Bakıda pul siyasəti ilə bağlı seminar keçirilir

7 Sentyabr 2010 15:38
Azərbaycan Mərkəzi Bankı ilə Böyük Britaniyanın Mərkəzi Bankının ("Bank of England") Mərkəzi Bankçılıq Tədqiqatlar Mərkəzinin (CCBS) birgə layihəsi çərçivəsində sentyabrın 9-dək  davam edəcək seminarda pul siyasəti və maliyyə sabitliyi arasındakı qarşılıqlı əlaqə, pul siyasətinin transmissiya mexanizmi və pul siyasəti, maliyyə köpuyü və prudensial idarəetmə kimi məsələlər müzakirə edilir.

Seminarın açılışında  çıxış edən Mərkəzi Bankın sədr müavini Xəqani Abdullayev ölkənin  iqtisadi siyasətindən danışaraq bildirib ki, Azərbaycan 2009-cu ildə  qlobal-iqtisadi böhrana qarşı preventiv tədbirləri müvəffəqiyyətlə həyata keçirib. O, həmçinin qeyd edib ki, post böhran şəraitində dünya mərkəzi bankları qarşısında yeni çağırışlar yaranıb. Başlıca vəzifələrdən biri pul siyasəti dizaynının təkmilləşdirilməsi və prudensial  idarəetmənin makroiqtisadi səmərəsinin artırılmasıdır.

Qeyd edək ki, tədbir pul siyasəti, maliyyə sabitliyi və bazar  əməliyyatları sahələrini təmsil edən orta menecment və təcrübəli peşəkarlar üçün nəzərdə tutulub. Seminarda Rusiya, Türkiyə, Gürcüstan, Litva və Azərbaycan Mərkəzi Bankının nümayəndələri iştirak edirlər.

Milli.Az