Xudadat bəyin acı taleyi

29 Avqust 2013 12:24
Bütün zamanlarda ömrünü xalqına, onun azadlığına və hərtərəfli inkişafına həsr edən insanlar olub. Qəlbində daim Vətən eşqi yaşadan, xalqına canı-qanı ilə bağlı olan belələrinə bəzən quruluş, dövrün dəyişkən ab-havası, nizamsız proseslər maneçilik etsə də, məhdudiyyətlər qoysa da, onlar yollarından dönməyib, öz məqsədlərinə doğru gediblər. Onların xalqa xidmət etmək, fayda vermək məqsədi vətəndaşlıq heysiyyətindən irəli gəlib.

Tarix boyu elə görkəmli şəxsiyyətlər olub ki, yaşadıqları dövrdə hakimiyyət, dövlət quruluşu bir neçə dəfə dəyişib. Təbii ki, həmin şəxslər, əslində, bu quruluşların hansısa birinə rəğbət bəsləyib, tərəfdarı olublar. Bununla belə, xalqına, millətinə xidmət etmək amalları siyasi əqidələrini üstələyib, elə ürəklərincə olmayan quruluşda da bildiklərini, bacardıqlarını Vətənə həsr ediblər. Başqa sözlə, xalqa gərək olmaq, onun sabahı üçün çalışmaq əqidələri dəyişməz qalıb.

Azərbaycan xalqının ləyaqətli oğlu, dəfələrlə təqiblərə məruz qalan, həbsdən, işgəncələrdən, ölümdən belə qorxmayan, dönüb yenidən bütün bilik və bacarığı ilə Vətəni naminə çalışan Xudadat bəy Məlikaslanovun tərcümeyi-halı ilə tanış olandan sonra məhz belə duyğulara köklənirsən.

X.Məlikaslanov istiqlal mücahidlərindən olub. Biz onu Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimlərindən biri kimi tanıyırıq. Azərbaycanın ən ağır, ən məsuliyyətli illərində yüksək vəzifələr daşıyan bu şəxs, əslində, həmin vaxtadək də, sonra da bütün varlığı ilə Vətəninə xidmət mücəssəməsi olub. Əfsuslar ki, ömrünün son illəri sovet hakimiyyəti dövrünə təsadüf edən Məlikaslanov amansız rejim tərəfindən gözümçıxdıya salınaraq, təqiblərə, təzyiqlərə, işgəncələrə məruz qalaraq məhv edilib. İnsan cəmiyyətini sarsıdıb silkələyən, onun tarixi yaddaşında qanlı iz qoyan, bir tərəfdən şəxsiyyətə pərəstişi təbliğ edən, digər tərəfdən isə şəxsiyyətlərin alçaldılmasını adi həyat norması kimi mənimsəyən sovet totalitarizminin ötən əsrin 30-cu illərində həqiqi siyasi mahiyyəti bu idi. Beləliklə, X.Məlikaslanov da heç bir günah işlətmədən Stalin dövrü repressiyalarının qurbanlarından birinə çevrilib.

Xoş siması, kübar görkəmi, ağıllı baxışları ilə diqqəti cəlb edən Xudadat bəy daim qorxu kabusunun təsiri altında, narahat ömür yaşayıb. O zaman Leninin kommunizm idealları gerçəkləşib xalqlara firavanlıq gətirməliydi. Amma bu "firavanlıq" ilk günlərdən minlərlə, bəlkə də yüz minlərlə insanın həbsxanalarda çürüməsinə səbəb oldu, dövrün mütərəqqi ruhlu ziyalıları güllələnmə ilə, sürgünlərlə "mükafatlandırıldı".

Müxtəlif ensiklopediyalarda X.Məlikaslanovun cümhuriyyət dövründə rəhbər vəzifələrdə çalışdığı, parlament üzvü olduğu göstərilir. Bütün bunlardan öncə isə Xudadat bəy dərin biliyə və savada malik nadir mütəxəssis, ixtiraçı-mühəndis və alim idi. Xüsusilə dəmiryolu nəqliyyatı sahəsində ixtisaslaşmışdı. Texnika elmləri üzrə azərbaycanlılar arasında ilk professor adını alanlardan idi.

