Bu məmləkəti kim xilas edəcək?

4 Oktyabr 2014 21:22
Fransanın sabiq prezidenti Nikola Sarkozi böyük siyasətə qayıtmaq niyyətini açıqlayıb. Bununla da onun 2017-ci ildə keçiriləcək prezident seçkisində namizədliyini irəli sürmək fikrində olduğuna şübhə qalmayıb.

Hələ bir neçə ay əvvəl Sarkozinin azadlıqda qalıb-qalmayacağı sual altında idi. İyulun əvvəlində ona qarşı korrupsiya, hakimiyyətdən sui-istifadə maddələrilə rəsmi ittiham irəli sürülmüşdü. 2007-2012-ci illərdə Fransa prezidenti postunu tutmuş siyasətçi seçkiqabağı kampaniyası ilə bağlı aparılan istintaqa dair məlumatları əldə etmək müqabilində yüksək rütbəli hakimə Monakoda yeni vəzifə vədi verməkdə şübhəli bilinirdi. Söhbət L'Oreal kosmetika şirkətinin davamçısı Lilian Betankurdan qeyri-leqal yolla vəsaitin alınmasına dair 2013-cü ildə başladılmış "madam Betankur işi"ndən gedir. İttiham tərəfinin versiyasına görə, Fransanın eks-prezidenti öz maddi xeyri üçün məşhur biznes-vumenin yaşlı olmasından sui-istifadə edib. Ötən ilin oktyabrında Sarkoziyə qarşı bu ittihamlara kifayət qədər sübut olmadığından xitam verilib. Lakin bunun ardınca ortaya çıxan "hakim işi" yenidən Nikola Sarkozinin başı üzərində "Damokl qılıncı"na çevrilib. İstintaqın əlinə Sarkozinin seçki qərargahına Liviyanın sabiq lideri Müəmmar Qəzzafi tərəfindən qanunsuz maliyyə vəsaitlərinin daxil olunduğunu göstərən sənədlərin keçməsi eks-prezidentin vəziyyətini daha da ağırlaşdırırdı. Hər kəs yaxşı bilir ki, Qəddafi rejiminin devrilməsində qərbli müttəfiqlərlə yanaşı, Fransa da aktiv iştirak edib, o vaxtkı lider N.Sarkozi isə keçmiş Cümhuriyyənin liderinin devrilməsi və qətlə yetirilməsində mühüm rol oynayıb.
 

İndi isə Sarkozi böyük siyasətə qayıdacağını bəyan edir. Bu bəyanatdan bir neçə gün sonra Parisin Apelyasiya Məhkəməsi sabiq prezidentlə bağlı korrupsiya və hakimiyyətdən qazanc məqsədilə sui-istifadə maddələri ilə araşdırmanı dayandırıb.

Sarkozi siyasi arenaya qayıdışını birmənalı olaraq nəcib niyyəti ilə əsaslandırır - o, "həddindən artıq çox sevdiyi" Fransanı xilas etmək" niyyətindədir. Bu yolda ilk addım Sarkozinin "Xalq hərəkatı uğrunda" (XHU) partiyanın noyabrın sonuna təyin olunmuş toplantısında təşkilatın lideri seçilməsi olmalıdır. Qeyd edək ki, daxili çəkişmələr üzündən partiyada xeyli vaxtdır vahid lider yoxdur.

Sarkozinin sözlərinə görə, o, həmvətənlərinə hazırkı sosialst hakimiyyətinə "layiqli alternativ" imkanı vermək üçün qayıdır. Sarkozi yaxın ətrafının yanında hazırkı hakimiyyətin lideri, prezident Fransua Ollandı "heç nə" və "boş şey" adlandırır.
 

Ollandın mövqeləri son aylarda həqiqətən də xeyli zəifləyib. 2014-cü ilin ikinci rübündə ölkə iqtisadiyyatında artım 0% təşkil edib. Hazırda Fransada, təxminən, 3,5 milyon insan işsizdir. Çoxları sosial vəziyyətdən narazılıq edir. Bu yaxınlarda Fransada (həmçinin bir neçə başqa ölkədə) "AirFrance" şirkətinin pilotları tətilə başlayıblar. Yaşayış səviyyəsinin ağırlığına etiraz edən fermerlər isə Morledə vergi xidmətinin binasına od vurublar.

