ADA İxtisasartırma Proqramları Texasın nüfuzlu universitetlərinin nümayəndələri üçün təlim keçəcək

13 Avqust 2013 11:27
Azərbaycan Diplomatik Akademiyası İxtisasartırma Proqramları (ADA Executive Programme) Dövlət Neft Şirkəti və AFAZ-ın (Assembly of the Friends of Azerbaijan) maliyyə dəstəyi ilə ABŞ-ın Texas ştatının nüfuzlu universitetlərinin nümayəndələri üçün "Azərbaycanşünaslıq" adlı təlim proqramına başlayıb.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Diplomatik Akademiyasından bildirilib.

Proqramda Texas Universiteti (Austin, Dallas), Texas Neft və Qaz Assosiasiyası, Hyuston Universiteti, C.T.Bauer Biznes Kolleci, Texas Dövlət Universiteti və Texas A&M Universitetinin professor, tələbə və administrativ heyəti iştirak edəcək.

12-15 avqust tarixlərində həyata keçiriləcək proqram çərçivəsində iştirakçılar Azərbaycanın iqtisadi, siyasi və ictimai vəziyyəti, o cümlədən tarix və mədəniyyəti ilə tanış olmaq imkanı əldə edəcəklər. Proqram təlimçiləri arasında ADA-nın professor heyəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yüksək rütbəli nümayəndələri və parlament üzvləri olacaq.

Kifayət qədər zəngin və hərtərəfli proqram gündəliyinə Azərbaycanın regional və xarici siyasət prioritetlər, Dağlıq Qarabağ münaqişəsi, Avro-Atlantik inteqrasiya, enerji təhlükəsizliyi və Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar mövzularında seminarlar da daxildir. Təlim çərçivəsində iştirakçılar eyni zamanda Azərbayanın tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmaq üçün müxtəlif şəhər və muzey turlarında iştirak edəcəklər.

ADA İxtisasartırma Proqramının rəhbəri xanım Aygün Hacıyevanın verdiyi məlumata görə, 2007-ci ildən fəaliyyətə başlayan ADA İxtisasartırma Proqramları bu günə qədər 700 Azərbaycanlı dövlət qulluqçusu və diplomat, o cümlədən 120 xarici dövlət rəsmiləri və Bakıda fəaliyyət göstərən 60 şirkətdən 260-a qədər orta və baş menecerlərə təlim keçib.

Milli.Az