Yaşadığı olaylarla dünyanın diqqət mərkəzində olan ərəb dünyası hələ də çalxalanmaqda davam edir. Bunun istər daxildən, istərsə də xaricdən qaynaqlanan kifayət qədər köklü səbəblərinin mövcudluğunu görmək o qədər də uzaqgörənlik tələb etmir. Hakimiyyət dəyişikliyinə məruz qalmış Tunis, Misir, Yəmən və Liviyadan sonra böyük təlatümlər Suriyanı da əhatə etdi. Lakin son günlər Misirdə baş verən qanlı hadisələrdə böyük insan tələfatının olduğunu nəzərə aldıqda bütövlükdə, proseslərin idarəolunmaz vəziyyətə gəldiyi və xaosun "oturuş"duğu qənaətinə gəlmək olar.
Misir ordusu adıçəkilən ölkənin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarlarının etiraz nümayişlərini dağıtmaqda davam edir. Etirazçıları dağıtmaq üçün hərbi texnika və odlu silahdan istifadə edilir. Qeyri-rəsmi məlumata görə, Qahirənin Rabia Al-Adaviya meydanında keçirilən nümayişlər, eləcə də digər şəhərlərdə mitinqlərin dağıdılması zamanı indiyə qədər 4000-ə yaxın insan həyatını itirib, 10 minə yaxın insan isə yaralanıb. Rəsmi məlumatlarda isə qarşıdurma nəticəsində 660-dan artıq insanın öldüyü, 3 mindən artıq insanın isə yaralandığı bildirilir. İslam Alimlər Birliyi bütün müsəlmanları Misirdə Məhəmməd Mursinin tərəfdarlarının qətlinə etiraz olaraq onlara qoşulub dəstək verməyə çağırıb. Misirin vitse-prezident Məhəmməd əl-Baradei isə qarşıdurmalardan sonra öz postundan istefa verib.
Qeyd edək ki, Məhəmməd Mursinin tərəfdarları onun yenidən prezident vəzifəsinə gətirilməsi və Konstitusiyanın bərpa edilməsi tələbi ilə etiraz aksiyaları keçirirlər. Xatırladaq ki, iyulun 26-da Misir məhkəməsi aparılan araşdırma çərçivəsində ölkənin ordu tərəfindən devrilmiş prezidenti Məhəmməd Mursiyə 15 sutkalıq həbs cəzası verilməsi barədə qərar qəbul edib. Məhkəmə Mursini HƏMAS hərəkatı ilə əməkdaşlıq etməkdə, həmçinin 2011-ci ildə inqilab zamanı həbsxanadan qaçışda təqsirli bilib. Misirin müvəqqəti hökümətinin devrilmiş prezidentin tərəfdarlarına qarşı etdiyi təmizləmə əməliyyatından sonra yüzlərlə insan ölməsi ölkədə fövqəladə vəziyyət yaradıb.
Misir polisi Qahirədə "Əl-İman" məscidinə də hücuma keçib. Bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb. Xəbərə görə, "Müsəlman qardaşlar"ın Rabiə əl Ədəviyyə meydanındakı düşərgəsi dağıldıqdan sonra onlar məhz adıçəkilən məsciddə toplaşıblar. Bundan əvvəl isə bildirilmişdi ki, "Müsəlman qardaşlar" hərəkatının nümayəndələri bu məscidə şəxsiyyəti məlum olmayan 260 meyit gətiriblər.
Əlbəttə ki, az qala sunami effektini xatırladan ərəb dalğasının Misiri çalxalaması təkcə daxili səbəblərlə şərtlənmir. Ərəb aləmində hadisələrin kifayət qədər qızğın müstəvidə cərəyan etməsini körükləyən kənar qüvvələrin mövcudluğu da Misirdə vəziyyətin gərginləşməsinə əlavə təkan sayıla bilər.
Misirdə baş verən qanlı olaylara dünya birliyinin reaksiyası o qədər də ciddi təsir bağışlamır. ABŞ prezidenti Barak Obama Misirdə baş verən zorakılıqları şiddətlə qınayıb və ayın sonu üçün planlaşdırılmış birgə hərbi təlimləri ləğv edib. O deyib ki, zor tətbiq etmək - siyasi fikir ayrılıqlarını həll etməyin yolu deyil. Avropa Birliyi dövlətləri digər ərəb ölkələrindən fərqli olaraq, Misirdə baş verənlərə kəskin münasibət bildirməyə o qədər də meylli görünmürlər. Ekspertlərin fikrincə, Misir xalqının yanında yer alan ölkə Türkiyədir. Ona görə də Qərb dövlətləri daha da çox Türkiyəni bütövlükdə ərəb dünyası ilə üz-üzə qoymaq və zəiflətmək barədə düşünürlər. Amma qardaş ölkənin rəhbərliyi bu məkrli planları başa düşərək zamanında hadisələrə operativ reaksiyalar verir.
Türkdilli Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının avqustun 15-də Qəbələdə keçirilən iclasında Misirdəki vəziyyətlə bağlı Bəyanat qəbul olunub. Bəyanatda deyilir: "Biz Misirdə davam edən nümayişlərə cavab olaraq gücdən istifadə nəticəsində insanların həyatını itirməsi və yaralanmasından təəssüflənirik. Hesab edirik ki, mülki şəxslərin həlak olması qəbuledilməzdir. Öldürülən şəxslərin ailələrinə başsağlığı veririk, eyni zamanda, yaralanan şəxslərin tam və tezliklə sağalmasını arzu edirik. Biz ölkədə barışın həyata keçirilməsinə zəruri ehtiyacın olduğunu vurğulayır və təhlükəsizlik, demokratiya və sabitliyin bərpa olunmasına çağırırıq".
