"Azərikimya"nın məşəl qülləsi alovlanacaq

10 Sentyabr 2010 14:00
Qurumun mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, EP-300 kompleksinin əsas və mürəkkəb qurğularından olan, 125 metr hündürlükdəki məşəl qurğusunun başlıq hissəsində yerləşən 3 iri məşəl qazanı yenisi ilə əvəz olunub. Qazneytrallaşdırıcı buxar boruları təzələnmiş və izolyasiya işləri aparılıb.

Sınaq-sazlama işləri başa çatdırıldıqdan sonra məşəl qurğusu işə salınaraq yandırılmış, quruducuların regenerasiya işlərinə başlanılıb.

Qeyd edək ki, bir növ mayak rolunu oynayan, həmçinin kimya müəssisələrinin fəaliyyətdə olduğunu bildirən məşəl qülləsinin yenidən alovlanması Etilen-polietilen zavodunda aparılan əsaslı təmir işlərinin artıq başa çatmasından, müəssisənin əsas texnoloji avadanlıqlarının iş ahənginin bərpasından və yaxın günlərdə öz istehsalat fəaliyyətini daha səmərəli şəkildə davam etdirəcəyindən xəbər verir. Zavodun iki böyük kompleksinə - "EP-300" və "Polimir-120" istehsalat sahələrinə daxil olan 10-a qədər sexdə aparılmış əsaslı təmir işləri müəssisənin bütün sahələrini əhatə etmişdir. Bütün rektifikasiya kalonları, kompressorlar, istilikdəyişdiricilər, eləcə də digər avadanlıq və qurğular ilk günlərdən etibarən diqqətlə təftiş olunaraq təmir olunub, istismara tam yararsız olanlar isə yenisi ilə əvəzlənib.

O cümlədən, təmir zamanı mürəkkəb konfiqurasiyaya malik 100-ə yaxın istilikdəyişdirici yenilənib, qalanı isə Birliyin Mexaniki-təmir zavodunda təmir olunaraq quraşdırılıb. "EP-300" istehsalat kompleksinin ahəngdar işləməsində xüsusi əhəmiyyətə malik 4 turbokompressor əsaslı təmir edilib, boru xətləri isə təmizlənib. M-1 turbokompressorunun pillələrarası sistemlərinə polimerləşmənin qarşısını almaq üçün xüsusi reagentlərin verilməsi məqsədilə dozalaşdırıcı nasoslar quraşdırılıb, boru xətləri çəkili, reaktorlar, katalizatorlar, quruducular, siolitlər dəyişdirilib.

Bundan başqa, su hazırlanması şöbəsində süzgəclərdə anionit və kationitlər dəyişdirilib, susoyuducu kompleks əsaslı təmir edilib, Ceyranbatan su anbarından gələn texniki suyun təmizlənməsi qurğusu quraşdırılıb. Eyni zamanda Birliyin bir sıra sexlərində böyük həcmdə izolyasiya işləri görülərək başa çatdırılıb. Qazların sıxılması sexindəki istiliksaxlayıcılarda, piroliz sexindəki buxar xətlərində, digər avadanlıq və texnoloji xətlərdə izolyasiya işləri də sona çatmaq üzrədir. Yaxın günlərdə təlimata uyğun ardıcıllıqla xammal qəbul ediləcək, texnoloji rejim nizam¬landıqdan sonra əsas və yan məhsulların alınması ilə Etilen-polietilen zavodu yenidən fəaliyyətə başlayacaq.

Milli.Az