Xudadat bəy Ağa oğlu Məlikaslanov 1879-cu ilin aprel ayında Şuşanın Tuğ kəndində anadan olmuşdu. 1899-cu ildə Şuşa realnı məktəbini bitirdikdən sonra Peterburq Yol Mühəndisliyi İnstitutuna qəbul edilmişdi. Beş il sonra həmin ali məktəbi birinci dərəcəli diplomla başa vurmuşdu.

1901-1904-cü illərdə Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü olan və partiyanın Peterburq komitəsində çalışan Xudadat bəy bir müddətdən sonra həmişəlik bitərəf qalır. Yəni, ömrünün sonunadək heç bir partiyaya üzv olmur.

Xaricdə təhsil alması onun taleyini xeyli dərəcədə müəyyənləşdirir. Belə ki, təhsilini başa vurandan sonra uzun illər Azərbaycandan, doğma Şuşadan kənarda yaşayıb işləyir. İnstitutu bitirən gənc mühəndis yarım il Sankt-Peterburqda Voloqda-Petrozavodsk Dəmiryolunun Çəkilişi İdarəsində çalışıb. Peşəkarlığı ilə hamını heyran qoyub.

1905-ci ildə Tiflisə köçərək əmək fəaliyyətini yenə də həmin sistemlə bağlayır. Zaqafqaziya dəmiryolunda işləyir. Əvvəlcə mühəndis, stansiya rəisinin köməkçisi olur. Sonra Zaqafqaziya dəmiryolunun Suram aşırımı keçidində yol xidməti rəisi köməkçisi vəzifəsinə keçir. Tapşırılan bütün vəzifələrdə etimadı doğrultduğuna görə onu buraya rəis təyin edirlər.

X.Məlikaslanov geniş günyagörüşə malik, hərtərəfli inkişaf etmiş insan idi. O, istər Peterburqda yaşadığı, istərsə də sonrakı illərdə həmin şəhərdə çıxan jurnallarda elmi məqalələrini dərc etdirirdi. Qazandığı nəzəri bilikləri istehsalatla sıx əlaqələndirməyi bacarırdı. Dəmiryolu texnikasına aid yeni ixtiralar etmişdi. Bütün bunlar cavan mühəndisin tezliklə tanınmasına, ad-san qazanmasına səbəb olmuşdu.

1917-ci ilin fevral inqilabından az sonra - mart ayında Xudadat bəy Məlikaslanov Müvəqqəti hökumətin sərəncamı ilə Xüsusi Zaqafqaziya Komitəsində dəmiryolu üzrə müvəkkil təyin edilir. Onun vəzifəsi tez-tez dəyişir, bacarığı, idarəetmə qabiliyyəti ilə hamının rəğbətini qazanır, eyni zamanda, yüksəliş pillələri ilə də sürətlə irəliləyir. Heç bir il keçmir ki, ona Zaqafqaziya komissarlığında Dəmiryolu Nəqliyyatı Nazirliyi üzrə komissar vəzifəsi tapşırılır. Bir neçə ay sonra isə təzəcə yaradılmış müstəqil Zaqafqaziya Federativ Respublikası hökumətinin dəmiryolu naziri təyin edilir.

1918-ci ildə Məlikaslanovun ilk kitabı işıq üzü görür. Müəllif Tiflis dəmiryolu nəqliyyatının tarixi barədə bilgilərini qələmə alaraq rus dilində oxuculara təqdim edir.

1919-cu ildə Xudadat bəyin təşəbbüsü ilə Bakıda dərslərin ana dilində keçirildiyi ilk dəmiryolu nəqliyyatı məktəbi açılır. Azərbaycanın dəmiryollarında təmir işlərinin aparılması da bu dövrdə onun təklifi, iştirakı və rəhbərliyi ilə həyata keçirilən tədbirlərdən biri olur. Bütün bunlar nəqliyyatın ahəngdar işləməsinə imkan verir və yollarda qayda-qanun yaranırdı.

Xudadat bəyin fəaliyyəti bununla bitmirdi. 1919-cu ilin aprelində latın əlifbasına keçmək üçün yaradılan xüsusi komissiyaya rəhbərlik etməyi Nazirlər Şurası məhz Məlikaslanova tapşırır. Komissiya o zaman Azərbaycan parlamentinə layihə də təqdim edir. Lakin onun müzakirəsi yarımçıq qalır.

Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra o, daha böyük həvəslə çalışır, özünü oda-közə vurur, gücü və bacarığı nəyə çatırdısa, onu da yerinə yetirirdi.

Xudadat bəyin məsləkdaşları və silahdaşları çox idi. Onları sanki zamanın özü yetişdirmişdi. Şərqin ilk demokratik respublikasında, heç bir təcrübəsi olmayan cümhuriyyətdə məsul vəzifələrə irəli çəkilir və layiqincə işləyə bilir, inamı və etibarı doğruldurdular. Əksəriyyətinin heç yaşı da çox deyildi. 30-35 yaşlarında idilər, hətta 25 yaşında olanlar da vardı. Onların üstün cəhəti ondaydı ki, bu insanların əksəriyyəti təhsillərini Avropanın nüfuzlu universitetlərində almışdılar, siyasi proseslərdə bişmiş mütərəqqi ruhlu ziyalı idilər.

X.Məlikaslanov da cümhuriyyətdə ilk dəfə nazir təyin olunanda 40 yaşı yox idi. Amma zəngin təcrübə toplamışdı. Dərin biliyə, idarəçilik qabiliyyətinə və təşkilatçılıq bacarığına malik idi.

Cümhuriyyət hökumətinin qərarı ilə 1918-ci il iyunun 1-dən ölkə ərazisindəki bütün dəmiryol xətləri müstəqil Azərbaycan dəmiryoluna çevrilmişdi. Dəmiryolu İdarəsi yaradılmışdı. Bu dövrdə Azərbaycan dəmiryollarının ümumi uzunluğu 954,2 kilometr idi. Az sonra Yollar Nazirliyi yaradıldı. Nazir vəzifəsini isə bütün hökumət kabinetlərində Xudadat bəy Məlikaslanov icra edirdi.

Gənc respublikanın gənc yollar naziri öz həmkarları və məsləkdaşları ilə əl-ələ verərək məqsədyönlu tədbirlər həyata keçirirdi. Onlar həm yolların şəbəkəsinin genişləndirilməsinə və rahatlığının təmin olunmasına, həm də bu yollarda hərəkət edən texnikanın sazlığına və çoxaldılmasına böyük əhəmiyyət verirdilər. Ən vacib məsələlərdən biri də yollarda, xüsusilə digər respublikalara gediş-gəliş yollarında təhlükəsizliyin təmin olunması idi. Bu məqsədlə 1918-ci il iyunun 4-də Batumda Azərbaycan, Osmanlı, Gürcüstan və Ermənistan hökumətləri arasında Cənubi Qafqaz dəmiryollarının vaqon-parovoz parkını bölüşdürmək barədə saziş bağlandı. Azərbaycan tərəfindən sənədi Məhəmməd Əmin Rəsulzadə və Məmməd Həsən Hacınski imzaladılar.

Lakin həmin illərdə bütün işlər heç də rəvan getmirdi. Cənubi Qafqaz respublikaları arasında ərazi mübahisələri olduğuna görə sazişin müddəaları reallaşmadı. Hər dəfə belə problemli məqam və şərait yarananda vəziyyətdən çıxış yolu tapmaq, işi düzgün istiqamətdə aparmaq çox çətin idi. Bununla belə, gənc respublikanın nəqliyyat sahəsində artıq ixtisaslaşmış və püxtələşmiş yollar naziri müvafiq qərarlar qəbul etməyə qadir idi. 1918-ci il dekabrın 26-da Azərbaycan Xalq Cümhuriyyəti Gürcüstanla ayrıca müqavilə imzaladı. 1919-cu il martın 18-də Azərbaycanla Gürcüstan arasında dəmiryolu rabitəsi haqqında daha bir saziş imzalandı. 1919-cu il aprelin 17-də Azərbaycan Dəmiryolu İdarəsi Batumda öz ticarət agentliyini təşkil etdi. 1918-1920-ci illərdə dəmiryolu xətlərinin, hərəkət vasitələrinin təmiri qaydaya salındı. Dəmiryolçuların məvacibi artırıldı. Artıq 1920-ci ilin yazında Azərbaycana məxsus dəmiryolunda çalışanların ümumi sayı 11 minə çatırdı. Ölkə daxilində və xaricə hərəkət yalnız dəmiryolu ilə bitmirdi. Bu dövrdə Bakıdan Xəzər vasitəsilə Salyan, Lənkəran, Ənzəli, Port-Petrovsk (Mahaçqala), Həştərxan istiqamətlərində əsas su yolları fəaliyyət göstərirdi. Xəzər ticarət donanmasında 17 böyük buxar gəmisi vardı.

