"Çökək hamam"da təmir-bərpa işləri davam edir

13 Avqust 2013 17:45
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncədə XVII əsrdə memar Şeyx Bahəddin Məhəmməd Amilin inşa etdiyi qədim "Çökək hamam"da təmir-bərpa işləri davam edir. Restavarsiya işlərinə türkiyəli mütəxəssislər də cəlb olunublar.

Hamam 1606-cı ildə memar Şeyx Bahəddinin layihəsi əsasında tikilib. Binanın tikintisində yumurta ağı ilə gil-əhəng, yəni gəc qarışığından və qırmızı kərpicdən istifadə edilib. Burada mömin müsəlmanlar pak olduqdan sonra məscidə daxil olub ibadətlə məşğul olublar. Tikili 2 kümbəzlidir və ölkə əhəmiyyətli tarixi abidələr siyahısına salınıb. Hamamın keçmişdə şamla isidilməsi iddia edilir. Gəncə Regional Elmi Mərkəzin direktor müavini Samir Pişnamazzadə isə bildirib ki, bu, reallığı əks etdirmir.

Samir Pişnamazzadə: "İsitmə sistemi haqqında bir çox şayiələr gəzir. Bəzən bu hamamı İsfahanda Şeyx Bahəddinin inşa etdiyi və bir şamla isidilən hamamı səhv salırlar. O hamam İsfahanda olub. Su isə hamama kəhriz quyularından gəlib".

Hamamın tikilişi olduqca maraqlıdır. Onun "Çökək hamam" adlandırılması texniki quruluşdan irəli gəlir. Suyun təzyiqini təmin etmək üçün bu hamamı çökəkdə inşa ediblər, tikilinin altında olan zirzəmi isə qızdırıcı soba rolunu oynayır. Belə ki, su qızdırılan zaman qazanın altında yandırılan odunun tüstüsü zirzəmiyə yönəldilir, buxar vasitəsi ilə hamamın altının və divarlarının qızdırılması təmin edilirdi. Hazırda türkiyəli mütəxəssislər bu mürəkkəb sistemli hamamın üzərində orijinallığı qoruyaraq təmir- bərpa işləri aparırlar.

Restavrator Coşqun Ceylan: "Biz 400 illik hamamın bərpası üçün burdayıq. Restavrasiya zamanı tarixi orijinallıq pozulmur. Bərpa işləri köhnə kərpiçlə aparılır. Eyni zamanda daxilə suların daxil olmaması üçün izolyasiya işləri də aparırıq".

Xatırladaq ki, Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə "Çökək hamam"la yanaşı, şəhərdə mövcud qədim Karvansaray da yenidən bərpa olunur. Hər iki abidədə restavrasiya işlərini tezliklə yekunlaşdırmaq nəzərdə tutulub.

Abidənin erroziyaya uğrayan hissələri, həmçinin dam örtüyü, demək olar ki, yenidən bərpa olunur. Bildirək ki, abidənin restavrasiyasında qədimdə istifadə edilən tikinti materiallarının oxşarından istifadə edilir.

Milli.Az