"Azərbaycanda sıradan matç yoxdur"

14 Avqust 2013 12:20
"Azərbaycan Premyer Liqasında 10 komanda 4 dövrədə oynayır. Bununla, zəif komandalar kənarda qalıb və sıradan hansısa matç yoxdur". Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, bu fikirləri "Qəbələ"nin rusiyalı baş məşqçisi Yuri Syomin "Sport-Ekspress" qəzetinə müsahibəsində deyib.

Ölkəmizdə debütünü uğurla edən təcrübəli mütəxəssisin komandası 2 turdan sonra topladığı 6 xalla liderlər qrupunda qərarlaşıb.

Təəssüratlarını bölüşən 66 yaşlı çalışdırıcı Azərbaycanda keyfiyyətli meydançalarda oynadıqlarını bildirib: "Bu, həm təbii, həm də sintetik qazonlardır. Ötən mövsümün güclüləri "Neftçi" ilə "Qarabağ" olub ki, "Qəbələ" hazırda onlarla birgə ilk 3 yeri bölüşdürür. Komandamız ötən çempionatı 6-cı yerdə bitirib, ancaq indi qarşısına Avropa kuboklarına çıxmaq vəzifəsini qoyub. 10 yeni futbolçu götürmüşük. Bunlar əsasən gənc, perspektivli futbolçulardır".

Heyətlə bağlı da məlumat verən baş məşqçi komandadan razıdır: "Hərçənd, hazırlığa cəmi 1 ay ayrılmışdı, komanda düzəlir. Donetsk "Metallurq"undan dəvət olunan braziliyalı Leonardo, hollandiyalı Ebeselio özünü yaxşı göstərir. Sonuncu "Ayaks" məktəbini keçib. Həmçinin, rusiyalı azarkeşlərə "Kuban"dan çıxışı ilə tanınan nigeriyalı Afolabi yaxşı təsir bağışlayır".

Milli.Az