Azərbaycanda üzümçülük təsərrüfatları yenidən qurulur - VİDEO
26 Avqust 2013 12:02
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, kənd təsərrüfatının ən gəlirli sahələrindən olan üzümçülük tarixən Azərbaycanda sürətli inkişaf dövrü yaşayıb. Ötən əsrin 60-70-ci illərində ölkədə hər il 2 milyon tondan çox üzüm istehsal olunub. Lakin SSRİ-nin rəhbərliyi tərəfindən 1985-ci ildə qəbul edilmiş alkoqolizmə qarşı mübarizə tədbirləri nəticəsində üzümçülük və şərabçılığa böyük zərbə vurulub, uzun illər böyük zəhmət hesabına yaradılmış üzüm sahələri məhv edilib.
Statistik rəqəmlər hər şeyi göz önünə sərir. O zamanlar Azərbaycanda 267 min hektar üzümlük mövcud olub. Hazırda isə ölkədə cəmi 17 min hektar üzüm bağı var. Bu gün rayonlarda iqtisadiyyatın bu gəlirli sahəsinin əvvəlki şöhrətinin qaytarılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyevin Sərəncamı ilə "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi bu prosesi daha da sürətləndirib. Hazırda Azərbaycanda üzüm istehsalı 120 min ton səviyyəsindədir. Təkcə son 2 il ərzində ölkənin müxtəlif rayonlarında yüz hektarlarla yeni üzüm bağları salınıb.
Üzümçülüyün inkişaf etdirilməsi istiqamətində ən çox iş görülən rayonlar sırasında Şamaxı rayonu xüsusi yer tutur. Şamaxıda təkcə son iki il ərzində 263 hektar ərazidə yeni üzüm bağı salınıb. Beləliklə, rayonda olan üzüm sahələrinin 2000-2500 hektara çatdırılması planlaşdırılıb.
Fermer Qurbanəli Babaşov 2003-cü ildə 1 hektar olan üzüm sahəsini artıraraq, hazırda 25 hektara çatdırıb. Bu sahənin hər hektarından 25-30 ton məhsul əldə etməyi planlaşdırır. Lakin əldə eydiyi məhsulun satışından narazıdır. Mərkəzləşdirilmiş bazarın olmaması onu uzun zəhmət hesabına başa gələn üzümü dəyər-dəyməzinə satmağa məcbur edir.
Şəki də üzümçülüyün qədim məskənlərindən olub. Hələ sovetlər dövründə Şəkidə 3500 hektara qədər üzüm sahəsi mövcud olub. Sonralar bu sahəyə maraq azalıb. Amma Şəkidə üzüm bağlarının sayı yenidən artmaqdadır. Son illər üzümçülüyün inkişafı dövlət başçısı İlham Əliyevin respublikada bu sahənin inkişafı ilə bağlı dövlət proqramı qəbul etməsi ilə əlaqədar oldu. Dövlət dəstəyinin artmasıyla bağların sayı da artırılır. Hazırda Şəkidə 400 hektara yaxın üzüm sahələri var. Bu bağların əksəriyyətində isə hələlik süfrə üzümü yetişdirilir. Keçən il bağlardan 3900 ton məhsul yığılıb. Bu il rayonda məhsuldarlıq daha yüksək olub. Hazırda məhsul yığımına start verilib. Lakin satış zamanı sahibkarlar müəyyən çətinliklərlə üzləşirlər.
Zavodlar tərəfindən məhsulun qəbul edilməməsi, bazarda isə aşağı qiymətə alınması kəndliləri öz məhsullarını özləri satmaq məcburiyyətində qoyur. Əsas üzümçülük bölgəsi hesab olunan Şəki kəndinin sakinləri Yevlax-Balakən avtomagistrallarının kənarına pistaxtalar düzərək məhsullarını belə satırlar.
Bölgələrdə qiymətin aşağı olması ilk növbədə emal müəssisələrinin az olmasından irəli gəlir. Bu il ölkə başçısı tərəfindən Qəbələdə istifadəyə verilən Üzüm emalı müəssisəsi isə ölkədə bu sahənin inkişafına bir töhfə olub. İllik istehsal gücü 1 000 ton olan bu zavod bölgə istehsalçıları üçün əsas satış bazarı rolunu oynayacaq. Burada istehsal olunan məhsulların bir sıra xarici ölkələrə idxal olunması gözlənilir. Bölgələrdə bu cür müəssisələrin sayının daha da artırılması üzümçülüyün inkişafı ilə bağlı dövlət proqramında nəzərdə tutulub. Kənd təsərrüfatı naziri İsmət Abbasov da qarşıdakı 7 il ərzində ölkədə üzümçülüyün inkişafı üçün əlavə tədbirlər görüləcəyini
bildirib. Bu tədbirlər çərçivəsində ölkədə üzüm sahələrinin ümumi həcmi 50 min hektara çatdırılacaq, fermer üçün isə güzəştli şərtlərlə kreditlər veriləcək.
2012-2020-ci illəri əhatə edən üzümçülüyün inkişafı ilə bağlı dövlət proqramının icrası nəticəsində bölgələrdə sahibkarların üzləşdikləri çətinliklər aradan qaldırılacaq, Azərbaycanın üzümçülük şöhrəti geri qaytarılacaq.
Milli.Az