Olland hakimiyyətinin iqtisadi siyasətinin uğursuz olması siyasi hakimiyyətin dayaqlarını da laxladır. Sabiq baş nazir Manuel Valsın başçılığı ilə bütünlükdə Nazirlər Kabinetinin istefası Fransa rəhbərliyindəki böhranın göstəricisi sayıla bilər. Vals yeni kabinet formalaşdıraraq ona etimad məsələsini qaldırıb. Əslində o, istefaya getməyə də bilərdi. Lakin o, sosialist hökumətinin ciddi şəkildə laxlamış mövqeyini iqtisadi konyukturanın yaxşılaşdırılması yolu ilə bərpa etmək istəyir. Baş nazir hesab edir ki, iqtisadi konyukturanın son dərəcə qeyri-populyar addımlar atmadan dəyişdirilməsi mümkün deyil. Söhbət büdcə kəsrinin sosial proqramların azaldılması yolu ilə aradan qaldırılması kimi addımlardan gedir. Bu üzdən də Vals ilk növbədə parlamentin dəstəyini almaq istəyib. Nəticədə Milli Assambleya Valsın yeni hökumətinə etimad göstərib. Bununla yanaşı, 269 deputatın dəstəklədiyi hökumətin əleyhinə çıxanlar da az olmayıb - 244 nəfər.
 

Göründüyü kimi, tərəflər arasında fərq böyük deyil və demək, Valsın kart-blanş əldə etdiyini söyləmək doğru olmazdı.

Fransanın siyasi dairələrinin əksəriyyəti sosialist kabinetlə yanaşı, prezident Ollanda da dəstəyi dayandırıb. Amma ölkədəki hazırki vəziyyətin əsas intriqası heç də bunda deyil. Fransanın tarixində ilk dəfə olaraq, ənənəvi şəkildə sosialistlərdən sağçılara və əksinə keçən hakimiyyətə real alternativ meydana çıxıb. Bu, ultrasağçı Milli Cəbdədir (MC).
 

Son zamanlar Fransada keçirilən sosioloji sorğuların nəticələri kifayət qədər maraqlıdır. Ölkədə bu gün prezident seçkisi keçirilərsə, qalib məhz MC lideri Marin Le Pen olar. Bu, hazırki sosialist prezidentin qeyri-populyarlığının ən bariz göstəricisidir. Həmin sosioloji sorğulardan bəlli olur ki, hazırda fransızların 80%-i Ollandın siyasətindən narazıdır. Baş nazir Manuel Valsın fəaliyyətindən narazı olanlar 67% təşkil edir. Vals hökumətinə etimad məsələsinin parlamentdə səsə qoyulması ərəfəsində titrək səslə ultrasağçıların "hakimiyyətin astanasında olduqlarını" demişdi və bu, heç də əsassız deyildi.
 

MC həqiqətən ləng də olsa, durmadan Yelisey Sarayına doğru irəliləyir. Bu ilin mayında fransalı ultrasağçılar Avropa Parlamentinə keçirilən seçkidə ciddi uğur qazanıblar. Onlar 25% səs toplayıblar. Fransada keçirilmiş bələdiyyə seçkisində də Marin Le Penin partiyası yüksək nəticə göstərə bilib: MC-nin 1,5 mindən artıq nümayəndəsi yerli özünüidarəetmə orqanlarında yer alıblar.
 

Bütün bunların fonunda Nikola Sarkozinin böyük siyasətə qayıdışı heç də təsadüf deyil. Görünən odur ki, Fransanın liberal siyasi və maddi-iqtisadi düşərgəsi Marin Le Penin və onun rəhbərlik etdiyi MC-nin hakimiyyətə gəlməsində qətiyyən maraqlı deyil. O, parlament partiyası olsa da, dövlət idarəçiliyində köklü dəyişikliklərin aparılmasını vacib sayan antisistem qüvvəsidir.
 

