Bakıda yun işi: "Onlarsa üz qızardır"

15 Avqust 2013 14:34
Yayın qızmar günlərində xanımların ən çox diqqət yetirdiyi və axtardığı şeylərdən biri də yundur. Yun yay aylarında alınıb, çırpılıb, döşək və yorğan düzəldilməsi üçün ideal bir materialdır. Keyfiyyətli yorğan-döşək üçün keyfiyyətli yunun da seçilməsi vacibdir. Yunu yundan ayırmağısa yaşlı nənələr yaxşı bacarırlar. Qadınların çoxu istər cehizlik, istərsə də özləri üçün yorğan-döşək hazırlanmasında da yaşlılara etibar edirlər.

Zabratda bir məkan var. Yun çırpmaq, döşək salmaq buradakı nənələrin həm qazanc yeri, həm davam etdirdikləri sənətləridir. Burada sifarişlə yoğan-döşəklərin salınması, köhnə döşəklərin yenilənməsi, üzlənməsi, yunların dəyişdirilməsi, naxışlı yorğanların hazırlanması mümkündür. Döşək salan Gilas nənə deyir ki, gənclik illərindən bu işlə məşğuldur. Öz cehizlik döşəkləri də öz əlinin məhsulu olub. "Lənkəranda döşək ustası idim. Mənim əlimdən çıxan yorğan-döşəyin artıq-əskiyi ola bilməzdi. 40 il orada işləmişəm. Neçə-neçə qız-gəlini yola salmışam əl işlərimlə. 6 qızımın hamısının yunla olan bütün işləri mənim əlimdən keçib" deyən həmsöhbətimizin sözlərinə görə, onu Bakıya qızları gətiriblər. "Mən də elə həyətimizin qadınları ilə bu işə başladım. 6 ildir. İşimiz pis getmir. Sifarişlərimiz boldur".

Gilas nənə deyir ki, bir sifariş bir həftə çəkir. Çünki onlar işlərini neçə gəldi görmürlər. İşin sirri isə yundur: "Yaxşı yorğan-döşək istəyən adama yunun yerini deyirik. Getsin, oradan alsın. Biz də bilək ki, əlimizin əməyi zaya getməyəcək. Elə yun gətirirlər ki, o yun yuyulduqdan sonra ələ-ovuca gəlmir. Axırda gəlib keyfiyyətli iş tələb edirlər. Əvvəl çalışırdıq düzəldək. İndi yamaq iş görmürük. Sağlam yun gətir, gözəl yorğan apar".

İş prosesindən danışan Gilas nənənin sözlərinə görə, birinci növbədə yunu yuyub onu setkaya sərir, sonra qurudub çırpırlar. "Keyfiyyətli yun olanda setkadan aşağıya az zibil düşür. Keyfiyyətsiz yun olanda setkada yun qalmır. Çırpılan yunu sonra yığıb sırımağa başlayırıq".

Çoxu fikirləşir ki, qalın yorğan-döşəklər keyfiyyətlidir. Amma müsahibimiz bunun belə olmadığını bildirir. Deyir ki, ağır və qalın olan yorğan-döşək bir qəpiklik deyil. "Döşək və yorğanı ovuc içində sıxanda büzülüb ovucda qalmamalıdır. Möhkəm olmalıdır" deyən Gilas nənə satışda olan pambıq döşəklərin də əksəriyyətinin keyfiyyətsiz olduğunu bildirib. "Onlar ucuz olmaqla yanaşı, üz qızardır. İki dəfə üstündə yat, apar at".

Gilas nənənin dediyinə görə, yuyulmuş yunu sonuncu dəfə yaxalayanda suya naşatır spirti tökülsə, yun yumşaq olar və tez çırpılar. "Yun çırpılmaq üçün bir qədər nəm olmalıdır. Yun çırparkən naşı adamların əlində qabar əmələ gəlir. Nəm yundan yorğan-döşək sırımaq olmaz, çünki tezliklə yaprıxar və iy verər".

Yasamal bazarında istənilən növ, istənilən formada yunlar var. Kisələrə yığılan yunlar isə qiymət baxımından fərqlənir. Satıcı Anardan yunlar haqqında soruşuruq. Deyir ki, çirkli yun almaq istəyirsinizsə 1 kilosu 2 manat 50 qəpik - 4 manatdır. Təmiz yunun qiyməti isə 6-8 manat arasıdır: "Çirkli yun qoyundan qırxılan kimi bazara gətirilən yundur. Onu təmizləmək zülm olur. 1 kilo alırsan, 400 qram qalsa, şükür elə. Təmiz yun isə yuyulub təmizlənir, 1 kilo alırsan 50 qram o yan-bu yan olar. Maddi baxımdan irəli düşmək istəyənlər əksinə geri düşmüş olur".

Qoyun bir qayda olaraq iki dəfə, nadir hallarda il pis gəldikdə bir dəfə qırxılır. Qırxım dövrü iqlim şəraitilə əlaqədardır. Qırxım aran yerlərdə tez, dağ yerlərində nisbətən gec başlanır. Qırxım yaz və payızda aparılır. Qırxımı çobanlar özləri aparır. Bəzən də köməkçilər çobanın və ya sürü sahibinin qohum-əqrəbasından olur. Qırxım qırxıq aləti vasitəsilə aparılır. Hər bir qırxımçı gündə 20-30 baş, təcrübəli qırxımçılar isə 40 başa qədər qoyun qırxa bilər. Yaz qırxımı sürülər yaylağa aparılmazdan əvvəl, payız qırxımı isə sürülər yaylaqdan qışlağa dönən vaxt aparılırdı. Yaz yunu daha keyfiyyətli və toxuculuq üçün əlverişli sayılır. Xalq arasında "yapağı" payız yunu, "güzəm" yaz yunu adlanır. Bir qayda olaraq, qoyunun qırxılığa düşüb ölməməsi üçün onu ac olan zaman qırxırlar.

Mütəxəssislər hesab edirlər ki, yun yorğan-döşək sağlamlıq üçün də əlverişlidir. Terapevt Məlahət Abbasovanın sözlərinə görə, yundan hazırlanmış yorğan-döşək beli və kürəkləri əyilməkdən, ağrımaqdan qoruyur. "Son zamanlar pambıq, sintefon və müxtəlif süni materiallardan yorğan-döşgklər daha çox istehsal edilir. Satılan yorğan-döşəklərin 80 faizi süni materiallardan hazırlanır. Yundan isə kənd yerlərində yorğan-döşək hazırlanır. Buna görə də kənd insanı sağlam olur. Səhər yuxudan ayılanda belinin-boynunun ağrısından şikayətlənmir. Təbii ki, yundan hazırlanmış yorğan-döşəklər sağlamlıq üçün daha xeyirlidir".

Ekspress.az