Beləliklə, o dövrdə X.Məlikaslanovun rəhbərlik etdiyi nazirliyin xəttilə görülən işlər tarixin yaddaşında bu cür qalıb: 1919-cu il iyulun 15-dən Bakı-Batum istiqamətində 4 cüt qatarın, ilin sonunda isə Bakı-Port-Petrovsk (Mahaçqala) istiqamətində də ciddi qrafik üzrə gündə 4 cüt qatarın hərəkəti təmin edildi.

1918-ci il oktyabrın 30-da Bakı ticarət limanı idarəsinin fəaliyyəti bərpa olundu. Ticarət gəmiləri ilə Bakı-Mahaçqala, Salyan, Lənkəran limanları arasında sərnişin və yük daşınması təşkil edildi. Hökumətin ciddi səyləri və nazirliyin gərgin zəhməti nəticəsində 1919-cu ildə Bakı-Batum neft kəməri də bərpa edilib istifadəyə verildi. 1919-cu ilin avqust ayında ingilis qoşunları Azərbaycandan çıxdıqdan sonra Bakı limanı və ticarət donanması da cümhuriyyət hökumətinin sərəncamına keçdi. Ölkənin ticarət gəmiləri Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı altında üzməyə başladılar.

Hökumətin şose yollarının bərpası üçün 1919-cu il fevralın 17-də nazirlik üçün ayırdığı 1 milyon manat kredit Xudadat bəyin səriştəsi sayəsində səmərəli istifadə olunurdu. Həmin il aprelin 24-də isə bilavasitə Yevlax-Şəki şose yolunun təmiri və seldən qorunması üçün bənd tikintisinə 210 min manat vəsait verildi. Nəqliyyat vasitələrinin təmiri və normal istismarı məsələləri daim diqqət mərkəzində saxlanılırdı. 1919-cu il aprelin 28-də Bakıda avtomobillərin ilkin təmiri və avtomobil zavodunun saxlanması üçün 175 min manat vəsait ayrıldı.

Nazir X.Məlikaslanovun rəhbərliyi ilə yollarda hələ çox yeniliklərin olacağı şübhəsiz idi. Lakin 1920-ci ilin aprel işğalı bu planları yarımçıq qoydu.

Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi X.Məlikaslanov bu illər ərzində həm siyasi proseslərin önündə olmuş, həm də böyük quruculuq fəaliyyəti göstərmişdir. Zaqafqaziya Seyminin, Azərbaycan Milli Şurasının üzvü olan X.Məlikaslanov cümhuriyyətin 1-ci və 2-ci hökumət kabinetlərində yollar və poçt-teleqraf naziri, 3-cü, 4-cü və 5-ci kabinetlərdə yollar naziri idi. 5-ci hökumət kabinetində 1920-ci il fevralın 18-dək müvəqqəti olaraq həm də ticarət, sənaye və ərzaq nazirinin səlahiyyətlərini icra etmişdi.

Onun haqqında yazılmış məqalələrin birində deyilir: "X.Məlikaslanov dekabrın 7-də (1918-ci il) Bakıda açılmış Azərbaycan parlamentinin üzvü seçilmişdir. O, Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin təşkil etdiyi birinci və ikinci kabinetdə də həmin vəzifəni icra etmişdir. X.Məlikaslanov təşkilatçılıq qabiliyyətinə görə N.Yusifbəylinin birinci müavini təyin olunmuşdu. Bundan başqa, o, 1919-cu il iyunun 11-də yaradılmış respublika Dövlət Müdafiə Komitəsi sədrinin birinci müavini idi".

