Qeyri-adi Laraki Epitome: iki çən, iki yanacaq - FOTO

21 Avqust 2013 22:00
Qeyri-adi Laraki Epitome konseptini hər il Kaliforniyada keçirilən Monterey Car Week festivalında Əbdüslam Laraki (Abdeslam Laraki), Mərakeş şirkətinin banisi və modelin dizayneri özü təqdim edib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, avtomobil üçün şassi C6 Corvette-dən götürülüb. Kuzov panelləri karbon lifindən istehsal edilib. Avtomobilin mühərriki də Corvette-dən götürülüb - bu təkmilləşdirilmiş 7-litrlik V8 aqreqatıdır. Tamamlama işləri və iki turbokompressorun quraşdırılması nəticəsində zəhmli mühərrikdən 1200 at gücü çəkib-çıxartmaq mümkün olub. Amma güclə bağlı məzələr bununla bitməyib. Avtomobil bir deyil, iki benzin çəni ilə təchiz edilib. Birinci çənə adi benzin, ikinciyə isə 110 oktalı benzin doldurulur.

Salonda xüsusi düymə var, onun basılması ilə mühərrik yüksək oktanlı yanacaqla qidalanmağa başlayır və güc 1750 a.g-dək artır. Belə güc ehtiyatına sahib olan kupenin çəkisi cəmi 1180 kq-dır. Lakin dinamik xüsusiyyətlər və başqa detallar hələ ki, naməlum qalır.

Laraki Motors 2015-ci ildə az seriya ilə cəmi 9 nüsxə Epitome Concept buraxmağa hazırlaşır. Avtomobillərin hər birinin qiyməti $2 milyon olacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.