Xaçmaz peşə liseyi ərizə qəbulu elan edir

29 Avqust 2013 13:29
Ərizələrin qəbulu sentyabrın 15-dək davam edəcək.

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Xaçmaz Peşə Liseyi hər il olduğu kimi bu il də ərizə qəbulu elan edir. Bu il təhsil müəssisəsi 11 ixtisas üzrə şagird qəbul edir. Ərizələr 9 və 11 illik təhsil bazasından qəbul edilir. Şagirdlər 9 illik təhsil bazasından 5 qrup olmaqla aşpaz, xarrat, inşaat rəngsazı, əməliyyatçı mühasib və barmen-bufetçi ixtisaslarında, 11 illik bazadan isə 6 qrup olmaqla qaynaqçı, tornaçı, dülgər, əməliyyatçı mühasib ixtisaslarında təhsil alacaqlar.

Xaçmaz Peşə Liseyinə ərizələrin qəbulu sentyabrın 15-dək davam edəcək. Burada təhsil almaq istəyənlər lisey direktorunun adına ərizə, təhsil haqqında sənədin əsli və surəti, doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsinin surəti, yaşayış yeri və sağlamlıq haqqında arayış, hərbi bilet və ya çağırış vərəqəsini liseydə fəaliyyət göstərən qəbul komissiyasına təqdim etməlidirlər. Xaçmaz Peşə Liseyində təhsil həm dövlət hesabına, həm də ödənişli şəkildə aparılır.

Milli.Az