1920-ci ilin aprel ayında Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra X.Məlikaslanov bir sıra rəhbər vəzifələrdə çalışır. 1921-ci ilin əvvəlində Dövlət Tikinti Komitəsində şöbə müdiri işləyir, daha sonra həmin komitənin sədri olur. O, Azərbaycan Ali Xalq Təsərrüfatı Şurası yanında dəmiryolu tikintisi idarəsinin rəisi və şuranın məsləhətçisi vəzifələrini icra edir.

Sovetlər X.Məlikaslanovun nəyə qadir olduğunu yaxşı bilirdilər. Başa düşürdülər ki, o, yüksək ixtisaslı mütəxəssis, təcrübəli təşkilatçı və Vətənini sevən ziyalıdır. Bunun üçün də ona ən məsul vəzifələri tapşırmaqdan belə çəkinmirdilər. Əlbəttə, onlar bunu X.Məlikaslanova olan hörmət və etimada görə deyil, öz mənafeləri naminə edirdilər. Odur ki, Xudadat bəyə 1923-1925-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsinin sənaye-nəqliyyat-tikinti bölməsinin müdiri vəzifəsini tapşırırlar. 1922-1924-cü illərdə Zaqafqaziya Dəmiryolu İdarəsinin üzvü seçilir. 10 ilə yaxın (1921-1930) Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində yol, sənaye, nəqliyyat və tikinti bölməsinin sədri işləyir, bunlardan 6 ilini (1924-1930) həmin fakültənin dekanı olur.

1928-ci ildə Azərbaycan SSR Ali Texnika Komitəsinin sədr müavini, 1921-1930-cu illərdə RSFSR və Azərbaycanın bir sıra elmi-texniki mədəni-maarif təşkilatlarının üzvü, üç il (1927-1930-cu illər) SSRİ Xalq Təsərrüfatı Şurasının elmi-texniki kollegiyasının üzvü kimi də fəaliyyət göstərir. 1926-1930-cu illərdə o, həm Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin, həm də Zaqafqaziya MİK-nın üzvü idi.

Beləliklə, Xudadat bəyə getdikcə daha məsul tapşırıqlar verilir, ən çətin vəzifələr etibar olunurdu. Onu bir vəzifədən götürüb digərinə təyin edirdilər. Çünki hara getsə, oranı dirçəldə bilirdi, nizam-intizam, qayda-qanun yaratmağı, işləri təşkil etməyi bacarırdı. X.Məlikaslanov hətta müxtəlif illərdə paralel olaraq bir neçə vəzifəni icra edib. 1929-cu ildə Azərbaycan SSR MİK-nın qərarı ilə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutuna həqiqi üzv seçilməsi və növbəti 1930-cu ildə Azərbaycan Neft İnstitutunun nəqliyyat fakültəsinə rəhbərlik etməsi deyilənlərə sübutdur.

Bütün bunlarla yanaşı, X.Məlikaslanov elmi yaradıcılıqla da, məşğul olmuş, bir çox məqalələri Moskvada nəşr edilən jurnallarda işıq üzü görmüşdür. Uzun illər dəmiryolu işi ilə bağlı topladığı bilik və təcrübəni sonralar yazdığı kitablarda ümumiləşdirmişdir. Belə ki, 1927-ci ildə Politexnik İnstitutunun nəşriyyatında, iki il sonra isə Azərbaycan Dövlət Nəşriyyatında dəmiryolu texnikasına aid iki kitab nəşr etdirmişdir.

