Hamilə qalmaq istəyənlərə telefon kömək edəcək

11 Avqust 2013 20:18
Tanınmış amerikalı veb ustası, Paypal elektron ödəniş sisteminin yaradıcılarından biri Maks Levçin (Max Levchin) avqustun 8-də bazara iPhone üçün yeni proqram əlavəsi çıxarıb.

Milli.Az Lenta.ru-ya istinadən bildirir ki, yeni proqram əlavəsi qadınlara və onların həyat yoldaşlarına ailə planlamasında kömək edəcək, hamilə qalmaq üçün hansı günün daha uyğun olmasını hesablayacaq.

Glow əlavəsinin yaradıcıları bildirirlər ki, sistemin düzgün çalışması üçün qadın oraya müəyyən informasiyanı daxil etməli və gündəlik olaraq yeniləməlidir. Gündəlik informasiyaya rektal temperatura, qəbul edilən vitaminlər barədə məlumatlar və s. daxildir. Əlavənin yaradıcıları deyirlər ki, yaxın zamanda hər gün məlumatların hamısını əllə daxil etmək lazım gəlməyəcək, Glow özü bunları avtomatik olaraq digər elektron cihazlardan oxuyacaq. Glow gün ərzində 9-dan 15-dək parametri analiz edə bilir.
 
"Fertilliyin (nəsil artırma qabiliyyəti) səviyyəsinə müxtəlif amillərin mürəkkəb qarışığı təsir edir - stress, yaş, qida, səfərlər, yaşayış yeri və s., - Levçin deyib. - Bizim məqsədimiz maksimum fərdiləşdirilmiş proqramın təyin olunmasıdır".

Məlumatları yerləşdirəndən sonra ekranda hamilə qalmaq şansının sıfır olduğu günlərin qeyd olunduğu təqvim peyda olur. Bundan başqa, Glow həm qadına, həm də yoldaşına fertilliyin artırılması üçün fərdi məsləhətlər də təqdim edir.

Glow servisinə əlavə olaraq Levçin və partnyorları qeyri-kommersiya Glow First fondu da yaradıblar. Bu fond sonsuz ailələrə müalicə xərclərini ödəməyə kömək edəcək. Könüllülərə 10 ay ərzində fonda hər ay 50 dollar keçirmək təklif edilir. 10 ay ərzində Glow-dan istifadə edib, təbii yolla uşaq sahibi ola bilməyənlərə bu fonddan sonsuzluğun müalicəsi üçün pul ayrılacaq. İlk olaraq Levçin özü fonda 1 milyon dollar keçirib.

Glow layihəsi üçün Levçinin şirkəti müxtəlif fond və fərdi sərmayədarlardan təxminən 6 milyon dollar yığa bilib.

Milli.Az