İndiki Fransa elitasını qorxudan, birincisi, MC-nin daxili siyasət strategiyasını dəyişmək niyyətidir. Özü də Le Penin əsas söykəndiyi mövzu çoxlarının düşündüyü kimi miqrasiya məsələsi deyil. Onun Fransa siyasətinə nə gətirmək istədiyini anlamaq üçün Sarkozinin siyasətə qayıtmaq qərarına münasibətinə nəzər salmaq kifayətdir: "Fransızlar artıq onlara ictimaiyyətlə əlaqələr üzrə menecerlərin rəhbərlik etməsini istəmirlər. Artıq onlar manipulyasiyaya məruz qaldıqlarını, onlara reallıqda olmayan şeylərin satıldığını hiss etmək istəyində deyillər". Başqa sözlə, MC lideri göstərmək istəyir ki, yalnız özü yox, Fransa vətəndaşlarının böyük əksəriyyəti artıq KİV və müasir siyasi texnologiyaların köməyilə ictimai rəyi "formalaşdıran", ölkənin ehtiyatlarını və hakimiyyəti özünün və qrupunun maraqları naminə "xərcləyən" siyasətçilərdən beziblər.
 

Elitanı narahat edən daha bir məqam Le Penin xarici siyasi baxışlarıdır. O, Avropa İttifaqını Avropa ölkələrinin siyasi-iqtisadi rəhbərliyinin əlində alət sayır, ABŞ və Amerika kapilatı ilə sıx bağlı olan ittifaqın dağılmasını istəyir. Le Penin fikrincə, avropalılara ABŞ-ın göstərişlərilə hərəkət edən deyil, öz maraqlarını güdən Avropa lazımdır.
 

Fransada populyarlığı xeyli artan və əksər vətəndaşların prezident görmək istədikləri siyasətçinin bu cür baxışları hakim elita üçün birbaşa çağırışdır. Le Penin Yelisey Sarayına buraxılmaması məqsədilə Fransanın siyasi dairələri qalmaqallı olsa da, son dərəcə çevik şəxsə - eks-prezident Nikola Sarkoziyə daha bir şans vermək haqda düşünməyə başlayıb. Hər halda, sosialistlərin xroniki zəifliyi fonunda Sarkozi heç olmasa getdikcə daha çox böhrana düşən liberal hakimiyyəti xilas etmək əzmi nümayiş etdirir. Bu məqsədlə qüdrətli səhnəarxası qüvvələr Sarkozini ona qarşı açılmış cinayət işlərindən xilas etmək üçün bütün lazımi resursları işə salıblar. Sarkozinin böyük siyasətə qayıtdığını açıqladığı zaman söylədiyi bir fikri də təsadüf saymaq olmaz. O bildirib ki, "bu gün Fransa ya hazırda yaşanan alçaldıcı tamaşanı davam etdirmək, ya da "Milli Cəbhə"nin hakimiyyətə gələcəyi təqdirdə total təcrid olunmaq perspektivi ilə üzləşib" və Sarkozi bunu kənardan seyr etmək niyyətində deyil.

Sarkozinin Yelisey Sarayına qayıtmasına əsas maneə isə əksər fransızların daha onu ölkənin siyasi arenasının fəal oyunçusu kimi görmək istəməməsi ola bilər. Sosioloji sorğulardan birinə qatılmış respondentlərin 61%-i Sarkozinin partiyasının liderliyinə iddiasını dəstəkləmir. Rəyi soruşulanların 63%-i isə onun 2017-ci ildə keçiriləcək prezident seçkisində namizəd olmasına qarşıdır. Sarkozini "təmiz adam" sayanlar cəmi 29% təşkil edir.
 

İstənilən halda, "Sarko-şou" artıq başlayıb - Fransada Sarkozinin yeni prezidentlik kampaniyasını belə adlandırırlar. Sentyabrın 25-də ölkənin şimalında yerləşən Lambersar şəhərində o, böyük siyasətə dönüşünü açıqlamasından sonra ilk mitinqini keçirib. Onun bu qayıdışı Fransa tarixində ilk dəfə bir prezidentin vəzifədən getməsindən bir neçə il sonra yenidən Yelisey Sarayına qayıtmasına aparıb çıxaracaqmı? Yaxın illərdə müasir Fransa siyasətinin bu müəmmasına aydınlıq gələcək.

"Region Plyus"