Sovet hökuməti cümhuriyyət dövrünün kadrlarından öz mənafeyi naminə istifadə etsə də, onları həmişə düşmən gözündə görürdü. Onları izləyir, şərləyir, cəzaya məhkum edirdilər. Əslində, bolşeviklərin əsas siyasi opponentləri müsavatçılar idi. Onlarla haqq-hesabı çürütmək həmişə gündəmdə qalırdı. Lakin yeni hökumətin vəzifəli şəxsləri buna mübahisə, diskussiya və s. vasitəsilə nail olmağı düşünmürdülər. Çünki müsavatçıların intellekti, dünyagörüşü, inkişaf səviyyələri düşünüb hazırlaşmadan, necə gəldi, "dünya inqilabına" doğru gedənlərdən xeyli yüksək idi. Respublikanın yeni rəhbərlərinin vəzifəsi, məqsədi bir idi: mane olanları aradan götürmək, onlardan yaxşı düşünənləri, mütərəqqi fikirliləri təkləyib məhv etmək. O zaman - Rusiyada sovet hakimiyyəti qurulduqdan sonra Leninin və Trotskinin sərəncamı ilə Solovetsk adalarında (Ağ dəniz), Suzdal, Yaroslavl və başqa yerlərdə həbs düşərgələri yaradılırdı. Minlərlə "inqilab düşməni" həmin düşərgələrin ilk sakini oldu. Düşmən adlandırılanlar kimlər idi? Rusiya zadəganları, başqa millətlərdən olan görkəmli şəxsiyyətlər, Avropanın müxtəlif ölkələrində təhsil almış ziyalılar, sovet hakimiyyətinin qurulması uğrunda mübarizə aparan, ona inanan bütün adamlar, bir də yaxşı yaşadıqlarına görə təqsirləndirilən minlərlə günahsız kəndli. Məhbuslar arasında Azərbaycan xalqının ən yaxşı oğulları da vardı. Təkcə Müsavat Partiyasının yüzlərlə üzvü dəfələrlə belə düşərgələrə sürgün edilmişdi.

Bir faktı da qeyd edək ki, Azərbaycanda sovet hakimiyyəti qurulan kimi XI qırmızı ordunun xüsusi şöbəsi ziyalılara, mövcud partiyaların üzvlərinə, hətta liberal əhval-ruhiyyəli adamlara belə amansız divan tutmağa başladı. On nəfərdən çox azərbaycanlı general məhkəməsiz və istintaqsız güllələndi. Halbuki Azərbaycan Ordusu qırmızı orduya qarşı vuruşmamışdı və mövcud razılaşmaya əsasən generallar təqib olunmamalı idilər. Təkcə iki general - Səməd Mehmandarov və Əliağa Şıxlinski Nəriman Nərimanovun sayəsində sağ qalmışdılar. Beləliklə, 1920-ci ilin axırlarından başlanan həbslər, istintaqlar, dindirmələr 1930-cu illərdə dəhşətli bir vəziyyət aldı. Əvvəllər Fövqəladə Komissiya müsavatçılar arasında say-seçmə həbslər aparırdı. İki-üç ay çəkən istintaqdan sonra məhbuslar buraxılırdılar. Həmin məhbusların əksəriyyəti də sovet platformasında işləməyə, bütün qüvvələrini yeni hakimiyyətə sərf etməyə hazır olduqlarını bildirirdilər. Hətta partiyanın sol qanadını təşkil edənlər "Müsavat"ın fəaliyyətinin dayandırıldığı barədə xüsusi bəyanat da vermişdilər. Onlar güman edirdilər ki, gizli fəaliyyətdən çıxdıqdan sonra təqib olunmayacaq, respublikanın bütün vətəndaşları kimi azad surətdə yaşayıb işləyəcəklər. Lakin müsavatçıların təqibi dayandırılmadı, əksinə, sürətləndi. Bəyannamə dərc olunan günün ertəsi leqal Müsavat Partiyasının bütün üzvlərini müəyyən bəhanə ilə tutmağa, istintaq edib Baş Dövlət Siyasi İdarəsi Kollegiyası xüsusi müşavirəsinin qərarına əsasən həbs düşərgələrinə göndərməyə başladılar.

X.Məlikaslanovu da belə bir tale gözləyirdi. 1930-cu ilin əvvəlində Azərbaycan SSR XDİK-nın siyasi idarəsi tərəfindən "Azərbaycan Milli Mərkəzinin işi" üzrə ittiham olunaraq həbs edilib. 1933-cü ilin ortalarında azadlığa buraxıldı.

Bundan sonra sovet hakimiyyəti yenidən X.Məlikaslanovun istedad, bilik və bacarığından istifadə edərək ona məsul vəzifələr tapşırdı. 1933-cü il sentyabrın 1-dən, yəni həbsdən azad olunandan bir-iki ay sonra Azərbaycan Nəqliyyat İnstitutunda dəmiryolu və Azərbaycan İnşaat İnstitutunda İnşaat işinin təşkili kafedralarına rəhbərlik etdi.

