Azərbaycanda istehlakçıların çaşdırılması hallarının qarşısı alınıb

24 Avqust 2013 15:45
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən fiziki şəxsə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan süd məhsullarının istehsal edildiyi müəyyən olunub.

Bu barədə şənbə günü Trend-ə nazirliyin mətbuat xidmətindən daxil olan məlumatda deyilir.

Bildirilir ki, yoxlama zamanı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 84 ünvanında fəaliyyət göstərən "Amal" firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı firma tərəfindən ayranın uyğunluq sertifikatı olmadan istehsal edildiyi, habelə dovğa, qatıq, kəsmik, xama və ayran məhsullarının markalanmasında istehsal tarixinin və saxlama müddətinin göstərilmədiyi, pendirin markalanmasında isə istehsal tarixinin və saxlama müddətinin normativ sənədlərdə müəyyənləşdirilmiş müddətdən artıq göstərildiyi aşkar edilib. Bundan başqa, qatıq və dovğa məhsullarının markalanmasında enerji və qida dəyərinin müəyyən edilmiş normalardan fərqli göstərildiyi müəyyən edilib.

Markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan ümumi çəkisi 435 kq süd məhsulları satışdan çıxarılıb və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məhv edilib.

Qeyd olunanlarla əlaqədar Dövlət Xidməti tərəfindən "Amal" firması barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Milli.Az