Əlbəttə ki, Misirdə baş verən hadisələrə ABŞ, Rusiya və bəzi Qərb dövlətlərinin rəsmilərinin "qınaq"dan o tərəfə getməyən reaksiyaları bütövlükdə fövqəlgüclərin islam dünyasına yönəlik siyasətlərində "çoxstandartlıq" meyarından istifadə etdiklərini sübuta yetirir. Necə olur ki, İraqda, Əfqanıstanda, Liviyada baş verənlər "qlobal" məsələyə çevrilərək hərbi müdaxilə ilə sonuclanır, lakin hər gün yüzlərlə günahsız insanların öldürüldüyü Suriya, Misirdə baş verənlər isə həmin ölkələrin "daxili işi" kimi təqdim edilir. Fövqəlgüclər yeni dünya nizamında təbii ehtiyatları ilə zəngin olan ölkələrlə, nisbətən təbii sərvətləri "rentabelli" olmayan dövlətlərə münasibətdə sərgilədikləri mövqe bu baxımdan başa düşüləndir. Yəni insan amili bu gün həmin dövlətlərin "maraqları" xaricindədir. Bu prizmadan məsələyə yanaşdıqda Misirdə baş verənlərin taleyin hökümünə buraxılmasını da başa düşmək o qədər də çətin deyil.
Misirdə xalqa deyil, hərbi xunta rejiminə arxalanan hökumət cəmi iki ay hökm edə bildi. Soyuq müharibə dövrünü yaşamaq istəyənlər anlamalıdırlar ki, xalqa arxalanmadan, xalqın maraqlarına xidmət etmədən çevrilişlər yolu ilə hakimiyyətə gəlmək mümkün olsa da, hakimiyyətdə qalmaq olmaz. Nə Suriyadakı kimi Rusiyanın, nə də Misirdəki kimi Qərbin və ABŞ-ın maraqları deyil, ancaq xalqın maraqlarına xidmət edən iqtidarlar hakimiyyəti qoruya bilər.
İki ay öncə Misirdə hərbi çevrilişə dəstək verən Qərb, ABŞ bu gün əks qütblü tərəfləri, hərbi çevrilişlə hakimiyyətə gələnləri və hərbi çevrilişlə də hakimiyyətdən uzaqlaşdırılan Məhəmməd Mursinin tərəfdarlarını dialoqa çağırırlar. Misir xalqına qarşı bu gün ordu tərəfindən odlu silahlardan atəşin açılması demokratik dəyərlərin qurşunlanmasıdır.
Xalqa atəş açmaqla, xalqı qorxutmaqla hakimiyyətdə qalmağın artıq son 10-15 ildə mümkün olmadığı öz təsdiqini tapıb. Soyuq müharibə dövrü artıq 90-cı illərin əvvəllərində bitib. Xalqının yanında olan iqtidarlar öz hakimiyyətlərini bir daha təsdiq edə bilirlər. Seçki yolu ilə hakimiyyətə gələnlər yalnız seçki yolu ilə hakimiyyətdən gedə bilərlər.
Hər bir xalqın taleyində ağrılı günlər, hətta dövlətçiliyini belə itirmək təhlükəsi ilə üzləşdiyi tarixi məqamlar olur. Ancaq həmin zaman kəsiyində hakimiyyətdə xalqın dəstəklədiyi iqtidarın olması ölkənin başı üzərində dolaşan qara buludları dəfə etməyə imkan yaradır. Xatırladaq ki, 1991-1992-ci illərdə faktiki olaraq müəyyən xarici qüvvələrin dəstəklədiyi silahlı qruplaşmalar respublikamızın da yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, vətəndaş müharibəsinə, Azərbaycanın ayrı-ayrı bölgələrə parçalanmasına çalışırdılar. Belə bir şəraitdə müstəqil Azərbaycan dövlətinin mövcudluğu bir növ formal xarakter daşıyırdı. Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikanın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Heydər Əliyev tarixi sınaq anında üzərinə düşən missiyanın öhdəsindən uğurla gəlməsi, sözün həqiqi mənasında, Milli Qurtuluşa nail olması da onun xalqla mənəvi birliyinin nəticəsi sayılmalıdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu humanist və insanpərvər siyasət ötən 10 ildə uğurla davam etdirilir. Hər bir azərbaycanlının Prezidenti olduğunu ilk gündən bəyan etmiş cənab İlham Əliyev daxili siyasətdə ifrat radikalizmin, qarşıdurma meyllərinin aradan qaldırılmasına, iqtidarla müxalifət arasında sivil siyasi rəqabətin, demokratik seçki mübarizəsinin formalaşmasına çalışır. Tarix sübut edir ki, yalnız demokratik seçki yolu ilə hakimiyyəti dəyişmək təcrübəsi özünü doğruldur.
Misir xalqı da qədim tarixə, dövlətçiliyə malik olan böyük xalqdır və belə situasiyalardan ən optimal çıxış yolu taparaq yenidən inkişaf dövrünə qədəm qoyacaq.
Baba TAĞIYEV,
"İrəli Azərbaycan!" İctimai Birliyinin sədri, sabiq millət vəkili
www.babatagiyev.com
www.babatagiyev.az