. Bunu bilməliyik - biz də, gənc nəsil də bilməlidir. Bunu biz qorumalıyıq, möhkəmləndirməliyik. Hər bir şəhərin inkişafı, hər bir kəndin abadlaşdırılması, eyni zamanda, müstəqillik binamıza möhkəm bir daş, möhkəm bir təməldir".

Yuxarıda göstərilən faktlar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, onun inteqrasiya imkanlarının genişləndirilməsi, ölkənin iqtisadi-siyasi qüdrətinin artırılması, əhalinin sosial vəziyyətinin daha da yüksəldilməsi, maddi-mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətinin yalnız bir hissəsini əhatə edir. Lakin bu amilin özü də qarşıdakı seçkilərdə Azərbaycan xalqının yenidən Heydər Əliyev siyasi kursuna etimad göstərəcəyini, onu dəstəkləyəcəyini əminliklə söyləməyə əsas verir. Bununla bağlı onu da bildirmək istərdik ki, Azərbaycanın müxalifət düşərgəsi də yaradılan demokratik rəqabət şəraitindən bəhrələnərək qarşıdakı prezident seçkilərində öz qüvvəsini bir daha nümayiş etdirmək imkanına malikdir. Bununla belə, proseslərə ötən illərin təcrübəsi və bu günün reallıqları müstəvisindən yanaşanda müəyyən qüvvələrin seçkiqabağı hazırlığında əvvəlki pessimizmin hakim kəsildiyinin, qütbləşmələrin yenidən baş qaldırmasının və reallıqları düzgün dəyərləndirə bilməməyin şahidi oluruq. Təhlillər göstərir ki, müxalifət düşərgəsində yenə də fərdi və qrup mənafeləri ümummilli maraqları üstələməkdədir. Nəticədə radikal müxalifət qarşıdakı prezident seçkiləri ilə bağlı hələ də vahid mövqe nümayiş etdirə bilməmiş, buradakı siyasi münasibətlərdə pərakəndəlik, xaotik fəaliyyət, populizm xarakterli şüarlar və daxili çəkişmələr üstünlük təşkil etməkdədir. Yəni Azərbaycan parlamentində təmsil olunan müxalifət ictimai-siyasi proseslərdə fəal iştirakına, konstruktiv mövqeyə malik olmasına, prezident seçkilərinə öz namizədləri ilə qoşulmalarına baxmayaraq, patoloji radikalizmə, siyasi qarşıdurmalara meyilli olan dağıdıcı qüvvələrin real nəticə uğrunda birləşməsi şansı olduqca aşağıdır. Birmənalı olaraq, radikal müxalifətin fəaliyyəti reallıqlara deyil, illüziyalara, deklarativ bəyanatlara söykənir və seçici dəstəyi qazanmaq ehtimalları son dərəcə aşağıdır. Bundan başqa, irəli sürülən namizədlərin seçkidə hər hansı bir uğur qazanmasına hətta özləri də inamsızlıqla yanaşırlar. Strateji Araşdırmalar Mərkəzi ilə tərəfdaşlıq edən xarici ekspertlərin də prezident seçkiləri və seçkilərdə iştirak edən siyasi qüvvələrlə bağlı proqnozları da birmənalıdır. Radikal müxalifət düşərgəsində birliyin, vahid mövqeyin olmaması, ifrat populizm meyilləri, korporativ maraqların önə çəkilməsi, eləcə də daxili çəkişmələr onun prezident seçkilərində növbəti məğlubiyyətini indidən proqnozlaşdırmağa tam əsas verir.

Xarici mütəxəssislərin ümumi qənaətinə

görə, müxalifətdən fərqli olaraq, məhz iqtidar düşərgəsi seçkilərin tam şəffaf və demokratik şəraitdə keçirilməsində maraqlıdır. Müxtəlif adlar altında birləşməyə cəhd edən radikal müxalifətin bütün gecikmiş səylərinə baxmayaraq, ölkə başçısı İlham Əliyev yenə də ümumxalq dəstəyi nəticəsində seçki marafonunun qalibi olacaqdır.

Fərhad MƏMMƏDOV
- Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru
"Azərbaycan"