O vaxtkı rejim Xudadat bəyin qol-qanadını dəfələrlə sındırmış, onu yersiz alçaltmış, nahaq yerə incitmiş, həbs etmişdi. Amma bu insanın iradəsi sınmamış, gücdən düşməmişdi. Bütün bunlardan sonra da o, Azərbaycanda magistral dəmiryolu şəbəkəsinin inkişaf planının işlənib həyata keçirilməsinə böyük töhfə vermişdir. Onun həllinə çalışdığı problemlərdən biri də şəhərdaxili nəqliyyat məsələləri idi.

Bütün bu illər ərzində Xudadat bəy qələmini də yerə qoymamışdı. O, çalışdığı sahələrə aid 70-dən çox əsər yazmışdı. Bunların arasında dəmiryolu nəqliyyatına aid 3 monoqrafiya da var idi.

Lakin Xudadat bəyin başı üzərində daim qara qüvvə, təhlükə, kabus dolaşmaqda idi. Başqa sözlə, Stalin üsul-idarəsi onu elə "nişan almışdı" ki, həmin təhlükədən sovuşmaq mümkün deyildi. Odur ki, 1934-cü ilin avqust ayında yenidən həbs olunur. Təbii ki, yenə də əsassız ittihamlarla: əks-inqilabi, millətçi təşkilatın üzvü olduğu, ideoloji cəbhədə rəhbər vəzifələri zəbt etmək niyyəti daşıdığı və xalq təsərrüfatının əsas sahələrində (neft, nəqliyyat, poçt-teleqraf) "ziyankarlıq" apardığı üçün. Ona trotskiçi, əks-inqilabçı millətçi və daha nə adlar qoymamışdılar?! X.Məlikaslanovun işi üzrə ittihamnamədə oxuyuruq: "...Antisovet təşkilatında iştirakına, Azərbaycan K(b)P MK rəhbərliyini hörmətdən salmaq üçün millətçi söhbətlərdə iştirak etdiyinə və əks-inqilabi iş apardığına görə Azərbaycan SSR CM-in 72 və 73-cü maddələri ilə cinayət məsuliyyəti daşıyır". Xüsusi müşavirənin gündəliyini Azərbaycan SSR XDİK komissarını əvəz edən baş leytenant Xoren Markaryan tərtib edir.

Həyat yolları onu ömrünün sonunda da gəncliyinin keçdiyi Rusiyaya aparır. Həbs düşərgəsində amansız işgəncələr, ağrı-acılar onu həm mənəvi, həm də fiziki cəhətdən məhv edirdi. Hər gün ona nə vaxt divan tutulacağını gözləyirdi. Bütün bunlar - insan amilini üstələyən ideoloji zorakılıq, siyasi məntiqsizlik, güllələnmə, sürgünlük şəxsiyyətə pərəstiş üzərində qərar tutan siyasi sistemin tükürpədən reallıqları idi. Beləcə 1935-ci il iyulun 23-də Xudadat bəy Məlikaslanov elə həbs düşərgəsində dünyasını dəyişir.

İllər keçdi, çox bulanıq sular axıb duruldu. 1959-cu ildə X.Məlikaslanov da bəraət aldı. Axı, heç bir günah işlətməmiş, heç bir səhvə yol verməmiş, heç bir cinayət törətməmişdi! Öz əqidəsinin, istiqlal təşnəsinin, bəlkə də istedadının, biliyinin, gücünün (!) qurbanı olmuşdu. Bədxahların, gözü götürməyənlərin, vəzifə kürsülərini özlərindən güclülərə qısqananların qəzəbinə tuş gəlmişdi?!

Deyirlər, insan var evdən gedər, insan var eldən gedər. Hər bir halda Xudadat bəy cəllad əli ilə xalqının, Vətəninin əlindən alınmış bir ziyalı idi. Bu gün onun həyatını, fəaliyyətini öyrənənlər bilirlər ki, Xudadat bəy Məlikaslanov dövlətinə, xalqına hələ çox fayda verə bilərdi. Min təəssüf! Amma hər halda o, həm insan və vətəndaş, həm də mütəxəssis və vəzifə sahibi kimi milyonlarla insana nümunə olan bir ömür yaşadı. Əqidəsindən, amalından, tutduğu yoldan dönmədi!

"Azərbaycan"