Reynhard Mitçek: “Avropanın qaza olan tələbatının artması «Nabucco» layihəsini doğruldacaq”

15 Sentyabr 2010 14:15
APA-nın məlumatına görə, bunu "Nabucco Gas Pipeline International GmbH." şirkətinin prezidenti Reynhard Mitçek bildirib. Onun sözlərinə görə, hazırda Avropanın qaza olan illik tələbatı 500 mlrd. kubmetr təşkil edir ki, bunun 300 mlrd. kubmetri idxal olunur: "Yaxın 5-10 il ərzində Avropanın qaza olan tələbatının daha 100 mlrd. kubmetr artaraq 600 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Eyni zamanda, Avropada qazın istehsalının 200 mlrd. kubmetrdən 100 mlrd. kubmetrədək azalacağı gözlənilir ki, daha 200 mlrd. kubmetr qazın idxalına tələbat yaranacaq. Avropa bunun 100 mlrd. kubmetrini maye şəklində, digər 100 mlrd. kubmetrini isə adi qaz şəklində almaq niyyətindədir".

R.Mitçek həmçinin qeyd edib ki, Avropa bazarının gələcəkdə qaza olan tələbatının artması "Nabucco" layihəsini doğruldacaq.

Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan "Nabucco" kəmərinin inşası məqsədilə yaradılan "Nabucco Gas Pipeline İnternational GmbH." konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), "Transgaz" (Rumıniya), "Bulgargaz" (Bolqarıstan), "BOTAŞ" (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub.

Milli.Az