Kür və Araz çaylarının çirklənmə səviyyəsi ilə bağlı hesabat açıqlanıb

14 Sentyabr 2010 14:37
Nazirliyin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, sentyabrın I ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının III ongünlüyünə nisbətən 4,6 m3/san azalaraq 85 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4, mis birləşmələri 3, Ağstafaçayda mis birləşmələri və fenollar 3, Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni ötüb.

Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 6,19 m3/san olub. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 4, Bəhramtəpə məntəqəsində isə mis birləşmələri 2, fenollar 3 dəfə YVQH-ni keçib.Suyun oksigen rejimi bütün məntəqələrdə 6,12-6,49 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Milli.Az